Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyəti genişləndirir

 

 

Bu ilin birinci yarısının yekunları Azərbaycan iqtisadiyyatında iqtisadi artımın yenidən bərpa olunduğundan xəbər verir. Çünki pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatı hesabat dövründə 2 faiz artıb. Eyni zamanda, qeyri-neft sektorunda artım tempi 5 faizdən çox olub. Aqrar sektorda 6 faizədək artım qeydə alınıb. Bütün bu göstəricilər ondan xəbər verir ki, 6 ayda artım birbaşa qeyri-neft sektorunda aparılan islahatlar nəticəsində reallaşıb.

Hazırda respublikada iqtisadi artımda neftdənkənar yüksəlmə drayver rolunu oynayır. Həmçinin, ixrac və valyuta ehtiyatlarında da artım müşahidə olunur. Azərbaycan ixracatında 15 faiz artım qeydə alınması və qeyri-neft ixracının 27 faiz artması da bunun bariz ifadəsidir. Belə bir dinamika isə cari ilin yekununda Azərbaycan ixracatının 2 milyard dollardan çox olacağına zəmin yaradır ki, bu da praktik olaraq müstəqillik ilinin rekord proqnozudur.

Valyuta ehtiyatlarının xarici borc məbləğini altı dəfə üstələməsi də Azərbaycan iqtisadiyyatındakı həm təhlükəsizlik, həm də müstəqil siyasətin həyata keçirilməsindən xəbər verir.

Azərbaycan valyuta ehtiyatları xarici borca nisbətən altı dəfə çox olan azsaylı ölkələrdən biridir. Xüsusən də MDB ölkələrində və digər inkişaf etmiş bir sıra dövlətlərdə xarici borc məbləği ümumi daxili məhsulda xüsusi paya malikdir. Qonşu ölkələrdə xarici borcun ümumi daxili məhsulda payı 50 faizdən çoxdur. Azərbaycanda isə bu rəqəm 19 faizdir və növbəti illərdə bu faizin daha da azalması gözlənilir. Bu isə ondan xəbər verir ki, həm qeyri-neft sektorundakı inkişaf, həm də xarici borcun tənzimlənməsi, valyuta ehtiyatlarımızın artması növbəti dövrlər üçün iqtisadi fəaliyyətin dayanıqlı inkişafı baxımından yeni imkanlar yaradır.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı

25 İyul 2021 00:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə