Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionda yeni reallıqlar yaradıb

 Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi Cənubi Qafqaz regionunda yeni siyasi reallıqların yaranmasına səbəb olmuşdur. Xalqımızın Vətən müharibəsindəki möhtəşəm Zəfəri ilə təkcə Azərbaycana deyil, bütövlükdə yaxın və uzaq coğrafi məkanda yerləşən ölkələrə və onların xalqlarına sıx iqtisadi, ticari, mədəni və humanitar əlaqələr üçün geniş imkanlar açılmışdır.

 

 Bu tarixi fürsəti dəyərləndirmək, regionun inkişaf və tərəqqisini sürətləndirmək üçün regionda təmsil olunan dövlətlərin liderlərindən, əlbəttə, yüksək siyasi fəhm və bəsirət, dərin zəka və modern təfəkkür tələb olunur. Azərbaycan dövləti və onun lideri, Prezident İlham Əliyev məhz belə dövlət xadimlərindən və tarixi şəxsiyyətlərdəndir. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsində olduğu kimi, postmüharibə dönəmində də Cənubi Qafqazda baş verən proseslərə konseptual yanaşma nümayiş etdirir.

Rəsmi Bakının yeritdiyi daxili və xarici siyasət xalqımızın və dövlətimizin milli maraqlarına uyğun­dur və milli dövlətçiliyimizin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Sivil və demokratik dünya bunun fərqindədir. Hazırda dünyanın əsas güc mərkəzləri regionda Azərbaycan dövlətinin haqlı və ədalətli mövqeyi ilə hesablaşmalı olurlar.

Bakı regionun əsas siyasi, iqtisadi və hərbi gücü olaraq, bir-birindən maraqlı təşəbbüslərlə çıxış edir. Azərbaycan hazırda bölgədə baş verən siyasi və diplomatik proseslərin lokomotivinə çevrilib. Bəli, zaman bu gün Azərbaycanın xeyrinə işləyir. Çünki, Bakı bəşəri, humanist və ədalətli mövqedən çıxış edir. Təkcə bu gün deyil, sabah da, yaxın və uzaq gələcəkdə də belə olacaq.

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunan üçtərəfli razılaşmadan sonra rəsmi Bakı regiondan davamlı sülhün və təhlükəsizliyin bərqərar olunma­sı üçün ciddi diplomatik səylərdə bulunmuşdur. O vaxtdan keçən səkkiz aydan bir qədər artıq vaxt ərzində bu istiqamətdə nəzərəçarpan uğurlar əldə olunmuşdur.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğon bu ilin iyun ayında Şuşada tarixi Şuşa Bəyannaməsini im­zaladılar. Bu möhtəşəm sənəd nəinki Azərbaycan xalqının, bütövlükdə türk dünyası xalqlarının ən parlaq səhifələrindən biri hesab olunur. Bununla da bir-biri ilə tarixən qırılmaz tellərlə bağlı olan iki qardaş ölkə və xalq arasında hərtərəfli əlaqələr ən yüksək səviyyəyə yüksəlmişdir.

Rəsmi Bakı digər qonşu ölkələrlə– Rusiya, İran və Gürcüstanla dostluq əlaqələrini gücləndirir. Hazırda dünya­nın 120 ölkəsini birləşdirən Qoşulma­ma Hərəkatı Azərbaycana bu nüfuzlu təşkilata daha bir il sədrlik etmək üçün növbəti mandat verib, güclü dəstək göstərib. İslam Əməkdaşlıq Təşkilatı həm işğal dövründə, həm də müharibədən sonra Azərbaycanı birmənalı olaraq dəstəkləyir.

Azərbaycan–Pakistan əlaqələri yüksək səviyyədə inkişaf edir. Milli Məclisin deputatı Sadiq Qurbanov haqlı olaraq qeyd edir ki, Azərbaycanın dostları, müttəfiqləri dünyanın hər yerində durmadan artır. Azərbaycan onlarla ölkəyə birbaşa maliyyə yardımı edib, dərmanlar, tibbi ləvazimatlar, vaksinlər göndərib. Bu addımlar xalqların ən çətin vaxtında atılır, onların böhranı adlamasında olduqca vacib rol oynayır. Bu da xalqların yaddaşlarından silinmir, necə ki, Pakistan bu gün Azərbaycanı dəstəkləyir, iki ölkə arasında qardaş­lıq münasibətləri formalaşıb, gələcək üçün də başqa ölkələrlə, xalqlarla belə münasibətlərin təməli indidən atılır. Bu, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Azərbaycanın öz şimal qonşusu Rusiya ilə əlaqələri qarşılıqlı hörmət və etimad əsasında güclənməkdə və genilşlənməkdə davam edir. Prezident İlham Əliyev bu il iyulun 22-də Azərbaycan Televiziyasına müsahibəsində demişdir: “Bir məsələyə də vətəndaşların diqqətini cəlb etmək istəyirəm. ...Rusiyaya mənim səfərim olub və müzakirə zamanı – bizim gö­rüşümüz bir neçə saat davam etmişdir – bir dənə də olsun mübahisəli məsələ olmayıb. Bir dənə də olsun narahatlıq doğuran məsələ olmayıb”.

Təbii ki, işğalçı, layiqli cəzasını almış yenilən Ermənistan yaran­mış vəziyyətdən məyusdur. Erməni şovinistlərinin Azərbaycan və Türkiyə dövlətlərinin torpaqları hesabına qurmaq istədikləri xəyali “böyük Ermənistan” ideyası fiaskoya uğrayıb. Prezident İlham Əliyev bu xüsusda demişdir: “Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayır­lar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallı­ğa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.

Yuxarıda qeyd etdiyimiz kimi, regionda artıq səkkiz aydan çoxdur ki, postmüharibə dövrü yaşanır. Görünən budur ki, bu dövr ərzində proseslər müharibədə qalib və ədalətli tərəfin – rəsmi Bakının əvvəlcədən müəyyən etdiyi ssenari əsasında həyata keçirilir. Sülh prosesləri kifayət qədər çətin və təzadlı olsa da, Azərbaycan dövləti və onun liderinin yüksək qətiyyəti və prinsipiallığı sayəsində addım-addım irəli gedir.

Məlum olduğu kimi, bu günlərdə Rusiya dövlətinin başçısının dəvəti ilə Prezident İlham Əliyev Moskvada işgüzar səfərdə olub. Azərbaycan və Rusiya dövlətlərinin rəhbərləri bir çox geosiyasi və geoiqtisadi məsələlər üzrə geniş müzakirələr aparıblar. Prezident Vladimir Putin “Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsi ilə bağlı kompromis qərarlar tapdı­ğı” üçün Azərbaycan Prezidentinə təşəkkür edib.

Azərbaycan və Rusiya prezidentlərinin görüşündə vacib məqamlardan biri də budur ki, V.Putin söhbət əsnasında bir dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməyib. Ümumiyyətlə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova görə, iki saatlıq söhbət ərzində iqtisadi əməkdaşlıq, koronavi­rusa qarşı mübarizə, vaksinlərin birgə istehsalı və Ermənistan–Azərbaycan münaqişəsi tam müzakirə olunub.

Azərbaycan bu gün dünyanın bö­yük güc mərkəzlərindən biri olan Avro­pa İttifaqı (Aİ) də hərətərəfli əlaqələrini genişləndirir. Aİ Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfəri bir sıra məqamları ilə diqqət çəkib. Prezident İlham Əliyevin və Şarl Mişe­lin bu il iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransında da bütün bunlar barədə ətraflı bəhs edilib. Təqdirəlayiq haldır ki, Aİ-nin yüksək yetkilisi Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanmalı olduğunu vurğulayıb.

Azərbaycanın postmüharibə dönəmindəki diplomatik müstəvidə parlaq uğurları göz önündədir. Azərbaycan Prezidenti bu barədə belə demişdir: “Diplomatik müstəvidə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr – Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşul­mama Hərəkatı – bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaş­dıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaş­dırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək”.

Azərbaycan “Zəngəzur nəqliyyat dəhlizi”nin açılmasında maraqlıdır. Bu prosein əsas aparıcı qüvvəsi rəsmi Bakıdır. Azərbaycan sözügedən dəhlizin açılması üçün ciddi işlər görür. Dövlətimizin başçısı qeyd edib ki, hazırda nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Soruşa bilərsiniz: Nə üçün yazırlar? Azərbaycan Prezidentinın bu suala verdiyi cavab tamamilə aydın və məntiqlidir: “Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qur­tarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun”.

Bəli, bu gün Azərbaycan diploma­tiyasının gündəliyi Avropa İttifaqının, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da Bakının təkliflərini dəstəkləyirlər. Ermənistan isə konstruktiv dialoq əvəzinə, minbir bəhanə gətirir. Bu, səhv yoldur. Rəsmi İrəvan yeni reallıqları qəbul etməlidir – istəsə də, istəməsə də. Heç vaxt unut­mamalıdır ki, dəmir yumruq yerindədir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istər müharibədə sıradan çıxarılan, istərsə də yürütdüyü işğalçı­lıq siyasətinə görə iqtisadi blokadaya düşən Ermənistan qarşısında alterna­tivin qalmadığını dərk edib, bərpa və əməkdaşlıq prosesinə qoşulmalıdır. Nəqliyyat və kommunikasiya xətlərinin açılmasında regional və beynəlxalq aktorlar maraqlıdır və bu, qarşısıalın­maz prosesdir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

3 Avqust 2021 00:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə