Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstifadə olunan vaksinlər koronavirusun “Delta” ştammına qarşı effektlidir

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına verdikləri açıqlamada qeyd olunur ki, ikinci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, auto­immun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü, yəni qüvvətləndirici (buster) doza kimi qəbul oluna bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilən 2 doza haqqında məlumat əks olunacaq. Açıq­lamada, həmçinin bildirilir ki, iyulun 2-dən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkədə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet ser­tifikatı” müddətsiz olaraq uzadılır. İyulun 2-dən əvvəl 1 doza vaksin vurduran şəxslər isə 2-ci doza mütləq vurdurmalıdır.

BMT-nin xəbərlər xidmətinin yaydığı məlumatda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qeb­reyesus bəyan edib ki, COVID–19 ilə bağlı vəziyyət getdikcə ağır­laşır. Belə ki, artıq dördüncü həftədir ÜST-nin altı bölgəsindən beşində yoluxma halları çoxalıb. O, zəngin ölkələri buster (3-cü, qüvvətləndirici) dozalar üçün vaksinləri tədarük etməyə deyil, onları yoxsullarla bölüşməyə çağırıb. “10 həftə ərzində davamlı olaraq azalan ölüm hallarının sayı yenidən yüksəlir. Biz, dünyanın bütün bölgələrindən xəstəxanaların yenidən tam gücünə qayıtdığı barədə xəbərlər alırıq. Koronavi­rusun “Delta” variantı, dünyada sürətlə yayılaraq, yeni yoluxma və ölüm halları sayının artması­na səbəb olur”, – deyə Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

Bu günə qədər “Delta” vari­antının aşkar edildiyi ölkələrin sayı 100-ü keçib və çox güman ki, ÜST rəhbərinin dediyi kimi, o, bütün dünyada dominant olacaq. T.Qebreyesus deyib: “Vaksina­siyanın az keçirildiyi ölkələrdə vəziyyət xüsusilə ağırdır. “Delta” və yüksək ötürülmə dərəcəsi olan digər variantlar həmin ölkələrdə fəlakətli yoluxma dalğaları yaradır ki, bu da çox sayda yoluxanların xəstəxanaya yerləşdirmə və ölüm hallarına səbəb olur”, – deyə ÜST rəhbəri vurğulayıb. O, hətta daha əvvəl səhiyyə sistemləri sayəsində böyük bir epidemiyanın qarşısını almağı bacaran ölkələrin belə indi pandemiyanın mərkəzində oldu­ğunu qeyd edib. ÜST-nin Baş di­rektoru etiraf edib ki, deyə bilmərik ki, yalnız vaksinlərin köməyi ilə böhrandan çıxmaq mümkün ola­caq. Amma ona əminik ki, peyvənd virusa qarşı mübarizədə mümkün olan bütün vasitələrdən ən güclü­südür. “Dünya COVID –19 virusu­nun dəyişməyə və daha yoluxucu olmağa davam etdiyini real zaman rejimində müşahidə edir. Bu gün demək istəyirəm ki, biz ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin gərginləşməsini yaşa­yırıq və bu vəziyyət daha böyük dərəcədə insan həyatı, yaşamaq üçün zəruri olan vasitələr, dün­ya iqtisadiyyatının bərpası üçün təhlükə yaradır", – deyə ÜST rəhbəri bildirib.

Onun sözlərinə görə, vaksinlərin çox az olduğu yerdə vəziyyət nəzərəçarpacaq dərəcədə daha pisdir, lakin pandemiya heç bir yerdə bitməyib. “Hazırkı kollektiv strategiya mənə meşə yanğını ilə mübarizə aparan yanğın komandasını xatırladır. Bir yerdə su ilə suvarma yalnız həmin yerdə alovu azalda bilər, lakin yanğın hər hansı bir yerdə közərməyə davam edərsə, qığılcımlar nəticədə yayılıb yenidən qorxunc bir alova çevriləcək”, – deyə Tedros Qebre­yesus vurğulayıb. O, xəbərdarlıq edib ki, kollektiv müqavimət olma­dan bu “pandemik cəhənnəm odu” söndürülə bilməz.

Baş direktor peyvəndlərin qeyri-bərabər və ədalətsiz paylan­dığını xatırladıb: bəzi ölkələr və bölgələr milyonlarla buster dozası sifariş edir, eyni zamanda, digər ölkələrdə səhiyyə işçiləri və ən həssas əhali qruplarının vaksi­nasiyası üçün lazım olan sayda vaksin yoxdur. “Nisbətən yüksək vaksinasiya əhatəsi olan ölkələr buster vaksinlərinin tədarükünə üstünlük vermək əvəzinə, COVAX sisteminin tədarükünə səylərini yönəldə bilərdilər”, – deyə Tedros Qebreyesus qeyd edib. O, bütün dərman şirkətlərini lisenziyalarını, yeniliklərini və texnologiyalarını bölüşməyə çağırıb. ÜST rəhbəri qeyd edib ki, “AstraZeneca” artıq belə bir addım atıb – bütün dünya­da peyvəndlərin lisenziyalaşdırıl­masını aparıb və onların istehsalını genişləndirib. O bildirib ki, Avropa, Hindistan və Koreya Respub­likasından əlavə Ümumdünya Səhiyyə Təşkilatı Yaponiya və Avstraliyadakı iki istehsal gücünü fövqəladə hallarda istifadə etmək üçün peyvənd siyahısına əlavə edib. Beləliklə, lisenziya müqaviləsi nəzərə alınaraq, “AstraZeneca”nın istehsal ediləcəyi yerlərin sayı beşə çatıb.

T.Qebreyesusun həmkarı, ÜST-nin immunlaşdırma üzrə eksperti Ann Lindstrand jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ÜST-nin buster dozalarının məqsədəuyğunluğunu təsdiq edən kifayət qədər faktiki məlumatı yoxdur. Digər vaksinlərdə olduğu kimi, koronavirus əleyhinə peyvəndin effektivliyi də vaxt keçdikcə azalır. Lakin tədqiqatlar göstərir ki, ümumilikdə peyvəndlər kifayət qədər yüksək müdafiə səviyyəsini təmin edir. O əlavə edib ki, indi peyvənd olunmuş insanları əlavə müdafiə etmək üçün vaksinləri satın almaq deyil, hər şeydən əvvəl, daha çox insanlara ilk mərhələdə peyvənd vurmaq lazımdır.

ÜST-nin aparıcı elmi işçisi Sumya Svaminatan isə hesab edir ki, müdafiəni gücləndirmək üçün nəzərdə tutulan təkrar peyvənd dövriyyəsinə – buster dozalarına başlamaq ən azı bir və ya iki ildən sonra mümkün olacaq.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında “İmmunitet sertifikatı” barədə də məlumat verilib. Bildirilir ki, “İm­munitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edən sənəddir. COVID –19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi ver­miş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanın­da 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib. 2021-ci il iyulun 2-dən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifi­katı” müddətsiz olaraq uzadılır. Bu tarixdən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar. “Peyvənd sertifikatı” COVID –19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID –19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı” müddətsizdir.

Qeyd etməliyik ki, COVID –19 infeksiyasının “Delta” ştammının əsas əlamətləri mədə-bağırsaq pozuntusu, yüksək hərarət və nevroloji narahatlıqlardır. Bu ştammla xəstələnən zaman ağciyər zədələnmələrinə rast gəlinsə də, bu, əsas simptom hesab edilmir. “Ötən müddət ərzində yeni növ koronavirus infeksiyası ilə bağ­lı müəyyən təcrübəyə yiyələnə bilmişik. Əldə edilən təcrübəyə əsasən, virusun əlamətləri daha çox ağciyərlərdə deyil, başqa orqanlarda özünü büruzə verərsə, ağciyərlər daha az zədələnir. Belə olan halda, ölüm halları az müşahidə edilir. Yəni, mədə-bağırsaq pozuntusu və yaxud da nevroloji narahatlıqlar ölümcül deyil”. Bu fikirləri tibb elmləri dok­toru, professor Əlizamin Sadiqov koronavirusun “Delta” ştammı və onun əsas əlamətləri ilə bağlı məlumat verərkən deyib. Pulmono­loq bildirib ki, virus sərhəd tanımır: “Bütün orqanları həm ayrı-ayrılıq­da, həm də eyni vaxtda zədələyə bilər. Odur ki, sosial məsafə qorunmalı, dezinfeksiya məhlulları və tibbi maskadan istifadəyə riayət edilməlidir. Ən əsası isə, vaksinasiyadan keçmək vacibdir”. O, vurğulayıb ki, istənilən halda, vətəndaşların panikaya düşməsinə ehtiyac yoxdur: “Delta” variantı sürətli yayılma xüsusiyyətinə malik olsa da, daha ölümcül olması ilə razılaşmıram. Bəzi şişirtmələrə inanmadan, panikaya düşmədən qoyulan bütün qaydalara əməl edilərsə, hesab edirəm ki, koro­navirusla mübarizədə qalib gələ bilərik. Həmçinin nəzərə almaq la­zımdır ki, Azərbaycanda vaksinasi­yadan keçənlərin sayı kifayət qədər çoxdur. Yəni, bir çox vətəndaşda koronavirusa qarşı immun ca­vab formalaşıb. Belə olan halda, vətəndaşların əksəriyyəti “Delta” ştammına ya yoluxmayacaqlar, ya da xəstəliyi yüngül keçirəcəklər. COVID –19 virusunun yeni ştamm­larının yaranması təbii proses­dir. Ona görə də, təkrar edirəm, vətəndaşların stres keçirmələrinə ehtiyac yoxdur. Yeganə və ən ef­fektiv çıxış yolu vaksinasiyadır”.

Dünyada COVID –19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Apa­rılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumları­nın tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda tətbiq olunan “SinoVac” (Çin), “AstraZeneca” (İngiltərə), “Pfizer” (Almani­ya –ABŞ), “Sputnik V” (Rusiya) vaksinləri koronavirusun "Del­ta” ştammına qarşı effektlidir. Birmənalı şəkildə təsdiq olunub ki, vaksin vurduran şəxslər yolux­ma ştammından asılı olmayaraq, xəstəliyi yüngül keçirirlər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 İyul 2021 00:49 - SƏHİYYƏ
SƏHİYYƏ
18 Sentyabr 2021 | 00:44
Vaksin sertifikatı məcburidir

Köhnə versiyamızdan xəbərləri izlə