Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Bəyannaməsi mühüm strateji əhəmiyyət kəsb edən sənəddir

Bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanan Bakı Bəyannaməsi strateji əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən, siyasi və tarixi əhəmiyyətə malik, dərin məzmunlu mühüm sənəddir. Eyni zamanda, sənəd hər üç ölkənin parlamentarizm tarixində önəmli hadisələrdən biridir. Prezident İlham Əliyevin illərlə yürütdüyü qətiyyətli siyasət bizi Qarabağ Zəfərinə apardı. 44 günlük İkinci Qarabağ müharibəsi də bir daha sübut etdi ki, Azərbaycana Türkiyə qədər səmimi dəstək göstərən Pakistan dövlətidir. Tarixə nəzər yetirsək, şahidi olarıq ki, Türkiyənin və Pakistanın bu dəstəyi sadəcə 44 günlük müharibə ilə məhdudlaşmır.

Ermənistanın işğal siyaəsətinə görə, Azərbaycana əməli dəstək olmaq üçün Türkiyə Ermənistanla sərhədlərini bağladı, illər ərzində bütün beynəlxalq platformalarda haqq səsimizə səs verdi. Eyni ilə, Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət kimi Pakistan 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxa­rılanda Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa sədrlik edirdi. Yəni, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr məhz Pakistanın dəstəyi ilə qəbul olunub.

Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatının iclaslarında Pakistan dövlətinin dəstəyi ilə Ermənistanın işğalçı dövlət kimi tanınmasına dair sənədlər qəbul olunub. Ermənistanın işğalçılıq siyasətinə görə onunla sərhədlərini bağlayan, bununla da qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu ilk günlərdən açıq şəkildə masa üzərinə qoyan Türkiyədən sonra növbəti dəstək də Pakistandan gəldi. Bu dəstək Ermənistanla diplomatik əlaqələr qurma­ması ilə davam etdi.

Nüvə silahına malik, 250 milyon nüfuza sahib olmaqla ən böyük əhalisi olan ikinci müsəlman dövləti Pakistanla bizi bir-birimizə yaxın edən dini, mədəni amillərdirsə, digər bir məsələ də mürəkkəb coğrafi məkanda yerləşən ölkələrimizin üz-üzə qaldığı siyasi problemlərin oxşarlığıdır. Belə ki, “Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdi­rilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik,” – fikirlərini Prezident İlham Əliyev Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanın Azərbaycana səfəri zamanı baş tutan görüşdə səsləndirib.

30 illik işğala son qoyan haqq savaşı­mızın nəticəsi olan Böyük Zəfərimizin eyni coşqu və istəklə həm Türkiyədə, həm də Pakistanda qeyd olunması da xüsusilə vurğulanmalıdır. Münasibətlərimizin bu dərəcədə yüksək səviyyədə ol­ması sadəcə dövlətlər səviyyəsində kifayətlənməyib, həm də xalqlararası münasibətlərimizə sirayət edib. Belə ki, xalqımız Türkiyə və Pakistan ilə bağlı öz hisslərini müharibə zamanı Azərbaycanın hər bir bölgəsində Türkiyə və Pakistan bayraqlarını dalğalandırmaqla göstərdi. Sadalanan faktların hər biri Azərbaycan, Türkiyə, Pakistan münasibətləri haqqında təsəvvür yaratmağa imkan verməklə yana­şı, üç ölkə arasında ola biləcək dostluğun və qardaşlığın ən dərin və aydın təzahür forması olduğunu sübut edir.

İndiki məqamda isə yeni dünya nizamı və regionda yaranmış yeni reallıq regional və qlobal güclərin proseslərə və mövcud çağırışlara yeni, çevik və adekvat yanaş­masını tələb edir.

Mövcud reallığı nəzərə alaraq tarixi zərurətdən doğan Azərbaycan, Pakis­tan və Türkiyə parlamentləri arasında imzalanmış Bakı Bəyannaməsi də hər üç ölkənin əməkdaşlığını nəzərdə tutan mühüm sənəddir. Bu sənəd müttəfiqlik münasibətlərinə yeni bir keyfiyyət qa­zandırmaqla yanaşı, strateji əməkdaşlığı daha da dərinləşdirir ki, bu da ölkələr arasında hərtərəfli əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək düşünül­müş, nəticəyə istiqamətlənmiş, dərin siyasi addımdır. Bu, həm də illər ərzində üç ölkənin bir-birinə olan de-fakto dəstəyinin de-yure müstəviyə keçməsi deməkdir.

Nəzərə alsaq ki, yeni dünya­nın gətirmiş olduğu çağırışlar milli təhlükəsizliyi təmin etmək üçün beynəlxalq münasibətlər sisteminin aktorlarından birgə əməkdaşlığı və koorrdinasiyalı fəliyyəti tələb edir, o zaman sözügüdən sənəd hazırda Ermənistanın regionda vəziyyəti yenidən gərginləşdirmək cəhdləri fonunda onu dəstəkləyən qlobal güclərin neytrallaşdırılmasında da mühüm rol oynayacaq. Çünki qeyd edildiyi kimi, Pakistanın nüvə silahına malik yeganə müsəlman dövləti olması faktı ilə yanaşı, həm də güclü orduya və hərbi-sənaye kompleksinə malik dövlətdir. Bu baxımdan da sözügedən bəyannamə hər üç dövlətin siyasi, hərbi, iqtisadi və digər sahələr üzrə güclərinin birldirilməsi deməkdir. Bakı Bəyannaməsi ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni imkan­lar yaradacaq.

Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi icrae­dici müstəvidə, yəni ölkə Prezidentləri İlham Əliyev və sayın Rəcəb Tayyib Ərdoğan arasında imzalanmışdırsa, Bakı Bəyannaməsi üç ölkənin qanunverici orqanları arasında imzalanmaqla yeni bir formatdan xəbər verir. Bununla yanaşı, nəzərə alsaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da geniş tərkibdə nümayəndə heyəti ilə Bakıda səfərdə oldu və hakim Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsi, gələcəyə fokuslanmış məqsədlərə çatmaq üçün birgə strateji fəaliyyət planının müzakirələri aparıldı, o zaman aydın olur ki, dövlətlərimiz partiyalara­rası münasibətlər də buraya daxil ol­maqla hakimiyyətin müxtəlif qolları üzrə əməkdaşlığı genişləndirirlər.

Bakı Bəyannaməsinin məzmununa nəzər yetirdiyimiz zaman sənəddə “xaricdən dəstəklənən terror hücum­ları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı” əməkdaşlığın genişləndirilməsi haqqında xüsusi bir hissə diqqəti cəlb edir. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO – nun üzvü kimi təşkilata digər üzv ölkələr ilə qarşılıqlı kəşfiyyat məlumatlarının mübadiləsini gerçəkləşdirir. Pakistanın “İnter-Services İntelligence” kəşfiyyat orqanı isə dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri hesab olunur. Eynilə, həm Azərbaycan, həm Türkiyə illər ərzində terroru dövlət siyasəti səviyyəsinə çatdıran Ermənistanın terror hücumları və təqibləri ilə üzləşir, hər iki dövlətin artıq bu sahədə təcrübəsi mövcuddur, o zaman Bakı Bəyannaməsi müasir dövrün bu risklərinə və təhdidlərinə qarşı atılacaq birgə addımların ehtiva olunması baxımından olduqca dəqiq, ağıllı, hər incə detalına qədər düşünülmüş dərin məzmunlu bir sənəddir.

Bakı Bəyannaməsi sadəcə regional deyil, qlobal inteqrasiyanı da özündə ehtiva edən əməkdaşlıq formatıdır. Ümid edirəm ki, Zəngəzur dəhlizinin açılması ilə bu əməkdaşlıq formatına yeni aktor­ların əlavə olunması bölgəyə sülh və rifah gətirəcək. Bu sənədin imzalanması Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və yürütdüyü çoxvektorlu xari­ci siyasətin Türkiyə və Pakistan kimi güclü dövlətlər tərəfindən dəstəklənməsidirsə, bu həm də ölkə başçımızın müstəqil xarici siyasət yürütdüyünün və müstəqli qərarqəbuletmə mexanizminin real­laşdırılmasıdır. Türkiyə və Pakistanla əlaqələrimizin daha da dərinləşdirilməsi, bu əlaqələrin siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, elm kimi müxtəlif spektrlarını əhatə edən Bakı Bəyannaməsi bütün sahələr üzrə güclü etməklə yanaşı, beynəlxalq münasibətlər sistemində nüfu­zumuzu daha da artıracaq.

Şəbnəm HƏSƏNOVA, politoloq

 

3 Avqust 2021 00:08 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə