Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya ilə vidalaşmaq üçün Operativ Qərargahın yeni tələblərinə hamı əməl etməlidir

 

Nazirlər Kabineti yanında operativ qərargahın iyulun 26-da təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 2020-ci ildə başlamış pandemiyanın hələ də davam etdiyini və bir çox ölkədə növbəti dalğanın başladığını deyib. O, son günlər Azərbaycanda da yeni dalğanın müşahidə edildiyini vurğulayıb, eyni zamanda bildirib ki, ölkəmizdə 4 milyon yarım doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir. Qeyd edib ki, Azərbaycanda vaksinasiyaya başlandığı gündən vəfat edənlərin 99 faizi peyvənd olunmamış insanlar olub. Bizim pandemiyadan çıxış yolumuz yalnız vaksinasiyadan asılıdır.

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, pandemiyadan qurtulmaq üçün ölkə vətəndaşlarının əksəriyyətinin vaksinasiya olunması vacibdir və tibb, təhsil və elm müəssisələrində, bütün dövlət qurumlarında və xidmət sekto­runda çalışanların 80 faizi sentyabrın 1-dək birinci doza, oktyabrın 1-dək isə ikinci dozanı vurdurmalıdırlar. Hazırda bu prosesin operativ tətbiqi üçün “ASAN xidmət” tərəfindən proqram təminatı hazırlandığını vurğulayan Ş.Mövsümov bu proqram təminatı haqqında mərkəz tərəfindən əlavə açıqlama veriləcəyini bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişikliyə görə, 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumla­rının) əməkdaşlarının, habelə bir sıra müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID – 19-a qarşı birinci doza, 1 oktyabrdan etibarən isə ikinci doza peyvənd olun­ması və ya COVID –19-a qarşı immu­nitet sertifikatının olması tələb edilir. Mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələri, həmçinin bir sıra iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID – 19 pasportunun olması tələb edilir.

Belə ki, göstərilən müəssisələrdə çalışanlar və yaşı 18-dən yuxarı olan şəxslər– ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda da göstərilən xidmətlərdən yalnız COVID –19 pasportu olduğu halda istifadə edə bilərlər.

İşçilərinin COVID – 19-a qarşı peyvənd olunması barədə pasportu və ya immunitet sertifikatının tələb olun­duğu iş və xidmət sahələrinin siyahısı qərara əlavə edilib və lazımi ünvanlara çatdırılıb. Həmin əlavə siyahıda kom­munal, nəqliyyat, logistika və kom­munikasiya, sosial, ticarət və ictimai iaşə, turizm, maliyyə və digər sahələr üzrə çalışanlardan COVID – 19 pas­portunun və ya immunitet sertifikatının tələb olunduğu göstərilir. Bunlardan elektrik enerjisi, qaz, istilik ilə təchizat, su təchizatı və meliorasiya, dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti, liman, logistika, telekom­munikasiya və rabitə, poçt və kuryer fəaliyyəti ilə məşğul olanlar, sosial xidmətlər, həmçinin əqli qüsurlu və xü­susi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti, ictimai iaşə sahəsi üzrə topdan və pərakəndə ticarət, ictimai iaşə, yeməklərin göndərilməsi və çatdırılma xidmətləri, mehman­xanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi, səyahət agentliklərinin və turoperatorların fəaliyyəti, maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri) göstərən şəxslərdə bu iki sənəddən birinin olması vacibdir. Eyni zamanda, poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri, bütün növ maşın və avadanlıqların quraş­dırılması və təmiri, kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri, avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması, kirayə və lizinq fəaliyyəti, daşınmaz əmlakın alınması və satılma­sı xidmətləri, memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət, işə düzəltmə agentliklərinin fəaliyyəti, tədris və repetitor xidmətləri, dizayn fəaliyyəti, fotoqrafiya sahəsində fəaliyyət, sahib­karlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət və s.), dezinfeksiya, dərzi, bərbərxana və gözəllik salonları, bay­tarlıq fəaliyyəti ilə məşğul olanlar da həmin qaydaya riayət etməlidirlər. Bu sahələrdə fəaliyyət göstərən şəxslər bilməlidirlər ki, onlar daha çox insan­larla ünsiyyətdə olduqlarına görə, daşıyıcı olaraq virusun qarşı tərəfə ötürülməsində də daha aktiv ola bilərlər.

Operativ qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Ya­qut Qarayeva ölkədə vaksinasiyanın vəziyyətindən danışaraq bildirib ki, Azərbaycanda iyulun 26-dək birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 76, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 909 min 821 nəfər təşkil edir. Respublikamız çox az ölkələr sıra­sındadır ki, koronavirusa qarşı könüllü olaraq seçim şərti ilə dörd vaksindən istifadə olunur. O qeyd edib ki, dünya­da istifadə olunan vaksinlərin növləri hazırda bizdə var. Bu gün ölkənin bütün regionlarında, hətta səyyar olaraq ucqar kəndlərində belə “SinoVac” şirkətinin “CoronaVac” vaksinindən istifadə olu­nur. Bununla bərabər, “AstraZeneca” şirkətinin “Vaxzevria” vaksinini Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda vurdurmaq müm­kündür. “Pfizer” vaksini Bakı şəhərində bir sıra məntəqələrdə, bununla bərabər, Lənkəran, Gəncə və Quba şəhərlərində istifadə olunur. TƏBİB-ə vətəndaşlardan gələn müraciətlər nəzərə alınaraq digər regionlarda da bu vaksinin tətbiqinə başlanılması planlaşdırılıb.

Y.Qarayeva yeni ailə quranların vak­sinasiyası ilə bağlı danışarkən bildirib ki, dünya praktikasında hər zaman ailə qur­mazdan və uşaq planlaşdırılmasından əvvəl, ümumi olaraq, virus infeksiyala­rına qarşı vaksinasiya tövsiyə olunur. Çünki sonra, hamiləlik dönəmində qadının məxmərək, suçiçəyi, qızılca kimi virus infeksiyalarına yoluxması dölün in­kişafına çətinliklər yaradır. Ona görə də bunları öncədən düşünüb nəzərə almaq tibbi tərəfdən daha düzgündür.

Hazırda gündəlik vaksinasiya tab­losuna baxanda müraciətlərin kifayət qədər olduğunu və insanların qorxma­dan vaksin olunduqlarını müşahidə etmək mümkündür. Aydın görünür ki, burada maarifləndirmə işi hər zaman önəmlidir. Vətəndaşlara vaksinlə bağlı tibb işçiləri qədər kimsə dolğun məlumat verə bilməz, çünki onlar digər əhali qruplarına nisbətən bununla bağlı daha çox məlumatlıdırlar. Əhali arasında məlumatlandırma düzgün və dolğun aparılmalıdır ki, insanlar doğru istiqamətə yönəlsinlər. Bir ildən çox müddətdə koronavirusa qarşı aparı­lan mübarizənin nəticəsinin istənilən səviyyədə olması üçün isə operativ qərargahın təqdim etdiyi yeni tələblərə birmənalı şəkildə hamının əməl etməsi vacib və lazımdır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

4 Avqust 2021 00:59 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə