Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 223 Bakı şəhəri, 24 iyul 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 1 may tarixli 124 nömrəli, 1 iyun tarixli 156 nömrəli və 9 iyun tarixli 167 nömrəli qərarları) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.3.1-ci və 2.1.3.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.3.1. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri:

1. yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

3. 18 yaşınadək (1 yaşınadək uşaqlar istisna olmaqla) sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2.1.3.2. Azərbaycan Respublikasının vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;”.

1.2. 2.1.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.3.3-cü yarımbənd əlavə edilsin:

“2.1.3.3. 1 yaşınadək uşaqlar üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur (uşağın yaşı uçuş tarixinə müəyyən edilir).”.

1.3. 2.1.4-cü yarımbənddə “karantinə alınır” sözləri “aviadaşıyıcının hesabına karantinə alınır və zəruri hallarda müalicə olunur” sözləri ilə, “buraxılmır və” sözləri “buraxılmır və onların sayından, habelə hava gəmisində olan digər sərnişinlərin sayından asılı olmayaraq” sözləri ilə əvəz edilsin.

1.4. Aşağıdakı məzmunda 2.1.4-1-ci yarımbənd əlavə edilsin:

“2.1.4-1. bu Qaydalarla müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə bu Qaydaların 2.1.4-cü yarımbəndində nəzərdə tutulmuş sərnişinlərin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin edilir.”.

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti fəaliyyət istiqamətlərinə uyğun olaraq bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə