Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regional siyasət ölkəmizin inkişafını daha da sürətləndirib

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bölgələrə vaxtaşırı səfərləri zamanı müxtəlif təyinatlı infrastruktur obyektləri, yeni müəssisələr istifadəyə verilib. Bu, respublikamızda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinin, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasının parlaq ifadəsidir.

Ölkə rəhbəri vaxtaşırı bölgələrə səfərləri çərçivəsində əmək kollektivləri, ictimaiyyət nümayəndələri ilə də görüşür, insanların sosial problemləri ilə dərindən maraqlanır, üzləşilən çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verir və icrasını nəzarətdə saxlayır.

Prezident İlham Əliyevin iyulun 22-də Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində bir sıra sosial obyektlərin istifadəyə verilməsi mərasimlərində iştirakı zamanı da bunun şahidi olduq.

Onu da xatırladım ki, Azərbaycanda 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkəmizin ümumi inkişafında önəmli rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli tərəqqisinin təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub.

Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilib, müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.

Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, rayonların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Dövlət başçısı həmin proqramların icra olunduğu dövr ərzində 2 mindən çox infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar verib. Bütün bunların nəticəsi isə statistik rəqəmlərdə öz ifadəsini tapıb. Məsələn, Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından əvvəl bu istiqamətdə qəbul edilən (2004-2008, 2009-2013 və 2014–2018-ci illər üzrə) digər proqramların icrası dövründə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyat vasitələrinin yenilənməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilməsi, yenidən qurulması və s. işlər davam etdirilib, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərib.

Ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb, o cümlədən, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.

Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilməsi üçün bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.

Hazırda da Azərbaycanda regionların inkişafı siyasəti əsas etibarilə milli səviyyədə hazırlanan regional inkişaf proqramlarına əsaslanır. Bu proqramların icrası nəticəsində regionlarda sosial və fiziki infrastruktur sahələrinin inkişafı, beynəlxalq standartlara uyğun yeni müəssisələrin və iş yerlərinin yaradılması, əhalinin rifahının yüksəldilməsi istiqamətində irimiqyaslı işlər görülür və əhəmiyyətli sosial-iqtisadi nəticələr əldə olunur.

İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı

25 İyul 2021 00:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə