Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Dövlət katibi Hindistan və Küveytə səfər edəcək

 

ABŞ-ın Dövlət katibi Entoni Blin­ken gələn həftə Hindistana səfər edəcək. Dünən Dövlət Departamen­tinin rəsmisi bildirib ki, bu, ABŞ-ın ən yüksək vəzifəli diplomatının Hindistana ilk səfəri olacaq. Xəbəri “Amerikanın səsi” radiosu yayıb.

Qeyd edək ki, E.Blinken Hindistan­dan əvvəl bu ilin 26-29 iyun tarixlərində Küveytə səfər edərək oradakı rəsmilərlə görüşəcək. E.Blinkenlə eyni vaxtda ABŞ-ın Müdafiə naziri Lloyd Austin Cənub-Şərqi Asiyaya səfər edəcək. Dövlət katibinin müavini Vendi Şerman isə ondan öncə Çinə yola düşəcək.

Amerika Birləşmiş Ştatları Hindistanı Çinin getdikcə artan iddialı davranış­ları ilə mübarizə səylərində mühüm bir tərəfdaş olaraq görür. Beləliklə, gələn həftənin çərşənbə günü Dehlidə Blin­kenin Hindistanın Baş naziri Narendra Modi və Xarici İşlər naziri Subrahman­yam Jaişankar ilə görüşü planlaşdırılır.

Gündəmdəki mövzular arasında Hind-Sakit Okean razılaşması, ortaq regional təhlükəsizlik maraqları, demok­ratik dəyərlər və iqlim böhranının həlli ilə yanaşı, koronavirus pandemiyası ilə mübarizə də yer alacaq. Blinken Çinin artan nüfuzuna qarşı tərəfdaş olaraq görülən “Dördlük qrupu” ölkələrinin – Hindistan, Yaponiya, Avstraliya və ABŞ-ın liderlərinin sammitin təşkili məsələsini də müzakirə edəcək.

Bu ilin mart ayında Ağ ev bu ölkələrin virtual zirvə görüşünə evsahibliyi etmişdi və o zaman onlar Hindistanın dərman istehsalçısı “Biological E Ltd” ilə 2022-ci ilin sonunadək ən azı bir milyard doza koronavirus peyvəndi istehsal etməsi barədə razılığa gəlmişdi.

Lakin bir müddət sonra Hindistan COVID-19-un fəlakətli bir yoluxma dalğasına məruz qaldı və Modiyə qarşı ölkədaxili vaksinasiya səyləri ilə bağlı sərt tənqidlər fonunda vaksin ixracını dayandırdı.

Yoluxmalar artdığı zaman ABŞ Hin­distanda vaksinlər üçün xam material, tibbi avadanlıqlar və qoruyucu vasitələr göndərmişdi. Bundan əlavə, ABŞ-ın avqust ayının sonuna qədər Hindistana 3-4 milyon doza peyvənd göndərəcəyi gözlənilir.

“Hindistan COVID-19-la mübarizədə olduqca kritik bir ölkədir”, – deyə Blin­ken iki gün əvvəl populyar MSNBC-yə verdiyi müsahibəsində bildirib. O deyib ki, Hindistan bir müddət sonra dünyada mühüm bir peyvənd mənbəyi olacaq.

Xatırladaq ki, ötən ilin noyabr ayında Hindistan, ABŞ, Yaponiya və Avstraliya Çinin bölgədəki artan hərbi və iqtisa­di gücünü balanslaşdırmaq səyləri çərçivəsində son on ilin ən böyük birgə dəniz təlimlərini keçiriblər.

M.HACIXANLI, “Xalq qəzeti”

25 İyul 2021 01:12 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Sentyabr 2021 | 00:43
COMAC-ın açıqlaması
18 Sentyabr 2021 | 00:40
Ukraynada rekord yoluxma
18 Sentyabr 2021 | 00:39
Hollivud ulduzu vəfat edib
17 Sentyabr 2021 | 00:16
“Google” cərimələnib

Köhnə versiyamızdan xəbərləri izlə