Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dahi şairin adına layiq

2021-ci il – Nizami ili

 

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir.

 

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm hadisə kimi qarşılanmışdır. Bu, doqquz əsrə yaxındır ki, xalqın qəlbində yaşayan ölməz şairə sonsuz hörmət və izzətin, məhəbbətin daha bir bariz nümunəsidir.

 

Hər şair xalqın qəlbində əbədi yaşaya bilmir. Amma Nizami Gəncəvi əbədiyaşardır və bundan sonra da əsrlər boyu yaşayacaqdır. Bilirsiniz niyə belədir? Sualın ən yaxşı cavabını ulu öndər Heydər Əliyev 2000-ci ilin may ayının 24-də Nizami Gəncəvinin məqbərəsini ziyarət edərkən deyib: “Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. O, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Onun əsərləri təkcə şeirdən ibarət deyildir,onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır”.

Qeyd edək ki, Heydər Əliyev Niza­mi irsinə daim xüsusi diqqət yetirmiş­dir. Məhz ümummilli liderin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdır­maq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği baxı­mından olduqca əhəmiyyətli tarixi bir sənəddir. Dahi şairin1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri bu gün də yaddaşlardan silinmir və ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami irsinin öyrənilməsi, qorunub saxlanması və bütün dünyada təbliği ilə bağlı Heydər Əliyev ənənələrini bu gün də davam etdi­rir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illi­yi dövlət səviyyəsində silsilə tədbirlərlərlə yadda qalmışdır. Ölkə başçısı demişdir: “Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq dün­ya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur”.

2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar görülən işlər, həyata keçirilən tədbirlər haqqında ilk olaraq Gəncə Regional Mədəniyyət İdarəsinə müraciət etməyimiz də təsadüfi deyil. Nizami Gəncədə doğulub boya- başa çatıb. O, bu qədim şəhəri bir gün də tərk etməyib.Gəncədə iki müqəddəs yer varsa, biri İmamzadə, digəri Niza­mi məqbərəsidir. Ona görə də burada keçirilən hər bir tədbir, deyilən hər söz diqqəti cəlb edir, böyük maraq doğurur.

Müsahibimiz Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovdur.

– Vasif müəllim, “Nizami ili” necə keçir?

– Əvvəla, 2021-ci ili “Nizami Gəncəvi ili” elan etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Gəncənin və Gəncəbasarın mədəniyyət işçiləri adından dərin təşəkkürümü bildirirəm. Düzü, Nizaminin bu torpağın oğlu olması bizim üzərimizə ikiqat məsuliyyət qoyur.

Qeyd edim ki, ölkə Prezidentinin mü­vafiq sərəncamından sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair 31 mart 2021-ci il tarixli tədbirlər planı” olub. Bunun ardınca Gəncə Regional Mədəniyyət İdarəsi özünün ayrıca tədbirlər planını hazırlamış və bu ilin yanvar ayından başlayaraq, regional idarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Goran­boy, Samux, Kəlbəcər və Xocalı rayon mədəniyyət müəssisələrində silsilə tədbirlər – rəsm, kitab sərgiləri, kitab müzakirələri, “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, Nizaminin sözlərinə yazılmış musiqi əsərlərindən ibarət konsertlər, poeziya saatları və sair bu kimi tədbirlər keçirilmişdir.

Təbii ki, tədbirlər həm kütləvi, həm də respublikada COVID-19 infeksiyası ilə əlaqədar karantin rejimi qaydaları­na uyğun olaraq onlayn formada təşkil edilir. COVID-19-la bağlı məhdudiyyətləri nəzərə alaraq bu ilin ilk üç ayında daha çox videokonfranslara, digər onlayn tədbirlərə üstünlük vermişik. Lakin keçirdiyimiz tədbirlərin adlarına baxmaq kifayətdir ki, onun necə çoxşaxəli olması sizdə təsəvvür yaratsın. Məsələn, “Ölməz Nizami” adlı videokonfrans Goranboy Rayon Mərkəzi Kitabxanasında baş tutdu. Onun ardınca “Mahir söz ustası” adlı şeir saatı Gəncə şəhər MKS-nin 2 saylı filialında təşkil olundu. Sonrakı günlərdə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Kərpickəsən kişinin dastanı” adlı onlayn şeir saatı Gəncə şəhər MKS-nin Uşaq kitabxanasında keçirildi və ol­duqca maraqla qarşılandı. Gəncə Şəhər Mərkəzi kitabxanasında “Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında” kitabının onlayn təqdimatı da öz ətrafına xeyli nizamisevər topladı.

– Deyəsən, kitabxanaların gücündən daha çox istifadə edirsiniz...

– Bilirsiniz, kitabın, kitabxanaların təsir gücü daha böyükdür. Təsadüfi deyil ki, Gəncə Şəhər Mərkəzi Kitab­xanasının 19 saylı filialının “2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması klassik ədəbi irsimizin azərbaycançılıq məfkürəsi işığında tədqiq edilməsinə bir töhfə kimi” onlayn görüşü böyük əks-səda yaratdı. Gəncə, Samux Heydər Əliyev mərkəzlərinin qış, yaz aylarında keçirdikləri tədbirlər haqqında hələ də söhbət açılır. “Nizami hər sözü demiş birinci, qoymamış cilasız qalsın bir inci...” adlı onlayn tədbir də unudulmur. Gəncə şəhər MKS-nin 11 saylı filialı, Gəncə Mədəniyyət Mərkəzinin diyarşünaslıq evi ilə birlikdə keçirilən həmin tədbirdən sonra respublikanın bir çox bölgələrindən məktublar almışıq.

– Bilirik ki, açıq havada keçirilən tədbirlərə üstünlük verirsiniz. Yəqin pandemiya məcbur edir?

– Təkcə ona görə yox ki, qapalı məkanlarda geniş tədbir keçirmək bir qədər risklidir. Yox, sadəcə açıq hava­da keçirilən tədbirlər daha təsirli, təbii və səmərəli olur. Goranboyda “Dahi Azərbaycan şairi” adlı mühazirə saatı təşkil etdik. Bilirsiniz harada? Rayondakı “Xəmsə” baralyefinin önündə. Tədbirə toplaşanlar həm maska taxmışdılar, həm də adamlar özləri məsafə saxlayırdılar. Goranboy Rayon Mərkəzi Kitabxanasının, Heydər Əliyev Mərkəzinin və tarix-diyar­şünaslıq muzeyinin iştirakı ilə keçirilən bu tədbirə xeyli rayon sakini toplaşmışdı. Nizaminin qəzəlləri, sözlərinə yazılmış musiqi parçaları, şairin yaratdığı obraz­lar adamların o qədər xoşuna gəlmişdi ki, tədbirdən sonra hərə öz təəssüratını söyləyir, “zövq aldıq” deyirdilər.

Yeri gəlmişkən qeyd edim ki, açıq havada keçirilən tədbirlərdə Gəncə Dövlət Dram Teatrının kollektivi xüsusi fəallıq göstərir. Uzun illərdir ki, aktyorlar bu sahədə zəngin təcrübə əldə etmişlər. Nizami qəhrəmanlarının canlı obrazı­nı yaratmış sənətkarlar istənilən hava şəraitində istədiklərinə nail ola bilir, tama­şaçıların rəğbətini qazanırlar. Artıq xarici ölkələrdə də gəncəli aktyorları tanıyır və bəyənirlər. “Xəmsə” ədəbi-bədii kom­pozisiyası ilə Türkiyə Cumhuriyyətində keçirilən “Uluslararası kısa performans­lar festivalı”nda iştirak edən kollektiv haqqında xoş sözlər söylənilir. Qeyd edim ki, teatrın Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompozisiyası Turkiyə Res­publikasında keçirilən onlayn tamaşalar festivalında fəxri fərmana layiq görülmüş­dür.

– Teatrdan söz düşmüşkən, ötən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Gəncədə açıq havada “Zərrabi” Poeziya Te­atrı yaradılıb. Amma bir arada onun fəaliyyətində durğunluq hiss olunurdu. “Nizami ili”ndə bu teatrın gücündən istifadə olunacaqmı?

– Nizami Gəncəvi irsinin təbliğində, teatr yaradıcılığının səhnə materialına çevrilməsində Gəncə Dövlət Poeziya Teatrının əvəzsiz xidmətləri olub. Müxtəlif adlarla – Gəncə Dövlət Poeziya, Niza­mi Poeziya, “Zərrabi” Nizami Poeziya teatrları kimi fəaliyyət göstərən bu sənət ocağında elə əsərlər tamaşaya qoyulub ki, bu gün də onlar haqqında maraqla və razılıqla söhbət açılır. 1979-cu ilin payızında Nizami Gəncəvi irsindən “Slavyan gözəli haqqında hekayət” ilə həyata vəsiqə qazanan bu teatr bir-birinin ardınca “Şairin gənclik illəri”, “Xeyir və Şər”, “Gül və Zəhər” ,“Zəhmət dastanı” “Məhəbbət əfsanəsi”, “Leyli və Məcnun”, “Çoban və Bəhram” və başqa tamaşalar­la yadda qalıb.

Belə bir sənət ocağını, özü də, üstəlik, “Nizami ili”ndə biz diqqətdən kənarda saxlaya bilmərik. Artıq bir neçə dəfə burada, açıq havada tamaşa göstərilib. Lakin dahi şairin 880 illiyinə daha ciddi hazırlıq görülür. Nizami Gəncəvinin “Sirlər xəzinəsi”nin motivləri əsasında bütöv bir tamaşa hazırlanır. Bundan başqa, “Xəmsə”yə əsaslanan, hər biri 10 dəqiqəlik filmləri də yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.

Nizami ilində regional idarənin ən böyük məqsədlərindən biri şairin ədəbi ir­sinin beynəlxalq səviyyədə təbliğ olunma­sı, keçirilən tədbirlərin səmərəliliyinin və kütləviliyinin artırılmasıdır. Samux Rayon Heydər Əliyev Mərkəzinin Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğu və respublikanın Gəncə, Abşeron, Şəki, Yevlax, Qax, Qəbələ, Balakən, Yardımlı, Zaqatala, Oğuz, Ucar, Beyləqan Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının, Ukraynada yaşayan soydaşlarımızın “Aynur xatun” qadın cəmiyyətinin və “Odlar yurdu” Gənclər Təşkilatının iştirakı ilə “Azərbaycandan dünyaya doğan Günəş – Nizami Gəncəvi və Heydər Əliyevin şairə olan rəğbəti” adlı onlayn tədbirimiz bu baxımdan ma­raqla qarşılanmışdır.

“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. Nizami yaradıcı­lığı bütün dünyada sevilir. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxana­larında və arxivlərində saxlanılır. Nizami yaradıcılığı yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçilir. Hələ orta əsrlərdə – Renessans dövründə bir çox Avropa ədibləri Nizaminin əsərlərinə müraciət edib”. Azərbaycan Respubli­kasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dediyi bu sözlər bir daha göstərir ki, Nizami, sözün həqiqi mənasında, dahi şəxsiyyət olub. Bəli, o, bəşəri bir şairdir. Milliyyətindən, dinindən asılı olmayaraq, bütün xalqlar onu tanıyır və əsərlərini sevə-sevə oxuyurlar. “Niza­mi Gəncəvi dünya ədəbiyyatında” adlı beynəlxalq elmi-praktik konfrans keçirdik. Dahi şairin böyüklüyü, ülviliyi, tolerantlığı və digər məziyyətləri ilə bağlı elə faktlar səsləndirdilər ki, adam özünün də bu xalqın nümayəndəsi olmasından qürur duydu.

– Rəhbərlik etdiyiniz regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrində də Vətən müharibəsi şəhidləri, qazilər var. Onların ailələri ilə müntəzəm əlaqə saxlamağınızı, lazımi kömək göstərməyinizi də bilirik. Amma şəhid ailə üzvləri üçün Nizami məqbərəsinə ekskursiyaların təşkili bizi xüsusilə maraqlandırdı...

– Bəli, həm məqbərəyə, həm də Niza­mi muzeyinə ekskursiyalar təşkil etdik. Ni­zami Gəncəvinin əsərlərində qəhrəmanlıq motivləri, hərbi-vətənpərvərlik mövzu­su kifayət qədərdir. İnanırsınızmı, bu gəzintilərdən sonra mən şəhid yaxınla­rının, qazilərin sifətində bir qürur hissi gördüm.

Şəhidlərimiz bizim baş tacımızdır. On­ları unutsaq, özümüz unudularıq. Tez-tez evlərində oluruq, problemləri ilə maraqla­nırıq, əlimizdən gələn köməyi əsirgəmirik. Bu günlərdə Vətən müharibəsi şəhidi Hikmət Məmmədovun barelyefinin açılışını etdik. O, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi idi. Yaşadığı evin önünə vurdu­ğumuz barelyefə görə ailə üzvləri heç bi­lirsiniz necə sevinirdilər? Yeri gəlmişkən, şəhidlərin barelyeflərini, büstlərini gəncəli heykəltaraş Qasım Qasımov hazırlayır və özü də təmənnasız. Biz bu günlərdə onu mükafatlandırdıq, xeyirxah işini qeyd etdik. Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı heykəltəraş Qasım Qasımov indiyədək I və II Qarabağ müharibələrində şəhid olmuş 60 nəfərdən çox Azərbaycan övla­dının büst və barelyeflərini hazırlayıb.

…Şəhər və rayon icra hakimiyyətləri ilə daha yaxından, əlaqəli fəaliyyət göstərməyə üstünlük veririk. Nizami ili ilə əlaqədar istər Gəncə şəhərində, istərsə də ətraf rayonlarda maraqlı tədbirlər planı hazırlanıb və həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov idarəmizin işinə böyük kömək göstərir, öz məsləhətlərini verir, “Nizami Gəncəvi ili”ni yüksək səviyyədə başa çatdırmaq üçün bütün imkanlardan mak­simum istifadə olunmasını tövsiyə edir.

Biz Mədəniyyət Nazirliyinin, şəxsən nazir Anar Kərimovun bu işdə konkret diqqət və qayğısını hər gün hiss edirik. Görürük ki, dahi şairin 880-ci ildönümünü yüksək səviyyədə keçirmək üçün bütün işlərə necə böyük məsuliyyətlə yanaşı­lır, qarşımızda duran vəzifələr ən xırda detallarına kimi bizə tapşırılır və hesabat tələb olunur.

Qələmə aldı:Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

25 İyul 2021 00:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə