Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Bəyannaməsi üç qardaş ölkənin təhlükəsiz inkişafına təkan olacaq

 

Bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şəntop və Əsəd Qeysər arasında imzalanmış Bakı Bəyannaməsi çox mühüm sənəddir və bu üç ölkənin bütün sahələrdə əməkdaşlığının gücləndirilməsini, qarşılıqlı dəstəyin artırıl­masını nəzərdə tutur. Ölkəmizin ictimaiyyəti yaxşı bilir ki, çətin zamanlarımızda qardaş Türkiyə həmişə Azərbaycanın yanında olub. Bu, 44 günlük Vətən müharibəsi dövründə özünü daha bariz şəkildə büruzə verib. Həmin müddətdə Azərbaycan ən çox Türkiyə və Pakistandan, eləcə də Əfqanıstandan mənəvi dəstək görüb.

Dost və qardaş ölkələrin bu dəstəyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib. Prezident 4 mart 2021-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn formatda keçirilmiş XIV Zirvə toplantısındakı nitqində də bu məsələ üzərində geniş dayanaraq bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti olduğu bütün müddətdə Azərbaycana davamlı dəstək göstərib və bu, Azərbaycan torpaqları­nın işğaldan azad edilməsində mühüm rol oy­nayıb. Prezident İlham Əliyev deyib: “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində de­yil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasın­da çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir”.

Türkiyə Prezidentinin bu ilin iyununda Şuşaya səfəri və burada iki ölkə liderinin Şuşa Bəyannaməsini imzalaması böyük tarixi hadisə kimi dəyərləndirilib. Təbii ki, Türkiyə bu gün də Azərbaycana dəstəyini davam etdirir.

Azərbaycanın dövlət başçısı ötən il sent­yabrın 27 və 28-də – müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstanın da Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırdıqlarını və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etdiklərini bəyan edib. İlham Əliyev bu böyük dəstəyə görə hər üç ölkənin liderlərinə, eləcə də müharibə dövründə bizi dəstəkləmiş digər dövlət və hökumət başçılarına təşəkkürünü bildirib.

Bu gün Azərbaycan xalqı əmindir ki, Azərbaycan, Türkiyə və Pakistanın parla­ment sədrləri arasında imzalanmış Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımızın qar­şılıqlı faydalı əməkdaşlığının inkişafına yeni böyük töhfələr verəcək. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop da deyib ki, Bakı Bəyannaməsi üç ölkənin beynəlxalq plat­formalarda birlikdə hərəkət etməsini nəzərdə tutur. Qeyd etməliyik ki, indiyədək Azərbaycan deputatlarının olmadığı beynəlxalq tədbirlərdə Türkiyə deputatları Azərbaycanın, Türkiyə millət vəkillərinin olmadığı platformalarda isə Azərbaycan deputatları Türkiyənin maraqlarını müdafiə ediblər. Şübhəsiz ki, bundan sonra bu üç qardaş ölkənin ən müxtəlif səviyyəli təmsilçiləri beynəlxalq platformalarda, eləcə də regional əməkdaşlıq çərçivəsində bir-birinə yaxından dəstək verəcəklər. Bu isə qardaş ölkələrin həm təhlükəsizliyinin qorunmasını, həm də inamlı iqtisadi inkişafını təmin edəcək.

Ələşrəf NİFTİYEV,

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

5 Avqust 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə