Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşların rifahının yüksəlməsinə xidmət edən sosial siyasət

1993 -cü ilin yayından bəri Azərbaycanda yaşayan, bütün təbəqədən olan əhalinin sosial müdafiəsi və rifahının yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur. Son 10 ildə əldə edilən rəqəmlərə nəzər salanda isə görürük ki, dövlət tərəfindən əhalinin rifahının yüksəlməsi üçün çox böyük işlər görülüb, islahatlar həyata keçirilib, layihələr reallaşdırılıb. Belə ki, əməkhaqqının minimum səviyyəsi 3 dəfə artaraq 250 manata, orta aylıq əmək haqqı isə 2 dəfədən çox artaraq 707 manata çatmışdır.

 

Pensiyaların minimum məbləği 2,4 dəfə artırılaraq 200 manata, orta aylıq pensiya 112,9 manatdan 302,2 manata, yaşa görə pensiya 117,6 manatdan 331,4 manata, əlilliyə görə 110,7 manatdan 261 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 89,2 manatdan 263,0 manata çatdı­rılmışdır. Müavinətlərin orta aylıq məbləği 39,68 manatdan 119 ma­nata, maksimum məbləği 3 dəfəyə qədər artaraq 61 manatdan 150 manata çatdırılmışdır. Eyni zaman­da, aylıq və birdəfəlik müavinətlərlə təmin olunanların sayı son 10 ildə 26 faiz artaraq 397 mindən 500 minə çatmışdır. Həmçinin Prezidentin aylıq təqaüdü ilə təminat proqramının əhatə etdiyi şəxslərin sayı 33,6 mindən 300 minə, təqaüdün maksimal məbləği isə 1000 manatdan 2000 manata çatdırılmışdır.

Həssas qruplara aid olan şəhid ailələrinin problemləri həmişə ol­duğu kimi yenə prioritet məsələdir. Dövlətin belə ailələr üçün müəyyən etdiyi təqaüdlər 2010-cu ildə təyin edilmiş 150 manatdan 2020-ci ildə 300 manata qaldırılmışdır, 2021-ci ildə bu göstərici 500 manat olmuşdur. Digər həssas qrupdan olan müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 90 manat, II dərəcə əlilliyi olanlar üçün 70 manat, III dərəcə əlilliyi olanlar üçün 50 manatdan müvafiq olaraq 400, 350 və 300 manata qaldırılmışdır.

Sosial təminat sisteminə və təminatla əhatə olunanların statis­tikasına nəzər salsaq, bu sahədəki irəliləyişi də aydın görmək olar. Belə ki, sosial təminatla əhatə olunanlar 2010-cu ildə 2,1 mil­yon nəfər, 2020-ci ildə 2,3 milyon nəfər olmuşdur. Artım 13 faiz və ya 267 min nəfər təşkil etmişdir. O cümlədən təqaüd alanların sa­yında 8,5 dəfə, aylıq və birdəfəlik müavinət alanların sayında 26,3 faiz artım olmuşdur. Ünvanlı dövlət sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,1 dəfə artaraq 2020-ci ilin sonuna 240 manata çatmışdır. Ödənişlərin maliyyə təminatı 2010-cu illə müqayisədə 3,7 milyon manat (2,8 dəfə) artaraq 5,7 milyon manat təşkil etmişdir.

Onu da qeyd etməliyik ki, ötən dövrdə ehtiyac meyarı 65 manatdan 160 manata, yaşayış minimumu 87 manatdan 190 manata çatmışdır. 2021-ci il üçün ehtiyac meyarı 170 manat, yaşayış minimumu 196 manat müəyyən edilmişdir. Bütün bunlar dövlət baş­çısının əhalinin sosial təminatının gücləndirilməsinə göstərdiyi diqqət və nəzarətin göstəricisidir.

Dövlətimiz tərəfindən 2006 – 2015 və 2019 – 2030-cu illər üzrə Məşğulluq strategiyaları hazırlanmış və həyata keçirilməsinə başlanıl­mışdır. Bunun nəticəsində son 16 ildə 2,3 milyondan çox yeni iş yerləri yaradılmışdır. Əhalinin 51 faizdən çoxu işləyir və məşğul əhalinin 77 faizə qədəri qeyri-dövlət sektorunda çalışır. Məşğulluğun dəstəklənməsi məqsədilə özünüməşğulluq və s. kimi sosial proqramlar tətbiq edilir. Özünüməşğulluq proqramına qoşu­lanların sayı getdikcə artır. 2017-ci ildə özünüməşğulluq proqramına 1172 ailə cəlb edilmişdisə, hazırda bu proqramdan 12 600 ailə fayda­lanır.

Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən də şəhid ailəsi üzvləri və qazilər diqqətdə sax­lanılır. Bu kateqoriyadan olan daha 1524 şəxsə DMA tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir. Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitlərinin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər. Təlimi uğurla başa vuran şəxslər kənd təsərrüfatı və is­tehsal–xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar. Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes–plan­larına uyğun aktivlərin verilməsi prosesi davam edir. Qeyri-formal məşğulluğun qarşısının alınması nəticəsində əmək müqavilələrinin sayı son 3 ildə 400 min artmışdır.

Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda, eləcə də, Vətən müharibəsində canlarını qurban verən şəhidlərin ailə üzvləri, həmçinin yaralanmış qazilərin problemləri dövlət başçısının nəzarətdə saxladığı məsələlərdəndir. Bu kateqoriyadan olan insanların məşğulluğunun təminatı məqsədilə “Məşğulluq marafonu”na start verilib və müraciət üçün qeydiyyat forma­sı hazırlanıb. Marafona qoşulan işəgötürənlərin sayı artıq 200-ü keçib. Həmin işəgötürənlər tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı isə 1000-dən çoxdur. Təqdim edilən vakan­siyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir və marafonun dəstəyi ilə artıq 100-dək şəhid ailəsi üzvü və qazi işlə təmin edilib.

Dövlət başçısı tərəfindən həssas qruplara, o cümlədən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilməsi tədbirləri davam edir, onların məişət problemləri ilk növbədə həll olunur. Ötən dövrdə mənzil şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış, əhalinin həssas qruplarının evlə təminatı davam etdirilmişdir. Qeyd edək ki, Vətən müharibəsində böyük Qələbənin qazanılma­sında canlarını qurban verən şəhidlərimizin ailələrinin, həmçinin qazilərin mənzil şəratinin yaxşı­laşdırılması istiqamətində uğurlu tədbirlər həyata keçirilib. İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərək, şəhid ailələri və müharibə əlilləri ilə görü­şüb, onlarla söhbət edib, qayğıları ilə maraqlanıb. Həmin gün 15 ədəd 9 mərtəbəli, 54 mənzilli evlərin sənədləri sahiblərinə təqdim edilib. Bundan öncə isə Bakının Sabun­çu rayonu, Ramana qəsəbəsində daha bir qrup şəhid ailəsi və müharibə əlilinə, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailələri və Vətən müharibəsi əlillərinə mənzillər təqdim edilib.

Dövlət başçımız 22 iyul – Milli Mətbuat Günündə işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirərkən Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun ailələrinə mənzillər hədiyyə etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Ba­bayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, onlara mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim etdi. Qeyd edək ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021–2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. 2021-ci ilin planı üzrə artıq 850 mənzil verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 10 mindən çox mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edilib.

Ötən dövrdə qazilərimizin rea­bilitasiya məsələləri də diqqətdən kənarda qalmamış, bərpa və so­sial xidmətlər genişləndirilmiş və institutlaşmışdır. Ölkədə 2020-ci ildə 6 reabilitasiya müəssisəsi (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt və Göygöldə) istifadəyə verilmişdir. 2021-ci ildə isə 4 reabilitasiya müəssisəsi (Şağan, Şəmkir, Qəbələ, Şamaxıda) istifadəyə veriləcəkdir. Bu ilin 6 ayında ƏƏSMN tərəfindən 6237 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 957-i müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir. Qeyd olunan dövrdə nazirlik tərəfindən əlilliyi olan şəxslərə 477-i mühərrikli təkərli oturacaq olmaqla 669 təkərli oturacaq, 703 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 599 aşağı və yuxarı ətraf ortezi, 6947 müxtəlif reabilitasiya vasitəsi, 75 bel və boyun nahiyəsi üçün korset, 1263 cüt protez ayaqqabı, 1643 cüt ortopedik ayaqqabı, 479 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1305 qoltuqaltı və dirsəkaltı ağac, 1253 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 84 yüksək texnologiyalı protez verilib.

Ümumilikdə, son 6 ayda əlilliyi olan şəxslərə 22 min 272 reabilita­siya vasitəsi təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Nazirliyin reabilita­siya müəssisələrində əlilliyi olan 1540 şəxsə stasionar, 143 şəxsə ambulator formada reabilitasiya xidmətləri göstərilib. Postmüharibə dövründə ƏƏSMN tərəfindən nazir­liyin reabilitasiya müəssisələrində 1300- dək qazi və şəhid ailəsi üzvü sosial – psixoloji və reabili­tasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər. İndiyədək 2 min 951 ailəyə psixoloji dəstək göstərilib. Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.

Əhaliyə xidmət sahəsində uğurla fəaliyyət göstərən DOST konsepsiyası çərçivəsində yeni mərkəzlərin açılması işləri də da­vam etdirilir. Bu ilədək 3 yerdə – 1 saylı Bakı DOST mərkəzi, Xəzər rayonunda 2 saylı, Nizami rayonunda 3 saylı DOST mərkəzi yaradılmış, 2021-ci ildə 4-cü DOST Mərkəzinin açılışı olmuşdur. Mərkəzlərdə “Bir pəncərə” sistemi tətbiq edilmişdir ki, həmin sistem 132 növ xidməti əhatə edir. Burada 250 mindən çox şəxsə xidmət göstərilir və vətəndaş məmnunluğu 97 faiz təşkil edir.

Sosial sahədə idarəçilik və xidmətlərin elektronlaşdırılması proqramı uğurla həyata keçirilir. E-sosial portalı yaradılmış və 100-dən çox xidmət üzrə 46 milyondan çox müraciət daxil olmuşdur. Pen­siyaların avtomatlaşdırılmış qay­dada təyinatı mexanizmi, həmçinin 30-a yaxın e-xidmət təyinat sistemləri (müavinət, təqaüd) yaradılmışdır. Vətəndaşlar 34-ü proaktiv olan 60-dan çox e-xidmət, 30 e-arayış xidmətləri sistemindən faydalanırlar.

Qeyd etdiyimiz hər fakt, hər göstərici dövlətin vətəndaşına, onun rifahının yüksəlməsinə xidmət edən amillərdir. Azərbaycan vətəndaşı da bunu anlayır, öz həyatında hiss edir və ona görə də, daim dövlət başçısını dəstəkləyir, eyni zamanda ona arxalanır.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

3 Avqust 2021 00:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
24 Sentyabr 2021 | 18:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə