Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlıqdan ittifaqa doğru

 

Bu günlərdə Azərbaycan siyasi arenasında, dövlətçilik strategiyasın­da mühüm hadisə kimi yadda qalacaq daha bir Bəyannaməyə imza atıldı. Tarixi Şuşa Bəyannaməsindən sonra, onu ideoloji və siyasi tərəfdən daha da qüvvətləndirəcək yeni bir imzalanma mərasimi baş tutdu. Bu, iyulun 27-də təməli qoyulan üçtərəfli – Azərbaycan – Türkiyə – Pakistan parlamentlərarası əməkdaşlıq platforması çərçivəsində imzalanan Bakı Bəyannaməsidir. Bəyannamə hər üç dost və qardaş ölkə tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirilir.

Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən bu birgə əməkdaşlıq və tərəfdaşlıq formatı regionda və beynəlxalq münasibətlər sistemində dövlətimizin yüksələn roluna, nü­fuzuna söykənməklə yanaşı, eyni zamanda, Türk – İslam ideologiya­sının təməl prinsiplərinə sadiqliyin göstəricisidir. Rəsmi Bakının təşəbbüsü ilə dövlət başçıları, Xarici İşlər nazirləri səviyyəsində əməkdaşlıq formatları sırasına parlamentlərarası platfor­manın da daxil edilməsi, ilk görüşün Azərbaycanda keçirilməsi və sonda Bakı Bəyannaməsinin qəbul olunma­sı Cənubi Qafqazda müharibədən sonra yeni siyasi mənzərənin, birlik, ittifaq formatının yarandığını göstərir. Doğrudur, Azərbaycan, Türkiyə və Pakistan arasında olan – dünyanın heç bir yerində müşahidə edilməyən sıx münasibətlər müharibədən öncə və 44 gün ərzində özünü ən yüksək forma­da göstərsə də, Şuşa Bəyannaməsi, ardınca isə hər üç ölkənin parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi bu ittifaqlaşmanın, qütbləşmənin bir rəsmiyyətə çevrilməsi kimi xarakterizə olunmaqdadır.

Tarixi köklərə malik olan Azərbaycan – Türkiyə – Pakistan münasibətləri hazırda yeni mərhələdədir. Bunu istər Vətən müharibəsindən əvvəl, istər müharibə, istərsə də postmüharibə dövrünün reallıqlarının təhlili təsdiqləyir. Prezident İlham Əliyev də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərini qəbul edərkən Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyətini önə çəkərək, bu mühüm addımın qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət edəcəyini xüsusi vurğulayıb.

Bu formatın ərsəyə gəlməsi, ölkəmizin həqiqətlərinin istər dünyanın demək olar ki, üçdəbirini əhatə edən İslam dünyasında daha tez yayıl­masında, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların kürsülərindən eşidilməsində müstəsna əhəmiyyətə malikdir. Beynəlxalq aləmdə qərəzli və ədalətsiz yanaşmaların mövcud­luğuna və getdikcə artmasına qardaş dövlətlərin parlamentlərinin ortaq münasibətini təqdim etmək baxımın­dan, koordinasiyalı hərəkət etmək, sərt mövqe sərgiləmək və daha tez eşidilmək, qəbul edilmək baxımından bu birgəliyin əhəmiyyəti olduqca bö­yükdür. Parlament sədrlərinin üçtərəfli görüşünün yaxşı imkanlar yaratdığını bildirən Pakistan Milli Assambleyası­nın sədri Əsəd Qeysərin öz ölkəsində Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılması təşəbbüsü ilə də çıxış etməsi, ümumilikdə imza­lanan bəyannamənin əsas prinsipləri ondan ibarətdir ki, əlaqələrimizin inkişafı həm də qarşıdakı dövr üçün görüləcək işləri özündə ehtiva edir. Bu baxımdan, Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslama­bad şəhərində keçirilməsi qərarı bir çox məqamlara işıq salır.

Çox qısa zaman çərçivəsində – tibbi dildə desək, sanki mutasiya olan ge­ostrateji vəziyyətə dövlətlər tərəfindən müxtəlif yanaşmaların meydana çıxma­sı, siyasi mənzərənin insan şüurunun çətin qavrayacağı səviyyədə dəyişikliyə məruz qalması, hər cür münasibətin rəsmiləşdirilməsini də şərtləndirir. Yeni dünya nizamında yeni güc mərkəzləri və yeni ittifaqlar çox asanlıqla formalaşırsa, niyə bu prosesdən Azərbaycan – Türkiyə – Pakistan geri qalmalıdır ? Niyə bu ölkələr hər hansı bir sahədə öz birlik formatlatını yaratmamalıdırlar? Əlbəttə, Bakı Bəyannaməsindən nara­hat olan qüvvələr də var. Lakin, bu, heç bir halda üç dövlətin birlik strategiya­sının qurulmasında maneə ola bilməz. Bakı Bəyannaməsinin özəlliyi də odur ki, bu bəyanat təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılması zərurətindən yaranıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Bakı Bəyannaməsinin əsas məzmununa hər üç dövlətin həm iqtisadi və kommunikasiya təhlükəsizliyi, həm də hərbi-siyasi təhlükəsizlik məsələləri daxildir. Lakin Bakı Bəyannaməsi üçtərəfli sənəd olsa da, bu birlik for­matından yaranan reallığın yaradacağı əməkdaşlıq və tərəfdaşlıq imkanları bütün qonşu ölkələr üçün də əlverişli şərtlər yarada bilən konsepsiya hesab etmək olar.

Bəyanatda, həmçinin Azərbaycan, Türkiyə və Pakistanın xaricdən dəstəklənən terror hücumları, kiber hü­cumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirəcəyi vurğulanır. Məlum olduğu kimi, hər üç ölkə zaman-zaman terrordan əziyyət çəkmişdir. Bu baxımdan, bu üç dost və qardaş ölkələrin anti-terror blok yarat­ması günün reallığıdır.

Bakı Bəyannaməsini şərh edərkən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, Xarici İşlər nazirləri, hazırda parlament sədrləri səviyyəsində yaradılan üçlü format daha sonra hətta Azərbaycan, Türkiyə və Pa­kistan dövlət başçıları arasında da yara­dıla bilər. Ona görə də bizim addımımız hansısa bir ölkəyə qarşı deyil, XXI əsrin paradiqmaları ilə bağlıdır.

Azərbaycan parlamentinin sədri də haqlı mübarizəmizdə qardaş ölkələr kimi, Türkiyə və Pakistan tərəfindən verilən dəstəyin xalqımızın yaddaşın­da əbədi yaşayacağını bildirərək qeyd edib ki, bu iki dövlət müharibə zamanı Azərbaycana açıq siyasi və mənəvi dəstək göstərib və dövlətlərimiz ara­sında müttəfiqliyin göstəricisidir. Biz də qardaş Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə onların mövqelərini ayrı-ayrı platformalarda dəstəkləmişik və bu dəstək bundan sonra da davam edəcəkdir.

Beləliklə, ötən ay Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin, bu ay isə Azərbaycan – Türkiyə – Pakistan arasında Bakı Bəyannaməsinin imzalanması o deməkdir ki, əməkdaşlıqdan ittifaqa doğru önəmli addım atıldı. Bununla, eyni zamanda, Yaxın və Orta Şərqin bu üç müsəlman dövlətinin yeni birgə strateji xətt yürüdəcəyini və regionun problem və münaqişələrinin həllində daha təsirli imkanlara sahiblənəcəyini indidən proq­nozlaşdırmaq mümkündür.

Anar TURAN, “Xalq qəzeti”

3 Avqust 2021 00:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə