Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strateji idarəetmə siyasətinin uğurları

 

 “ASAN xidmət” bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Respublikamızda “ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi, 2012-ci ildə təsis edilib. Xatırladaq ki, sözügedən xidmət əvvəlcə paytaxtda kiçik pilot layihə kimi işə başlayıb. Həmin vaxt xalqın tələbatına şəffaf, əlçatan və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidməti göstərən qurum bir binada toplaşıb. Qısa bir müddətdə “ASAN xidmət” əhali arasında səmərəli fəaliyyəti ilə tanınıb. Layihənin belə uğurla gerçəkləşməsi xidmətlərin sayını və növünü artır­maq zərurəti yaradıb və “ASAN xidmət”ın Azərbaycanın rayonlarında da açılmasına başlanılıb.

Prezident İlham Əliyevin 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirakı zamanı bu barədə ətraflı danışılıb. Bildiri­lib ki, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Açılış mərasimində dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görüldüyü, müvafiq hüquqi baza formalaşdırıldığı qeyd edilib. Eyni zamanda, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsinin təmin olunduğu və bu prosesin sürətlə davam etdirildiyi vurğulanıb.

Yeni istifadəyə verilən 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarət olacaq.

Prezident İlham Əliyev çıxışlarının birində “ASAN xidmət”in hər zaman öz yüksək keyfiyyətini saxlayacağına əminliyini bildirərək, bu qurumun cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olduğunu vurğulayıb: “Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokrati­ya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir”.

“ASAN xidmət”in funksiyaları son illərdə böyük dərəcədə genişləndirilib. Şübhəsiz ki, buna ehtiyac var idi. Çünki bu qurumda işlər yüksək dərəcədə düzgün qurulur. Problem­li sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilir. Beləliklə, artan xidmətlər və göstərilən keyfiyyət respublika rəhbərliyinin yürütdüyü siyasətin düzgün olmasından xəbər verir.

Azərbaycanda dövlət idarəçiliyi sahəsində aparılan islahatların bir hissəsi olan “ASAN xidmət” artıq beynəlxalq aləmdə də böyük nüfuz qazanıb. Məhz elə bunun nəticəsidir ki, Bakıda BMT və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentli­yinin birgə təşkilatçılığı ilə keçirilən forum çərçivəsində Azərbaycanın təşəbbüsü ilə dövlət xidmətləri göstərən qurumların “ASAN Beynəlxalq Assosiasiyası” təsis edilib. Assosiasiyanın yaradılmasında əsas məqsəd “ASAN xidmət” stan­dartları əsasında təcrübə mübadiləsi aparmaq, ekspertlər şurasını yaratmaq, onlar vasitəsilə ayrı-ayrı ölkələrdə dövlət xidmətlərini qiymətləndirmək və dövlətlərin uğurlu həllərinin digər coğrafi­yalarda tətbiqinə nail olmaqdır.

Xatırladaq ki, BMT-nin dövlət xidmətləri mükafatına layiq görülən “ASAN xidmət”in təcrübəsinin tətbiqi ilə əlaqədar Fransa, İtaliya, Koreya Respublikası, Monteneqro, Mərakeş, Uqanda, İndoneziya, İSESCO, Afrikanın Birləşmiş şəhərlər, habelə yerli hökumət təşkilatları ilə anlaşma memorandumu imzalanıb.

Yeri gəlmişkən, Bakıda Birləşmiş Millətlər Təşkilatının forumu çərçivəsində Azərbaycan bu qurumun xüsusi mükafatına layiq görülüb.

“ASAN xidmət”in fəaliyyət göstərdiyi ötən illər ərzində burada xidmətlərinin keyfiyyəti də getdikcə yüksəlib, pro­aktiv elektron xidmətlərin göstərilməsi üçün “ASAN my-gov” portalı yaradılıb. Bununla da vətəndaşlar, həm də onlayn xidmətdən yararlanıb. Eyni zamanda, 2016-cı ildə ölkəmizdə “ASAN xidmət”in uğurlu fəaliyyətinin davamı kimi ABAD adı altında digər sosialyönümlü xidmətə də başlanılıb.

Xatırladaq ki, ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı biznesinə kömək göstərmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədi daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında əsas vəzifə isə ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi, regionlarda işsiz­liyin azaldılmasıdır.

Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda innovativ idarəetmə vasitəsilə yaradılan inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi uğurla fəaliyyət göstərir. Bununla da sosial xidmətlərin reallaşmasında dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısalır və ünsiyyət şəffaflaşır. Dövlət isə bu uğurlu nəticəyə xidmətlərin müasirləşdirilməsinə bütün hökumət qurumlarının birgə yanaşması, “ASAN xidmət” mərkəzlərin yaradılması və yenilikçi “e-hökumət” xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olur.

Prezident İlham Əliyevin 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirakı zamanı diqqətçəkən bir məqama da toxunulub. Bildiri­lib ki, dövlətimizin başçısının ötən ilin dekabrında imzaladığı fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. Bundan başqa, 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yax­şılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5,6 milyon vəsait ayrılıb. Eyni zamanda, 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zama­nı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sa­hibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılma­sı ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Mərasimdə dövlətimizin başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verilib.

Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mü­kafatı barədə də məlumat verilib.

Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda innovativ idarəetmə vasitəsilə yaradılan inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi uğurla fəaliyyət göstərir. Bununla da sosial xidmətlərin reallaşmasında dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısalır və ünsiyyət şəffaflaşır. Dövlət isə bu uğurlu nəticəyə xidmətlərin müasirləşdirilməsinə bütün hökumət qurumlarının birgə yanaşması, “ASAN xidmət” mərkəzlərin yaradılması və yenilikçi “e-hökumət” xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırıl­ması ilə nail olur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

5 Avqust 2021 00:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə