Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətin maraqlarına, xalqın mənafeyinə xidmət edən xarici siyasət

 

 Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Dünya o qədər dəyişib, qloballaşma elə bir dönməz xarakter alıb, informasiya vasitələri cəmiyyətin və dövlətin bütün “kapilyarlarına” elə sirayət edib ki, indi artıq yaxın qonşu, uzaq ölkə və ya bu kimi bütün ifadələr şərti məzmun daşıyır. Çünki biz artıq Tbilisidəki hadisələrlə Vaşinqtonda baş verənlər haqqında eyni vaxtda məlumat ala bilirik. Ancaq bütün bunlara baxmaya­raq, Prezident İlham Əliyevin leksikonundakı “yaxın qonşularımız” ifadəsi daim öz yerini qoruyub saxlayır. Elə cənab Prezidentin xarici siyasətində də yaxın qonşularımızla əməkdaşlıq prioritet olaraq qalır.

 

 

 Dövlət başçımız daim xatır­ladır ki, biz yaxın qonşularımızla da, uzaq qitələrdəki ölkələrlə də, müxtəlif beynəlxalq təşkilatlarla da əməkdaşlıq zamanı Azərbaycan xalqının maraqlarını və dövlətimizin mənafelərini əsas götürürük. Əslində, bu tendensiya 1993-cü ilin yayından etibarən davam edir.

Politoloqların fikrincə, xari­ci siyasət diplomatik yazışmalar, görüşlər, səfər və müzakirələrlə tamamlanmır. Xarici siyasətin böyük bir hissəsi məhz iqtisadi əməkdaşlıqla bağlıdır. Doğrudan da, Azərbaycanın ötən əsrin son onilliyində qazan­dığı ən böyük nailiyyət kimi qəbul edilən “Əsrin müqaviləsi” ilk baxışda iqtisadi layihə olsa da, əslində, çox böyük diplomatik uğurumuzdur. Əgər ölkəmizin xarici siyasətində azca da olsa, durğunluq və ya ləngimə müşahidə olunsaydı, heç zaman “Əsrin müqaviləsi” kimi nəhəng layihəni reallaşdıra bilməzdik. Ulu öndər sonralar xatırladırdı ki, mən layihənin əsas parametrlərini işləyib hazırlasam da, onun həyata keçirilməsi üçün lazım olan diplo­matik danışıqların əsas hissəsini İlham Əliyev reallaşdırmışdır. Bu layihənin siyasi, diplomatik və ya iqtisadi məzmun kəsb etməsindən asılı olmayaraq isə təməldəki əsas prinsip xalqın maraqlarının təmin olunması, dövlətimizin mənafelərinin qorunması idi və ölkə rəhbərliyi həmin məqsədlərinə yüksək səviyyədə nail olmuşdur.

Azərbaycanın bu gün də reallaş­dırdığı mühüm qlobal layihələrin ha­mısı mükəmməl xarici siyasətin uğuru kimi qəbul edilir. Məsələn, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamam­lanması üçün sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğun­da qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisədir. Dövlət başçımızın fikrincə, bu layihə bütün nöqteyi-nəzərdən – maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi: “Biz həqiqətən də yaxşı bir komanda, bir neçə ölkəni təmsil edən komanda olaraq çalışır­dıq. Bu ölkələrin bəziləri Avropa İtti­faqının üzvüdür. Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik. Azərbaycanda yeni ya­taqların kəşf edilməsini və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu, gələcək onilliklər ərzində davam edəcək layihədir. Azərbaycan qazı Avropa qitəsi üçün yeni qazdır, hazırda Avropaya qazın yeganə yeni mənbəyidir və cəlb olunmuş ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirib. Beləliklə, bu məsələ tamamlanmış kimi hesab olunur”.

Elə Asiyanı Avropa ilə birləşdirmək üçün yaradılan logistik imkanlar və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmağımız da xarici siyasətimizin qarşıya qoydu­ğu məqsədlərin reallaşdırılmasına xidmət edir. Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Dövlət başçımız xatırladır ki, bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastruk­turumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investi­siya yatırmışıq. Diqqət yetirin: Siyasi investisiya. Yəni gənc, müstəqil Azərbaycan dövlətinin qatıldığı və ya bilavasitə bizim təşəbbüsümüzlə reallaşdırılan bütün iqtisadi layihələrin təməlində məhz siyasi məqsədlər dayanır ki, onlar da xalqın maraqları­na xidmət edir.

Sırf beynəlxalq əməkdaşlığa, siyasi-diplomatik münasibətlərə gəlincə isə Azərbaycan bölgəmizdəki vəziyyəti köklü surətdə dəyişdirə bilmişdir. Məsələn, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrindən heç biri Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamayıb. Azərbaycan isə bu gün Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyir və sazişin 90 faizi razılaş­dırılıb. Pandemiyanın nisbətən səngiməsi ümid verir ki, yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Yəni Azərbaycanın digər ölkələrlə münasibətləri tənzimləyən xarici siyasəti çoxşaxəlidir.

Təbii ki, xarici siyasətin mühüm istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Prezident İlham Əliyev bu məsələyə daim xüsusi diqqət ayırır. Hətta bəzi ağzıgöyçəklər yazırdılar ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üçün sərf edilən vəsait də, vaxt da əbəs yerə xərclənir. Dövlət başçımız xatırlatdı ki, yox, elə deyil: “Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi ba­zanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hü­quqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi. Əlbəttə ki, bunlar çox önəmli qətnamələrdir, amma onlar icra edilmirdi, biz onları icra etdik. Amma 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra apardığımız iş nəticəsində bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsini həll edən qurum deyil, an­caq onun qətnaməsi hüquqi baza idi”.

Doğrudan da, AŞPA-nın həmin qətnaməsindən sonra o biri təşkilatlar da belə fikrə gəldilər ki, əgər orada bu qətnamə qəbul olunubsa, deməli, başqa yerlərdə də qəbul oluna bilər. BMT Baş Assambleyası buna oxşar qərar və qətnamələr qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri də həmçinin. Prezident xa­tırladır ki, bütün bunlar münaqişənin həlli üçün hüquqi baza idi: “Bunun nəticəsində biz Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik”. Bu fakt bütün hüquq­ları pozulmuş yüz minlərlə soydaşı­mızın əsas hüquq və azadlıqlarının qorunması istiqamətində atılan kəsərli addımlar idi.

Odur ki, artıq müharibə baş­layanda heç kim deyə bilmədi ki, Azərbaycan haqsızdır. Hamı gördü ki, biz öz torpağımızda vuruşuruq və ölkəmizin BMT tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, bizim bu addımlarımızı ən yüksək səviyyədə dəstəkləyən beynəlxalq təşkilatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qo­şulmama Hərəkatı oldu. Azərbaycan Qoşulmama Hərəkatına üzv olanda bəzi “siyasətçilər” ağızlarını büzdülər ki, bu, əbəsdir və heç bir səmərəsi yoxdur. Sonra nə oldu? Müharibə dövründə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında çirkin kampa­niya aparılan zaman Qoşulmama Hərəkatına üzv ölkələr bizi müdafiə etdilər. Prezidentin qeyd etdiyi kimi, bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil: “Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. Beləliklə, bu qətnamə qəbul edilmədi”.

Bir sözlə, Azərbaycan yaxınlı-uzaqlı bütün ölkələrlə və böyüklü-kiçikli bütün beynəlxalq təşkilatlarla əməkdaşlıqda həm səmimiyyət və qarşılıqlı ehtiram nümayiş etdirir, xal­qın maraqlarını, dövlətin mənafelərini qoruyur. Nəticə isə göz qabağındadır: Həm ölkəmiz getdikcə qüdrətlənir, həm də xalq-iqtidar birliyi dönməz xarakter alır.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

5 Avqust 2021 00:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə