Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Qafqazın yeni geosiyasi reallıqları

İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində par­laq qələbə əldə etməsi ölkəmizin siyasi nüfuzu­nun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrildi, eyni zamanda, regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranmasını şərtləndirdi. Beləliklə, Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirdi. Bütün bunlarla bərabər, İkinci Qarabağ savaşında Azərbaycanın ədalətli mövqeyinin dost və qardaş ölkələr tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsi ölkəmizin yeni güc mərkəzləri və yeni ittifaqlara qoşul­ması zərurətini meydana çıxardı. Şübhəsiz ki, bu reallıq təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılmasından irəli gəldi. Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi də məhz bu istiqamətdə atılan mühüm addım kimi tarixi hadisəyə çevrild.

 

Bugünkü reallıqlar qalib ölkəmizin sözünün daha kəsərli olmasını, dost ölkələrin sayının günbəgün artmasını və beynəlxalq hüququn da onun yanında olma­sını reallaşdırır, respublikamızı regionda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığın, sözün əsl mənasında, qarantı kimi çıxış edən dövlət kimi tanıdır. Üç dost, qardaş ölkə olan Azərbaycan, Türkiyə və Pakistan arasında yeni əməkdaşlıq formatının yaradılması da bu yeni geosiyasi reallıqdan qaynaqlanır.

Bu baxımdan Bakı Bəyannaməsi böyük tarixi əhəmiyyətə malikdir. Bu, ilk növbədə, parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsi və genişləndirilməsi, qanunvericilik bazalarının təkmilləşdirilməsi, qarşılıqlı maraq doğuran regional və qlobal əhəmiyyətli məsələlərin parlamentlər səviyyəsində birgə müzakirə olunaraq müvafiq qərarlar qəbul edilməsi, təcrübə mübadiləsi, qarşılıqlı səfərlər və s. baxımından mühüm önəm daşıyır. Eyni zamanda, bu Bəyannamə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsini, müxtəlif beynəlxalq dairələrdə ölkələrin ərazi bütövlüyü məsələlərinə ikili standartlarla yanaşılmasının qarşı­sının alınması məqsədilə birlikdə və səmərəli mübarizə aparılmasını şərtləndirir.

İyun ayının 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Res­publikası arasında müttəfiqlik münasibətləri haqqında” imza­lanan Şuşa Bəyannaməsi də Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıyır.

Şuşa Bəyannaməsində bir sıra məsələlərlə yanaşı, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunma­sı istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zaman­da, bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amilə nəzər salsaq, bunu aydın görə bilərik. Belə ki, həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində ən mü­asir döyüş vasitələri ilə silahlandı­rılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Hazırda müstəqil daxili və xarici siyasət kursu yürüdən, uğurlu diplomatiyası ilə düşməni İkinci Qarabağ müharibəsindəki kimi siyasi və diplomatik səhnədə yenidən tək saxlanılmasına məcbur edən dövlətimizin başçısı dünyaya yeni nümunə göstərir, ölkəmizin sülh təşəbbüslərinə etinasız yanaşan işğalçıya cavab olaraq Zəngəzurun, Göyçənin və İrəvanın tarixi Azərbaycan əraziləri olduğuna dair prinsipial və qətiyyətli mövqe nümayiş etdirir.

Ölkəmizin rəhbəri bunun­la yanaşı, ordumuzun daha da gücləndirilməsini, iqtisa­diyyatımızın sürətli inkişafını diqqət mərkəzində saxlayır, bu istiqamətdə önəmli layihələrin gerçəkləşdirilməsinə xüsu­si əhəmiyyət verir. Çünki bu, Ermənistan kimi məkrli bir ölkənin gələcək işğalçılıq niyyətlərindən qorunmağın ən başlıca yoludur. Son 30 ildə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğal­çılıq siyasəti də, 27 il ərzində BMT qətnamələrinin icrasına məhəl qoymaması da qəsbkarın mahiyyətini, yürütdüyü siyasətin nə qədər təhlükəli olduğunu göstərir. Lakin buna baxmayaraq, Azərbaycan bu gün qalib ölkə kimi sülhə və bölgədə kommunikasiya­ların açılmasına hazırdır. Məğlub Ermənistanın- xəstə təxəyyülün və sərsəm xülyaların girovuna çevrilən bu ölkənin də buna məcbur ediləcəyi, yeni geosiyasi reallığın şərtlərini yerinə yetirəcəyi şübhəsizdir.

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycan Televiziya­sına müsahibəsində bununla bağlı deyib: “Biz siyasi leksiko­na “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informa­siya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu real­lıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimita­siyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zona­sında yox. Yeni gündəliyi forma­laşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, cəsarət, qətiyyət, düz­gün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşma­lıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev təkcə Ermənistana deyil, həm də onun havadar­larına 44 günlük tarixi dərsdən nəticə çıxartmağın, yeni geosiyasi reallığın şərtlərini qəbul etməklə Ermənistanı yaşadığı dərin siyasi, sosial-iqtisadi böhrandan xilas etməyin mümkünlüyünü dəfələrlə xatırladıb. Dövlətimizin başçısı, həmçinin müxtəlif vaxt­lardakı bəyanatları ilə Qarabağ münaqişəsinin artıq bitdiyini bildirib, “Şuşa Bəyannaməsi”nə və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərmana əsaslanan mövqeyini vurğulayıb, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.

Yeri gəlmişkən, son vaxt­lar Ermənistan tərəfi dövlət sərhədimizi pozur, Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamlar yaymaqda davam edir. Otuz ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe göstərir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə “yox” deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir. Səbəb isə aydındır: Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarından əl çəkmək, ölkəmizin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sül­hün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. Dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında reallaşa bilər. Azərbaycan artıq 30 ildir ki, bu mövqeyi bəyan edir və onu rəhbər tutur.

Bu gün Ermənistanın siya­si rəhbərliyinin səsləndirdikləri fikirlərdə üzləşdikləri siyasi, sosial-iqtisadi böhrandan çıxmaqdan, daxili qarşıdırmanı aradan qaldır­maqdan daha çox məkrli niyyətləri ifadə edilir. Ümumiyyətlə, onları heç də erməni dövlətçiliyinin xilası düşündürmür. Ermənistan prezi­dentinin “Qarabağ məsələsinin ədalətli həllinə nail olmaq” kimi haqsız iddiası, əslində, bu ölkənin işğalçılıq, qəsbkarlıq mövqeyindən əl çəkmədiyini göstərir. İstər Ermənistanın baş naziri Paşinyan, istərsə də prezident Sarkisyan hələ də dərk etmirlər, anlamırlar ki, Ermənistan-Qarabağ münaqişəsi artıq başa çatıb. Azərbaycan tarixi torpaqlarını 30 illik işğaldan azad edib. Onların yenidən Azərbaycan torpaqlarını ələ keçirərək, ərazilərini genişləndirmək istəklərii isə xülyadan başqa bir şey deyil. Azərbaycan daha 30 il bundan əvvəlki ölkə deyil. İşğalçı nə vaxt­sa bu niyyətini gerçəkləşdirmək istəsə, qarşısında 44 günlük müharibədə üzləşdiyi taleni yenidən yaşayacaq, dəmir yumru­ğu qarşısında görəcək.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

5 Avqust 2021 00:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə