Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlament sədrlərinin üçtərəfli görüşünün Bakıda keçirilməsi ölkəmizin reytinqinin yüksəlməsinin göstəricisidir

 

Son illər respublikamzın dünya birliyindəki mövqeyi getdikcə möhkəmlənir. Ötən il noyabrın 10- da Azərbaycanın Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməsi ölkəmizin reytinqini daha da möhkəmləndirdi. Dünya güclərinin 30 il ərzində həll edə bilmədiyi münaqişənin 44 gün ərzində nizamlaması və Ermənistanı diz çökdürməsi Azərbaycan Ordusunun dünyanın ən güclülərindən biri olduğunu təsdiqlədi.

Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanın və onun rəhbərinin təşəbbüsləri beynəlxalq aləmdə dəstəklənir və qəbul olunur. Ötən günlərdə bir daha bunun şahidi olduq. Bakıda reallaşan Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli formatda görü­şü ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasının daha bir göstəricisidir. Azərbaycan parlamentində belə bir tədbirin keçirilməsi tarixi hadisədir. Uzun illərdir üç ölkə arasında mövcud olan münasibətlər və əməkdaşlıq xalqlarımızın qardaşlıq əlaqələrinin, qarşı­lıqlı hörmət və etimadının nümunəsidir. Bu əlaqələr dəfələrlə zamanın sınaqlarından uğurla çıxaraq bugünümüzə qədər qoru­nub saxlanılır və getdikcə bütün sahələri əhatə edir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən hadisələr ölkələrimiz arasında mövcud olan strateji müttəfiqlik münasibətlərini getdikcə gücləndirmiş, xalqla­rımızı bir – birinə daha da yaxınlaşdırmışdır.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində 2020-ci il Azərbaycanın dövlətçilik tarixinə şanlı Zəfər ili kimi daxil oldu. 44 günlük Vətən müharibəsi ərzində əldə olunan bu tarixi qələbənin qazanılmasında həm Türkiyənin, həm də Pakistanın mənəvi, siyasi dəstəyini yaxından hiss etdik. Haqlı mübarizəmizdə qardaş ölkələr tərəfindən ölkəmizə verilən mənəvi və siyasi dəstək xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bununla da Azərbaycan öz ərazi bütövlü­yünü və tarixi ədaləti bərpa edərək BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü ilə reallaşdırdı.

2020-ci il noyabrın 10- da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyuldu və hazırda bölgədə yeni reallıq yaranıb. Artıq tarixdə qalmış Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu təxminən 30 il ərzində Türkiyə və Pakistan bütün beynəlxalq platformalar­da Azərbaycana köməyi əsirgəməmiş və bu müddət ərzində Ermənistanla diplo­matik münasibətlər saxlamamışlar. Yeri gəlmişkən, biz də qardaş Türkiyə və Pakis­tanın milli maraqları ilə bağlı məsələlərdə onların mövqelərini ayrı-ayrı platformalarda dəstəkləmişik .

Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi və üçtərəfli görüşün Bakıda keçirilməsi Azərbaycan tərəfindən irəli sürül­müş təşəbbüsdür. Bu tarixi hadisə ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsindən xəbər verir.

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

5 Avqust 2021 00:17 - SİYASƏT
SİYASƏT
29 Sentyabr 2021 | 00:32
Zəfər tarixinin xronologiyası

Köhnə versiyamızdan xəbərləri izlə