Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşad MAHMUDOV: Məqsəd əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır

Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə– Daşkəsən, Goranboy rayonlarına, Gəncə və Naftalan şəhərlərinə səfəri bir daha göstərdi ki, Azərbaycan Respub­likası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramların­da, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı in­kişafına, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin, iş yerlərinin açılma­sına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yox­sulluq səviyyəsinin azaldılmasına təkan verib.

Ölkə Prezidentinin səfər çərçivəsində Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak etməsi ölkəmizdə gənclərə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradılmasın­dan, Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırıl­masının diqqət mərkəzində saxlanıl­masından, Naftalan Mərkəzi Sanato­riyasının fəaliyyətə başlaması turizm sənayesinin inkişafından, şəhərdə 200 yerlik körpələr evi-uşaq bağça­sının tikintisinin başa çatdırılmasının isə son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırıl­masından xəbər verir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Prezi­dent İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində açılış­larında iştirak etdiyi müəssisələrin istifadəyə verilməsi bir daha göstərir ki, regionların inkişafını şərtləndirən sosial məsələlərin həllinə xüsusi önəm verilir, insan amili daim diqqət mərkəzində saxlanılır, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması prioritet xarakter daşıyır”.

Deputat açıqlamasında mühüm bir məqama da toxundu. Bildirdi ki, regional inkişaf sahəsində beynəlxalq təcrübələrin təhlili göstərir ki, mü­asir dövrdə bu istiqamətdə həyata keçirilən siyasətin paradiqması dəyişir. Belə ki, köhnə paradiqmada əsas problem kimi gəlirlər, məşğulluq, fiziki və bazar infrasrukturu üzrə regional fərqlər önə çəkilirdisə, yeni paradiqmada regionların potensia­lından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin daha da artırılması, yaşıl iqtisadiyya­tın formalaşması, innovativ yanaşma­ların tətbiqi kimi məsələlərə daha çox diqqət yetirilir.

Hazırda Azərbaycanda da bu məsələyə xüsusi əhəmiyyət verilir. Belə ki, qeyd olunan paradiqma dəyişikliyi prizmasına əsaslanılaraq, regionların inkişafının planlaşdırıl­masında və həyata keçirilməsində yerli idarəetmə, o cümlədən, yerli özünüidarəetmə orqanlarının, kənd icmalarının daha fəal cəlb olun­ması yolu ilə hər bir vətəndaşın həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər reallaşdırılır.Rəşad Mahmudov ölkə rəhbərinin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanışlıq­dan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibə ilə bağlı da fikirlərini bölüşərkən, əvvəlcə dövlətimizin başçısının vurğuladığı yarımillik iqti­sadi göstəricilərlə bağlı fikrini diqqətə çatdırdı: “Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqti­sadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq”.

Prezident İlham Əliyev müsahibəsində cari ilin ötən altı ayı ərzində ölkəmizin sosial-iqtisadi ye­kunlarını ifadə edən digər göstəriciləri də xatırlatdı. Bildirdi ki, qeyri-neft sektoru 5 faizdən çox, qeyri-neft sənayesi 16,6 faiz, kənd təsərrüfatı 5,6 faiz yüksəlib. Bütün bunlarla bərabər, bu dövrdə valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb. Xarici ticarətdə müsbət saldo 3,4 milyard dollar təşkil edib.

Rəşad Mahmudov açıqlaması­nın sonunda dövlətimizin başçısının Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlarla bağlı fikirlərinə də toxundu. “İkinci Qarabağ savaşından sonrakı mövcud şərait beynəlxalq əməkdaşlıq formatının re­allaşdırılmasını şərtləndirir. Buna görə də düşməndən təmizlənən ərazilərdə hazırda sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Artıq bir sıra dost ölkələrin şirkətləri ilə respublikamızın özəl qurumları tərəfindən magistral və dəmir yolları­nın çəkilişi, infrastruktur layihələrinin birgə həyata keçirilməsi prosesi uğur­la həyata keçirilir.

Lakin əsas çətinlik dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyab­rın 10-da Ermənistan tərəfindən ka­pitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox in­san isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir” – deyə bildirdi. Deputat, eyni zamanda, bildirdi ki, belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Düzdür, Ermənistandan mina xəritələrinin bir qismi alınıb. Lakin bu prosesin tez bir zamanda başa çat­ması üçün beynəlxalq ictimaiyyət iş­ğalçını azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir.

“Xalq qəzeti”

25 İyul 2021 00:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə