Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağı iki yerə ayırmaq ideyası haradan və necə qaynaqlanıb?

 

 

İyulun 7-də Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Res­publikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanda Qarabağın aranlı-dağlı vahid bir iqtisadi rayon kimi təsdiq edilməsi ilə sovet dövründə əsassız və ədalətsizcəsinə iki yerə bölünmüş bu tarixi bölgənin inzibati və sosial-iqtisadi vahidliyi bərpa edildi. Qarabağda əsrlər boyu davam etmiş tarixi gerçəklik belə olub: hər obanın aranda da, yaylaqda da məxsusi ərazisi olub. İqtisadi-sosial cəhətdən Qarabağ aranlı-yaylaqlı tamlıq təşkil edib. Aranın əkinçiliyi ilə dağlıq yerin heyvandarlığı bir-birilə üzvi surətdə bağlı olmaqla qarabağlıların güzəranını təmin edib. Əhali yayı yaylaqda, qışı qış­laqda yaşamaqla bir-birini tamamlayan həyat tərzi keçirib. Hətta hər iki ərazidə ayrıca qəbiristan

Qarabağ xanlığı işğal ediləndən sonra İrandan və Türkiyədən köçürülən ermənilər, əsasən, Qarabağın dağlıq hissəsində azərbaycanlılara məxsus ərazilərdə yerləşdiriliblər. Rusların özlərinin ya­ratdıqları arxivlərdəki mülk sənədləri də bunu sübut edir.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin media tarixi müəllimi, professor Nəsiman Yaqublu qondarma “Dağlıq Qara­bağ” məsələsinin necə yaranması barədə apardığı araşdırmalarının nəticəsi olaraq bildirdi:

– Qarabağı erməni işğalından azad etdikdən sonra “Dağlıq Qa­rabağ münaqişəsi” mahiyyətcə tarixdə qalsa da, bu qondarma toponimin yaranma tarixi haqqında bilgilərimizi genişləndirməyə ehtiyac daha da artıb. Çünki, açıq döyüş meydanında məğlub olan məkrli düşmən, on illər boyu həyasızlıqla uydurub yaydığı yalanlardan birdən-birə əl çəkməyəcək. Erməni təcavüzkarlarının uydurmaları barədə araşdırmalarımız çoxaldıq­ca, düşmənə qarşı digər sahələrdə də mübarizə aparmağımız üçün imkanlarımız artır. Bu bir həqiqətdir ki, erməni lobbisi və diasporu, on­ların saxta elm adamları, başabəla siyasətçiləri dünya ictimaiyyətini aldatmaqda, yalan məlumatlarla çaşdırmaqda davam edirlər. Odur ki, yalnız hərb meydanında deyil, həm də elmi, tarixi, informasiya sahəsində cəbhə yaratmış bu mənfur düşmənin yalan istehkamlarını axıradək dağıt­malıyıq.

Bizdə son vaxtlaradək belə bir məlumat əsas götürülüb ki, “Dağlıq Qarabağ məsələsi” Sovet İttifaqı dövründə–1923-cü ilin iyulunda Azərbaycanın tarixi əyaləti Qaraba­ğın dağlıq hissəsində bu adla muxtar vilayətin rəsmi yaranmasından başlayır. Lakin əldə edilən faktlar bu adın və problemin daha öncədən qaynaqlandığını göstərir. Həqiqət belədir ki, XX əsrin əvvəllərinədək olaraq iki hissəyə ayrılması barədə nəinki hansısa bir işarə, fakta rast gəlmirik, ümumiyyətlə, belə bir anlayış mövcud olmayıb.

1905–1906-cı illərdə birinci erməni-müsəlman toqquşmasın­da ermənilərin bizə qarşı törətdiyi cinayətlərdən və qətliamlardan sonra çar Rusiyasının başında dayanan rəsmilər, o vaxt Qafqazın canişini olan Vorontsov-Daşkov bu gərginliyi aradan qaldırmaq üçün hər iki tərəfin nümayəndələrini Tiflisə çağırdı. 1906-cı ilin fevral ayında canişinin yanında toplantı keçirildi, adını “erməni-müsəlman barış” qurultayı qoydular. Bu qurultayda həm erməni, həm də azərbaycanlı nümayəndələr iştirak etdilər. Canişin Voronsov-Daşkovun, onun müavinləri gene­rallar Sultan Krım Gireyin, Malamın və Sirinkinin idarə etdiyi gərgin müzakirələrdə azərbaycanlılardan milli ziyalılarımızın tanınmış nümayəndələri Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Şahtaxtinski, İ.Vəkilov, Q.Qarabəyov və başqaları, erməni millətçi liderlərdən Kalantar, Xatisov, Arutunov,Taginosov və baş­qaları iştirak edirdilər.

Canişin idarəsindəki həmin toplantıda tanınmış erməni xadimi, “Mşak” qəzetinin redaktoru Kalan­tar çıxış edərək diqqəti ermənilərin azərbaycanlılara qarşı gizli ərazi iddialarından yayındırmaq üçün Qaf­qazda yaşayan xalqların vəziyyətinin ağırlığından danışır. Kalantar “barış qurultayı”nda Dağlıq Qarabağın iki yerə bölünməsi fikrini irəli sürür. Bir hissəsinin Dağlıq Qarabağ, digər hissəsinin isə Aran Qarabağ olma­sını tələb edir. Bu tələblə Dağlıq Qarabağda ermənilərin, Aran Qara­bağda isə azərbaycanlıların yaşa­malı olduğunu bildirir. O, erməni–müsəlman qarşıdurmasını aradan qaldırmaq üçün Qarabağda dağlıq yerlərin orda yaşayan ermənilərə verilməsini, azərbaycanlıların isə aranda yaşayan soydaşlarının yanına köçürülməsini təklif edir və hökumətin bunu rəsmiləşdirməyə borclu olduğunu söyləyir. “Dağlıq Qarabağ” sözü, bax, ilk dəfə ora­da erməni millətçiləri tərəfindən səsləndirilib.

Kalantarın bu hiyləgər çıxışına ilk etiraz edən görkəmli ziyalımız Əhməd bəy Ağaoğlu Qarabağın ikiyə bölünməsinin mümkün ola bilməyəcəyini deyir: “Qarabağ Qarabağdır, bunun dağı, aranı yoxdur. Əgər yaşamaq istəyirsinizsə, hər iki xalq ümumi qaydalara əməl edib yaşamalıdır. Tayfaların böylə yerləşmələri kəndlilərinin məişətinə və güzəranına bağlıdır.Türk-tatar övladı o zaman cümləsi köçəriliklə məişət edirdilər. Bizlərə gün yerlər, böyük-böyük yataqlar lazım idi ki, qoyunlarımız, sürülərimiz dolan­sın. Ermənilər isə hər yerdə öz ticarətlərin və sənətlərin işlədə bilirdilər. Lakin türk-tatarlar da orada-burada şəhərlər salıb bəziləri oturaq oldular, ticarət və sənətlə məşğul olub köçəriliyindən əl götürdülər. Kalantar bu qədər müsəlmanı “bir neçə erməni xatirəsi üçün” acından öldürməyə hazırdır! Hökumətin nə ixtiyarı var birdən-birə hökm edə ki, köçün?! Böylə narəva fərmana heç kəs etina etməz!”

Bu yerdə Ə. Ağaoğlunun başı gicəllənir, onu bayıra aparırlar, lakin dözə bilməyib bir azdan qayıdır. Bir qədər sonra yurdsevər ziyalı­mız ikinci çıxışını edir: “Budur neçə sənədir ki, Qafqaz camaatı bir qəribə halətə düçür olmuşdur ki, cümləni bir dəstə qorxu altında saxlayıb. Heç kəsə fürsət vermir ki, nə öz fikrini, nə də öz işlərini neçə ki, lazımdır izhar etsinlər. Camaat işinə müdaxilə edən şəxslər və qulluqçular həmvarə qorxu altındadırlar. Böylə dolan­maq olmaz. Buna bir axır qoymaq gərəkdir!”.

Erməni hücumlarına qarşı “Difai” təşkilatını qurmuş Ə. Ağaoğlu sonra ermənilərin terror əməllərinə işarə edərək deyir: “Bir adam, bir qulluq­çunu öz millətinə xidmət etməyə və ya öz insafına görə iş görməyə qorxudub nainsaflığa, ədalətsizliyə dəvət edən terror davam edərsə, bizim vilayətdə nə azadlıq, nə hürriyyət, nə ədalət, nə də bərabərlik əmələ gələ bilər”. Ə. Ağaoğlu bu çıxışında “terrorçular” dedikdə erməniləri,”boyunlarını əyənlər” dedikdə isə çar hakimlərini nəzərdə tuturdu. Çox təəssüf ki, o vaxt çar Rusiyası ermənipərəst mövqe tutdu. Azərbaycanlıların və müsəlmanların mövqeyini tanımadı. Bu birinci barı­şıq üçün ilk addım idi. Lakin nəticə vermədi, ermənilər 12 il sonra daha dəhşətli 1918-ci ilin mart soyqırımla­rını da törətdilər.

Əhməd bəyin o vaxtkı etirazına baxmayaraq , ermənilər bundan son­ra dalbadal milli qurultaylar keçirirlər. Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağa vahid qubernatorluq şəklində nəzarət etdiyi 1919-cu ildə də Qarabağ ermənilərinin gizli qu­rultayı təşkil olunur və bundan sonra erməni dairələri “Dağlıq Qarabağ” ifadəsini dövriyyəyə gətirirlər. 1920-ci ilin noyabrında daşnakxislət erməni bolşevikləri Qərbi Azərbaycan torpaqlarında Qafqazda heç vaxt olmamış Ermənistan adlı dövlət yaratdıqdan sonra 1923-cü ilin iyulunda Qarabağı iki yerə ayıraraq, süni surətdə onun dağlıq ərazisində erməni muxtariyyəti qurmağa da nail oldular.

Ermənistan adlanan ərazidə bundan qat-qat çox azərbaycanlının yığcam ərazilərdə yaşamasına bax­mayaraq, o vaxt onlara da hansısa muxtariyyət verilməsi heç gündəmə də gətirilmədi. Azərbaycanın digər yerlərində isə Qarabağdakından dəfələrlə çox erməni yaşasa da, yalnız Qarabağın dağlıq hissəsində heç bir əsas olmadan erməni muxtariyyəti yaradıldı. Məqsəd aydın idi: Kalantar kimi ermənilərin məkrli planına uyğun olaraq Qarabağ süni surətdə iki yerə ayrıldı, onun dağ­lıq hissəsindəki erməni yuvasına xüsusi status verib, onu xəncər kimi Azərbaycanın ürəyinə sancdılar ki, məqam yetişəndə ölkəmizi parçala­yıb Vətənimizdə ikinci erməni dövləti yaratsınlar.

Tanınmış media tarixçisi bu açıqlamasında XX əsrədək “Dağ­lıq Qarabağ” adlı siyasi-inzibati vahidi və belə bir ifadə olmadığı­nı sübuta yetirməklə, aşağıdakı həqiqəti də təsdiqləmiş olur:

– Son bir əsrədək Azərbaycan ərazisində “Dağlıq Qarabağ” olmadı­ğı kimi, “Dağlıq Qarabağ məsələsi” də olmayıb. Qondarma “erməni məsələsi” isə ilk ifadəsini “Daşnak­sütun” partiyasının proqramında tapıb. Erməni millətçiləri əvvəlcə Anadolunun Van, Qars vilayətlərində dövlət qurmaq istəyirdilər. Buna nail ola bilmədikdə ermənilər proqram sənədinə bir bənd əlavə edib əsassız iddiaları Qafqaza keçirdilər. Bu dəfə Gürcüstanda dövlət yaratmağa çalış­salar da, bu cəhdləri də alınmadı.

Nəhayət, erməni qəsbkarlar Qərbi Azərbaycanı Qərbdəki və Rusiyadakı himayədarlarının köməyi ilə ələ keçirib burada özlərinə dövlət qurdular. Bununla da kifayətlənməyib rus və gürcü bolşeviklərinin dəstəyi ilə Qarabağın dağlıq hissəsində erməni siyasi muxtariyyətinə nail oldular. Beləliklə, tarixən Kür və Araz çayları arasında vahid inzibati-təsərrüfat orqanizmi olan Qarabağ ikiyə bölündü, “qondarma “erməni məsələsi”nin davamı olaraq sax­ta “Dağlıq Qarabağ” məsələsi göyərdildi.

Sonda professor Nəsiman Ya­qublu Qarabağın Ermənistanın 30 illik işğalından azad edilməsindən sonra da 1 əsr gündəmdə olmuş “Dağlıq Qarabağ” məsələsinin qondarma olduğunu hamıya və hər yerə çatdırmağa nail olmağın zəruriliyini vurğulayaraq bildirdi:

– Azərbaycan Prezidenti İlham Əliyev qəhrəman Silahlı Qüvvələrimizin işğalçı Ermənistan ordusunu məğlub edib Qara­bağdan qovması ilə “Qarabağ münaqişəsi”nin də bitdiyini elan edib. Dövlət başçısı ötən günlərdə isə 98 ilin ədalətsizliyinə son qoyaraq ölkənin iqtisadi regionları sırasında Qarabağın aranlı-dağlı bir təsərrüfat vahidi olduğunu öz fərmanı ilə təsdiq etməklə Azərbaycanda əsrlər boyu mövcud olmuş tarixi həqiqəti bərpa etdi.

Qarabağda işğal edilmiş torpaq­lar azad olunandan sonra ermənilər bizimlə normal qonşuluq prinsipləri əsasında yaşamaq fikrindədirlərsə, aşağıdakılara əməl etməlidirlər. Onlar qonşu dövlətlərə qarşı ərazi iddialarından, xalqlara, insanlara qar­şı qətliamlar, qırğınlar törətməkdən uzaqlaşmalıdırlar. Eyni zamanda, ermənilər başa düşməlidirlər ki, Azərbaycan xalqı artıq əvvəlki vəziyyətdə deyil, olduqca güclü bir dövlətdir.

Dünyaya inteqrasiya olunmaq, Azərbaycanın həyata keçirdiyi və iştirakçısı olduğu böyük layihələrə qoşulmaq istəyirlərsə, ermənilər özlərinin digər köhnə iddia və vərdişlərindən əl çəkməlidirlər. Yox, əgər onlar bunu könül­lü etməyəcəklərsə, imzalanmış sənədlər, yaranmış sərt gerçəklik on­ları buna məcbur edəcək. Türkiyə və Azərbaycan “Altılıq platforması”nın yaradılması ilə bağlı bir sənəd imza­layıb və ermənilərin də bura qoşula biləcəyini elan edib.

Lakin bir şərtlə ki, ermənilər özlərinin 100 illik vəhşilik və xəyanətlərini kənara qoymağı bacar­malıdırlar. Əks halda, Ermənistanı fəlakət gözləyir, ölkənin dağılması baş verə bilər. Bütün bu səbəblərdən Ermənistan qonşu dövlətlərlə yeni qaydalar əsasında yaşamağa məcbur və məhkumdur.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

25 İyul 2021 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə