Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QMİ sədri Türkiyəyə başsağlığı məktubu göndərib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaşa başsağlığı məktubu göndərib.

QMİ-nin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, məktubda deyilir:

 

"Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar bizi hədsiz sarsıtdı. Azərbaycan və Qafqaz müsəlmanları adından cənabınızın şəxsində bütün qardaş türk xalqına, yanğınlarda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm. Uca Rəbbimizə dua edirik ki, Türkiyə Cümhuriyyətinin müdrik dövlət rəhbərinin atdığı qətiyyətli addımlar sayəsində qüdrətli Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gəlsin, inşallah! Hər zaman olduğu kimi, bu çətin günlərdə Azərbaycan dövləti və xalqı hər qardaş Türkiyənin yanındadır".

QMİ sədri deyib ki, bu günlərdə Azərbaycanın məscidlərində qardaş Türkiyə dövlətinin yanğınlarla bağlı bu sınaqdan da tezliklə qurtulması üçün dualar edilir:

"Qürurvericidir ki, fəlakətin nəticələrinin aradan qaldırılmasında müvafiq qurumlarımız çiyin-çiyinə mübarizə aparmaqdadır. Əminəm ki, birgə səylərimiz öz nəticəsini verəcək inşallah. Bir daha Sizə həlak olanlarla bağlı dərin hüznlə başsağlığımızı ifadə edirəm. Cənabi Haqq qardaş ölkələrimiz və xalqlarımızı hər zaman qalib və bəxtiyar qərar versin! Allah-Təala bizləri bəlalardan hifz etsin, Amin!"

2 Avqust 2021 15:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
24 Sentyabr 2021 | 18:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə