Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə dəstəklənir və qəbul edilir

 

 

Müsahibimiz Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir

– Çingiz müəllim, koronavirus pandemiyası hələ də öz fəsadlarını törətməkdə davam etsə də, ölkəmizdə nəzərdə tutulmuş zəruri, xüsusilə sosial layihələrin icrası reallaşdırılır, yenilərinin təməli qoyulur. Prezident İlham Əliyevin ölkəmizin ötən həftə qərb bölgəsinə səfəri zamanı da bunun şahidi olduq. Sizin də fikirlərinizi bilmək maraqlı olardı.

Dövlət başçımızın koronavirusun tüğyan etdiyi vaxtlarda regionlara səfəri birinci hal deyil. Bundan əvvəl də həm Prezident İlham Əliyev, həm də Birinci vitse- prezident Mehriban xanım Əliyeva dəfələrlə regionlara, işğaldan azad edilmiş rayonlara və Bakıətrafı qəsəbələrə səfərlər edərək bir sıra layihələrin icrası ilə yerində tanış olub və yenilərinin təməlqoyma mərasimlərində iştirak ediblər. Yəni dünyanın başı üzərini almış koronavirus pandemiyası ölkəmizi öz mövqeyindən döndərə bilməyib. İl yarımdan artıqdır ki, dünya iqtisadiyyatına ciddi zərbələr vuran yoluxucu xəstəlik sanki insanların qəsdinə dayanıb. Amma, dövlət başçımızın müəyyənləşdirdiyi siyasi kurs koronavirusun daha əhatəli fəsadlar törətməsinin qarşısını alır. Göründüyü kimi, nəzərdə tutulan sosial və infrastruktur layihələrin heç birinin icrası təxirə salınmayıb. Bu da insanların rifahının, həyat tərzinin yaxşılaşdırılmasının dövlətimizin prioritet istiqamətlərdən biri olduğunu göstərir.

Qürurla deyə bilərəm ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və son illər bu layihələrin həcmi rekord həddə çatıb. Çox sayda məcburi köçkün və şəhid ailəsi, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi, müharibə əlilləri, aztəminatlı ailələr və bu qəbildən olan digər insanlar dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunublar. Bununla yanaşı, yeni sənaye müəssisələri, istirahət mərkəzləri, eyni zamanda, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi də reallaşıb. Ölkə rəhbərinin qərb bölgəsinə səfəri zamanı əhali bir daha bunun şahidi oldu.

– Prezident bu səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə də verdi və bir sıra faktlar səsləndirdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsindən də söhbət açdı...

– Ölkə başçısının müsahibəsi geniş əks- səda doğurub. Bu müsahibədə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verilib və xəbərdarlıq edilib. Öncə, istərdim ölkəmizin daxili vəziyyəti barədə səsləndirilmiş fikirlərə münasibət bildirəm. Müsahibədən də aydın oldu ki, son altı ayda ölkəmiz bir sıra sahələrdə uğurlar əldə edib. Təbii ki, pandemiya dövründə, dünya ölkələrinin və iri şirkətlərin iqtisadiyyatına ciddi zərbə vurulduğu dövrdə Azərbaycanda inkişafın qeydə alınması böyük uğurdur. Son altı ayın hər birinin ayrılıqda iqtisadi göstəricilərinə nəzər salsaq, görərik ki, iqtisadi inkişafa nail olmuşuq. Bunu faktlar da təsdiqləyir. Məsələn, altı ayın yekunları göstərir ki, iqtisadiyyatımız 2 faiz artıb. Halbuki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Sevindirici bir fakt da odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, çox böyük göstəricidir və həyata keçirilən işlərin təzahürüdür. Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb.

Bu uğurlar azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin sürətlə aparılmasına da öz təsirini göstərir. Bu ərazilərdə görülən bütün işlər xalq tərəfindən bəyənilir və dəstəklənir. Sevindirici haldır ki, o bölgələrdən olan insanlar – keçmiş məcburi köçkünlər bu layihələrin icrasında iştirak edir, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 9 ay keçməsinə baxmayaraq, həmin ərazilərdə çox böyük işlər görülüb və bu gün də davam etdirlir. Dövlətimizin başçısı ilk növbədə, minatəmizləmə işləri ilə məşğul olmağın zəruriliyini diqqətə çatdırdı və bu sahədə işlərin davam etdirldiyini bildirdi.

– Azərbaycanın beynəlxalq qurumlarla fəal əməkdaşlığı, bir sıra hallarda həmin qurumlara uğurla sədrlik etməsi ölkəmizə olan inam və etimadın nəticəsidir. Respublikamızın beynəlxalq aləmdəki əlaqələrinin möhkəmləndirilməsini necə qiymətləndirirsiniz?

– Azərbaycan hazırda iki böyük təşkilata – Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Buna qədər də bir sıra qurumlara rəhbərlik edib. Bugünlərdə daha bir qürurverici xəbər aldıq. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin müraciəti ilə daha bir il uzadıldı. Bu, böyük diplomatik nailiyyətdir və Azərbaycanın bütün dövlətlərlə, o cümlədən mötəbər qurumlarla sıx əməkdaşlığının göstəricisidir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iki həftə əvvəlki ölkəmizə işgüzar səfəri də yüksək dəyərləndirilməlidir. Dövlət başçımız müsahibəsində də bu səfərə münasibət bildirdi. Dedi ki, bu, Avropa İttifaqı – Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfər idi. Ölkə başçısı özünün də Avropa İttifaqına çoxsaylı səfərlərini xatırlatdı. Son illər dünyada baş verən hadisələr də təsdiqləyir ki, ölkəmizlə əməkdaşlıq üçün çox gözəl zəmin yaradılıb. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır.

Bir faktı da diqqətə çatdırmağı zəruri hesab edirəm. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətməməsi artıq əsl reallıqların beynəlxalq aləmdə etiraf olunmasından xəbər verir. Dövlət başçımız da dedi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, təbii ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Artıq bu məsələ də keçmişdə qaldı.

– Postmüharibə dövründəki vəziyyəti necə dəyərləndirirsiniz? Ölkə Prezidenti müsahibəsində bu məsələyə də münasibət bildirmişdi.

– Postmüharibə dövrünədək görülən bütün işlər yüksək dəyərə malikdir. İşğaldan azad edilmiş ərazilərdə tikinti- bərpa, yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Ölkəmiz həm müharibə, həm postmüharibə dövründə qarşıya qoyduğu məqsədə nail olub. Ölkə Prezidenti müsahibəsində də bunu vurğuladı: “Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi”.

Etiraf edək ki, müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, Azərbaycanı əsassız ittiham edir, sanksiyalarla hədələyirdilər. Hətta bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar antiAzərbaycan ssenarisinin tərkib hissəsi idi.

Postmüharibə dövründə diplomatik müstəvidə də düşünülmüş addımlar atılıb. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr – Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı – bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Artıq siyasi leksikonumuza “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, hətta dünyanın aparıcı kütləvi informasiya vasitələri də Zəngəzur dəhlizi haqqında yazırlar.

– Söhbət ölkəmizin və onun liderinin təşəbbüsslərinin dəstəklənməsindən və qəbul edilməsindən düşmüşkən, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü barədə də fikir bildirməyinizi xahiş edirik. Bu görüşün də təşəbbüskarı Azərbaycan olub.

– Azərbaycan həmişə sülhün tərəfdarı olub. Hətta, dəfələrlə beynəlxalq təşkilatların iştirakı ilə keçirilən tədbirlərdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə tənzimlənməsinin tərəfdarı olmuşuq. Ancaq Ermənistan həmişə qeyri – konstruktiv mövqe nümayiş etdirib. Nəhayət, işğalçı ölkə laiyiq olduğu cavabı aldı. Ötən il Ermənistanın başladığı II Qarabağ müharibəsi işğalçı dövlətin acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Bu müharibədə Türkiyə və Pakistan ölkəmizə həm siyasi, həm də mənəvi dəstək oldular. Bu dəstək xalqımız tərəfindən rəğbətlə qarşılandı.

Üçtərəfli görüş və burada imzalanmış Bakı Bəyannaməsi ölkəmizin indiyə qədər imzaladığı digər sənədlər kimi, sülhü, əməkdaşlıq mühitini qorumağa və inkişaf etdirməyə xidmət göstərir. Bu sənəd digər iki dövlətin bundan sonra da Azərbaycanın yanında olacağının göstəricisidir. Ölkəmizin beynəlxalq aləmdəki reytinqinin getdikcə artması təsdiqləyir ki, gələcəkdə həmin sənədə oxşar digər ölkələrin iştirakı ilə də bənzər bəyannamələr imzalana bilər. Həmçinin hansısa dövlətlər terror, ərazi iddiaları istiqamətində bu üç dövlətə qarşı nəsə etmək istəsə, Bakı, Ankara və İslamabad birlikdə onun qarşısını alacaq. Bundan sonra siyasi, iqtisadi, sosial, təhlükəsizlik səviyyəsində əməkdaşlıq daha da dərinləşəcək.

İndiyədək ölkəmiz çoxsaylı əməkdaşlıq formatında iştiraka üstünlük verib və bəzi hallarda bu formatın təşəbbüskarı olub. Azərbaycan, Türkiyə və Pakistan formatı da onlardan biridir. Ümid edirəm ki, gələcəkdə üçlük formatı daha da genişlənəcək. Bura türk dünyasından, Orta Asiyadan başqa dövlətlər də qoşularaq onu dördlük, beşlik və daha geniş formata çevirəcəklər.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

3 Avqust 2021 00:33 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə