Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Enerji sektorunun inkişafı diqqətdə saxlanılır

Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə ölkənin enerji sektorunun inkişafına daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə ge­nişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, ti­kinti işləri böyük vüsət alıb. Dövlətimizin başçısının tap­şırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib. Elektroener­getika sahəsində fəaliyyətin dayanıqlığı artırılıb, texnolo­ji bazası gücləndirilib və infrastrukturu təkmilləşdirilib.

 

Reabilitasiya Proqramı çərçivəsində indiyədək paytaxtımız­da, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ”, “Səngəçal” və digər modul tipli elektrik stan­siyalarında itirilmiş gücün bərpası istiqamətində geniş həcmdə işlər görülüb. Bir çox elektrik stansiyala­rı və yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən yarımstansiyalar yenidən qurulub. Yüksəkgərginlikli elektrik ve­rilişi xətlərində modernləşmə həyata keçirilib, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sistemi yenidən qurulub.

Enerji sektorunda gerçəkləşdirilən layihələrin yekun göstəricilərində də bu, özünü aydın göstərir. Belə ki, son 10 ildə elektrik enerjisinin istehsa­lında 27,6 faiz artıma nail olunub. Təkcə ötən il elektrik enerjisinin isteh­salı 2010-cu illə müqayisədə 7134,6 milyon kVt/st artaraq 25 811,2 milyon kVt/st təşkil edib. Elektrik enerjisinin ixracı 3 dəfə yüksələrək 380 milyon kVt/st-dan 1 150,7 milyon kVt/st-a ça­tıb, ölkə enerji ixracatçısına çevrilib.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Davos İqtisadi Fo­rumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında qərarlaşıb.

Dövlətimizin başçısının dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə Azərbaycan bu gün elektrik ener­jisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusunu daşıyır. Burada bir məqamı qeyd etmək istərdik. Belə ki, əgər 2006-cı ildə Azərbaycan illik olaraq saatda 1,7 milyon kilovat elektrik enerjisi idxal edirdisə, 2020-ci ildə bu rəqəm Azərbaycanın saatda 1,5 milyon ki­lovata yaxın enerji ixracatına çevrilib. İstehsalın ötən müddətdə qorunub saxlanması fonunda istehlakın azalması müşahidə edilib. İstehlakın azalması da 2 faizin kəskin aşağı sa­lınması ilə bağlı olub. Belə ki, 2006-cı illə müqayisədə enerji sektorunda itki 42 faizdən 9 faizə qədər aşağı düşüb. Bu da təbii ki, tələbin ödənilməsində rasional bir yanaşma kimi diqqət çəkib. Çünki istehlak azalsa da, tələb artıb. 2006-cı illə müqayisədə abonentlərin sayı 1,7 milyondan 2,7 milyon nəfərə qədər artıb.

Tələbin artması fonunda energe­tika sektorunda aparılan islahatlar Azərbaycanın optimallaşdırılmış istehsalla tələbi ödəyə bilmək imkanı verir. Bu sektorda reallaşdırılan layihələr, eyni zamanda, növbəti dövrlərdə də respublikamızın ixrac imkanlarını genişləndirəcək, ölkəyə valyutanın daxil olmasına imkan yaradacaq. Praktik olaraq son illər bu sektorda infrastrukturun genişləndirilməsinə xidmət göstərən tədbirlər fonunda Azərbaycanın enerji sektorunun həm ixrac, həm də tələbin ödənilməsi baxımından yeni mərhələyə qədəm qoyması müşahidə edilir.

Bu gün düşməndən təmizlənən torpaqlarda da yaşayış sahələrinin elektrik təchizatı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. İşğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının yaradılması da diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, dövlətimizin baş­çısı azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. Həmin yerlərdə əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə edilməsi nəzərdə tutulub.

Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı getdikcə artır. Bu, təsadüfi deyil. Çünki respublika­mız bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz özəl investisiyalar he­sabına reallaşdırılması planlaşdırılıb.

Prezident İlham Əliyev mayın 3-də “Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində “ya­şıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq kon­sepsiyanın və baş planın hazırlan­ması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublika­sının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Qarabağda energetika sistemi­nin bərpası istiqamətində indiyədək görülən işlərlə bağlı isə onu deyə bilərik ki, dövlətimizin başçısının tap­şırıqlarına uyğun olaraq “Azərenerji” ASC tərəfindən işğaldan azad edilmiş bütün ərazilərdə elektroenergetika infrastrukturunun yaradılmasına başlanılıb və respublika enerjisinə inteqrasiya istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb. Bu strategiyada hər bir rayonda 110 kilovoltluq yarımstansiyanın tikintisi və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyası nəzərdə tutulub. Qarabağda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, artıq “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb.

Hazırda bu yarımstansiyaların elektrik təchizat şəbəkəsinə qoşul­ması üçün “Xındırıstan” yarımstansi­yasından 110 kilovoltluq, 40 kilometr uzunluğunda xətt çəkilir. Qarabağ Enerji Strategiyasına əsasən, işğal­dan azad olunan bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyaların fəaliyyət göstərəcəyi gözlənilir.

Yeri gəlmişkən, Füzulidə ötən ay ölkə başçısının iştirakı ilə yarıms­tansiya açılıb, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiya­nın açılışı həyata keçirilib.

Bütün bunlarla bərabər, gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovu­şan-2” stansiyalarında təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Bu stansiyalar Suqovuşan və Talış kəndlərinin enerji tələbatını ödəyəcək, eyni zamanda, “Azərişıq” ASC-nin 35/10 kilovoltluq yarıms­tansiyası vasitəsilə elektrik enerjisi şəbəkəsinə qoşulacaq və gələcəkdə ümumi elektrik enerjisi təminatına töhfə verəcək.

Qeyd edək ki, “Azərenerji” ASC tərəfindən kiçik su elektrik stansiya­larının bərpası istiqamətində də işlər davam edir. Dövlətimizin başçısının iştirakı ilə istismara verilən ilk inf­rastruktur layihəsi kimi Laçın rayonu ərazisində “Güləbird” Su Elektrik Stansiyası bunun bariz ifadəsidir. Eyni zamanda, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərdə yeni ya­rımstansiyaların tikintisi davam edir. Kəlbəcərə Daşkəsəndən yeni 110 kilovoltluq xətt çəkilir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

3 Avqust 2021 00:05 -

Köhnə versiyamızdan xəbərləri izlə