Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ana dilimizin bayram günü

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan Dili Günü

 

Bu gün xalqımız və dövlətimiz iyirminci dəfədir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü bayram edir. Ölkəmiz 2001-ci il avqustun 1-dən tam və qəti olaraq latın qrafikalı yeni Azərbaycan əlifbasının tətbiqinə keçmiş, dövlət başçımız Heydər Əliyev 9 avqust 2001-ci ildə həmin günün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi barədə fərman imzalamışdır.

 

Dövlətimiz siyasi müstəqillik qazan­dıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusi­yası milli dövlət quruculuğunun hüquqi bazasını formalaşdırmış oldu. Bu sənədə -- suveren Azərbaycan dövlətinin Əsas Qanununa dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi ulu öndərin ana dilimizə rəsmi status verilməsi uğrunda apardığı çoxillik mübarizənin məntiqi nəticəsi idi. Heydər Əliyev Azərbaycan dilini nəinki müstəqil dövlətimizin əsas atributlarından, eyni zamanda, dövlət quruculuğunun ən mühüm amillərindən biri hesab edirdi: "Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dili­mizi xarici təsirlərdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın qurulmasında ana dilimiz -- Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.”

Azərbaycan dilinin Konstitusiyanın 21-ci maddəsində təsbit edilmiş dövlət dili statusu ana dilimizin ən yüksək ictimai dəyərini təmin edir. Konstitusiya­nın qəbulundan keçən illər ərzində dil siyasətinin ayrı-ayrı konkret cəhətləri, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı iyirmidən artıq yeni sənədin – müxtəlif qanunla­rın qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimizə – dövlət dilinə çox böyük önəm verdiyini, ona, sadəcə, dövlətçilik atributu kimi deyil, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir.

Ana dilimizin inkişafı, qorunması, fəaliyyətinin təmin edilməsi kimi tarixi missiyanın yerinə yetirilməsində ümum­milli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. XX əsrin sonları – XXI əsrin əvvəllərində Azərbaycan dilinin dövlət dili statusu qazanması, diplo­matiya aləminə yol açması, ən yüksək beynəlxalq cəmiyyət və təşkilatların kürsülərindən səslənməsi bilavasitə ulu öndərin adı ilə bağlıdır. Bu iş Heydər Əliyevin həyat amalına çevrilmiş, ictimai-siyasi fəaliyyətində xüsusi yer tutmuşdur. Onun çıxışlarında dil siyasəti, dil quru­culuğu, dil mədəniyyəti, yazı və əlifba məsələləri dərin məntiqi mühakimələrlə əsaslandırılırdı. O, Azərbaycan dilinə xalqımızın ən dəyərli mənəvi sərvəti kimi yanaşırdı. Elə bir ciddi toplantı olmur­du ki, orada dilimiz, milli mənliyimiz, tariximiz, mədəniyyətimiz haqqında söz açmasın. Böyük rəhbər dönə-dönə qeyd edirdi ki, ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. “Hər bir xalqın milli­liyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan dili bizi keçmişdə və indi olduğu kimi, gələcəkdə də birləşdirəcəkdir.”

İştirak etdiyi elə bir tədbir olmazdı ki, ulu öndər orada Azərbaycan dili­nin problemləri ilə bağlı dəyərli fikirlər söyləməsin. Dünya Azərbaycanlılarının Birinci Qurultayında o, bütün soydaş­larımıza üz tutaraq demişdi: “Əziz həmvətənlər! Ürəyimdən gələn fikirləri bir daha sizə bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən də həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı -- Azərbaycanın dilini, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşatmalıyıq.”

Prezident İlham Əliyev dövlət idarəçiliyinin bütün sahələrində oldu­ğu kimi, dil siyasətində də ulu öndərin strateji xəttini inam və uğurla davam etdirir. Dövlət dilimizin statusunun və işləkliyinin təmin edilməsi, təmizliyinin qorunması, tətbiqinin və tədqiqinin genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olun­muş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişa­fına dair” Dövlət Proqramı bu mənada müstəsna əhəmiyyət daşıyır. Şübhəsiz ki, hər bir xalqın mənəvi sərvətləri sırasında ana dilinin heç bir dəyərlə müqayisəyə gəlməyən çox böyük əhəmiyyəti vardır. Ana dili xalqın varlığını təmin edən ən önəmli amildir. Ana dili sadəcə ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin, ümumən mənəvi varlığının ifadə vasitəsidir. Buna görə də müasir beynəlxalq inteqrasiya şəraitində ana dilimizin qorunması, onun toxunul­mazlığının və işləkliyinin təmin edilməsi bir millət və dövlət olaraq bizim ən başlıca vəzifəmizdir.

Əfsus ki, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu nəzərə almayan bəzi mətbuat orqanlarında, televiziya kanalla­rında, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları müşahidə olunur. Bəzən Azərbaycan dili­nin leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur. Bir çox hallarda dilimizin tarixinə və mənşəyinə dair səsləndirilən yanlış və qərəzli mülahizələr media orqanlarına yol tapır. Bu məqamda müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sözlərini bir daha xatırlatmaq yerinə düşər: “Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin qorunması və inkişaf etdirilməsidir.”

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev dövlət proqramının tələblərinə biganə münasibətin hələ də müşahidə olunduğunu nəzərə alaraq 2017-ci ilin oktyabrında dövlət dilinin KİV-də istifadə olunması ilə bağlı dilçi mütəxəssis və media nümayəndələrinin iştirakı ilə mövcud vəziyyətin geniş müzakirəsi və çıxış yollarının müəyyən edilməsi barədə xüsusi göstəriş vermişdi. Bununla əlaqədar keçirilmiş konfransda vurğulandığı kimi, qarşıda duran əsas vəzifə bu cür halların aradan qaldırıl­ması, media orqanlarının dövlət dilinin qorunması işinə daha peşəkar səviyyədə yanaşmasını təmin edilməsi idi.

Prezident İlham Əliyev dövlət dilinin qorunması məsələsini həmişə diqqət mərkəzində saxlamış, 2015-ci ildə AMEA-nın 70, 2019-cu ildə BDU-nun 100 illik yubileylərinə həsr olunmuş yığın­caqlardakı nitqlərinin böyük hissəsini bu mövzuya həsr etmişdi. 2018-ci il iyulun 18-də dövlət başçımız Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında sərəncam imzalamışdır. Nəhayət, 1 noyabr 2018-ci ildə dövlət dilinin qo­runması və işləkliyinin təmin edilməsi məsələsinin vacibliyini nəzərə alan cənab İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzala­mışdır. Sənəddə cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində Azərbaycan dilinin daha geniş işlədilməsinin təmin edilməsi məqsədilə müxtəlif konkret tədbirlərin keçirilməsi, o cümlədən Dövlət Dil Komis­siyasının yanında Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulurdu.

Prezident İlham Əliyevin son dövrlərdəki müsahibə və çıxışlarında nü­mayiş etdirilən yüksək nitq mədəniyyəti, məntiq və qətiyyət, fikir və emosiyaların mükəmməl ifadəsi onun dil məsələsində ulu öndərin ənənələrini yalnız nəzəri olaraq deyil, əməli cəhətdən də uğurla davam etdirdiyini əyani şəkildə göstərir.

Azərbaycan dövlətinin apardığı ardıcıl, əzmkar dil siyasətinin fonunda müşahidə olunan real mənzərə göstərir ki, dilimizin qorunması uğrunda mübarizənin səmərəli olması üçün dövlət dilinin statusunu və işləkliyini bütün sahələrdə təmin etməklə yanaşı, cəmiyyətimizdə, ictimai rəydə, xüsusən ziyalı mühitində ana dilimizi mükəmməl bilməyin, düzgün işlətməyin həyat norması, yüksək insani dəyər və vətəndaşlıq keyfiyyəti kimi qəbul edilməsinə nail olmaq lazımdır.

İlham ABBASOV, “Xalq qəzeti”

 

1 Avqust 2021 02:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə