Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Şurası Prezidentinin “status” və “Dağlıq Qarabağ” sözlərini işlətməməsi bizim mövqeyimizə olan hörmətin əlaməti idi

Mən cənab Mişelə də görüş zamanı bildirdim ki, bizim 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər – ya sazişlər, ya bəyannamələr qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu, nə deməkdir? Demək, Avropa İttifaqının üçdəbir hissəsi Azərbaycanı strateji tərəfdaş hesab edir.

 

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsindən

22 iyul 2021-ci il.  

 

Prezident İlham Əliyev təkcə xarici səfərlərdən sonra deyil, eləcə də, ölkədaxili səfərlərində də kütləvi informasiya vasitələrinə müsahibə vermək ənənəsini uğurla davam etdirir. Artıq elə bir vəziyyət yaranıb ki, həmin müsahibələrin növbətisini təkcə ölkə əhalisi deyil, eləcə də, əcnəbi dostlarımız maraqla gözləyirlər. Cənab Prezidentin iyulun 22-də Gəncəbasar bölgəsinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə də məhz gözlənilən və məmnuniyyətlə izlənilən dəyərli fikirlər, faktlar və arqumentlər məcmusu kimi yaddaşlara yazıldı.

Təbii ki, müsahibədə səsləndirilən çoxsaylı fikirlərin hamısı – orada cəmiyyət həyatının, demək olar ki, bütün sahələri əhatə olunurdu – maraqlı idi. Ancaq biz bu qısa yazıda ancaq dünyanın ən mühüm siyasi-iqtisadi mərkəzlərindən olan Avropa İttifaqı ilə əməkdaşlığımız və xüsusən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bölgəyə və ölkəmizə səfəri barədə bəzi mülahizələrin üzərində dayanmaq istərdik.

Şübhəsiz, cənab Mişelin bu səfərini İrəvanda çox böyük ümidlərlə gözləyirdilər. Ancaq zaman sübut etdi ki, təkcə Avropada deyil, dünyanın hər yerində Azərbaycanın yaratdığı yeni reallqları məhz mühüm reallıq kimi qiymətləndirirlər. Həmin arqu­mentin təsdiqini Şarl Mişelin İrəvanda və Bakıda dilə gətirdiyi fikirlərdə növbəti dəfə gördük.

Jurnalistin bu yöndə sualını cavablandıran dövlət başçımız dilə gətirəcəyi bütün fikirlərin məzmununu ilk cümləsində ifadə etdi: “Mən səfəri yüksək qiymətləndirirəm”. Cənab Prezident əlavə etdi ki, bu, Avropa İttifaqı–Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfərdir: “Onu da bildirməliyəm ki, bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Mən Avropa İttifaqına çoxsaylı səfərlər etmişəm. Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər etmişlər.

İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel – yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu, nəyi göstərir? Onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır”.

Xatırladaq ki, rəsmi Bakı Avropa İttifaqı–Azərbaycan əlaqələrinin yeni mərhələsinin ərəfəsindədir. Belə ki, biz indi yeni saziş üzərində çalışırıq. Rəsmi mənbələrin məlumatına görə, artıq sazişin 90 faizi razılaşdırılıb və sənəd yaxın vaxtlarda imzalana bilər. Dövlət başçımızın xatırlatdığı kimi, ticarət sahəsində bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır – xarici ticarətimizin, təxminən, 40 faizini bu təşkilatla reallaşdırırıq. İxracla bağlı da əsas tərəfdaşımız Avropa İttifaqıdır. Biz Avro­pa İttifaqına ildə 6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə, təxminən, 2,5 milyard dollar­dır. Onlarla da bizim müsbət saldomuz var.

Ancaq söhbət təkcə ticarətdən və nəqliyyat-logistika məsələlərindən getmir. Bu məqamı dövlət başçımız daha aydın şəkildə dilə gətirdi: “Cənab Şarl Mişel Azərbaycanda olarkən–onu da bildirməliyəm ki, ilk dəfə olaraq, Avropa İttifaqı­nın rəhbəri Azərbaycanın bölgələrinə də səfər edib–Şamaxı şəhərinə, Şamaxı Cümə məscidinə səfər edib. Mən bunu çox yüksək qiymətləndirirəm. Bu, çox gözəl bir mesajdır, gözəl jestdir, xüsusilə, Qurban bayramı ərəfəsində. Bunu biz yüksək qiymətləndirməliyik. Azərbaycan xalqı da bunu bilməlidir”. Xatırladaq ki, cənab Mişelə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Ələt Azad İqti­sadi Zonasının gələcək fəaliyyəti və turizm imkanları ilə bağlı təqdimat edilmiş­di. Yəni nəqliyyat sektoru Avropada çox böyük maraq doğurur. Prezident böyük məmnuniyyətlə yada salır ki, bu gün nəqliyyat sahəsində Avropa İttifaqı–Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır.

Şarl Mişelin Bakıda olarkən bir dəfə də ol­sun “Dağlıq Qarabağ” və ya “status” sözlərini dilə gətirməməsi təkcə İrəvanda və Ermənistanda deyil, dünya­nın hər yerindəki ermənilərdə, xüsusən, Azərbaycana, Türkiyəyə, Gürcüstana və İra­na ərazi iddialarını körükləyən diaspor təşkilatlarına sarsıdıcı zərbə olmuşdur. Eyni zaman­da, cənab Mişel İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətmişdi. Bu fakt da erməniləri kifayət qədər peşman eləmişdi.

Jurnalistin həmin sua­lını cavablandıran dövlət başçımız olduqca nikbindir: “Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalı­dırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandır­dı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”.

Dövlət başçımız bu müsahibə ilə bir daha ermənipərəstlərə və ikili standart müəlliflərinə mesaj verdi ki, nə status var, nə Dağlıq Qarabağ: “Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər, demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma, bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra – 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib... Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişe­lin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan son­ra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.

Cənab Prezidentin haqqında söz açdığımız müsahibəsinin ən maraqlı məqamlarından biri isə Şarl Mişelin İrəvanda bəyan etdiyi bir məsələyə münasibəti idi. Avropa rəsmisi İrəvanda demişdi ki, bu qurum Ermənistana 2,6 milyard, Gür­cüstanda isə bəyan etmişdi ki, Avropa İttifaqı Gürcüstana 2,3 milyard, Azərbaycana isə 150 milyon avro vəsait ayrılacaq. Bu mövqeni ədalətsiz adlan­dıran Prezident İlham Əliyev xatırlatdı ki, Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir: həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait veril­mirdi. Yəni bu, onu göstərir ki, bu vəsait, məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir: “Əks-təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrast­ruktur məhv edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur! Mina döşəmişik ora­da? Yox! Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox! Əlbəttə, bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı, əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil”.

Bu sitat iki məqamı ortaya qoyur. Birinci, Prezident İlham Əliyev Avropa İttifaqı rəsmilərinin Azərbaycana münasibətdə sərgilədikləri xoş niyyətləri oduğu kimi deməklə yanaşı, onların əməllərindəki mənfi təzahürləri də məhz mərd-mərdanə, əsl türk qətiyyəti, azərbaycanlı səmimiyyəti ilə bütün dün­yanın gözü qarşısında deyir. Bu isə o deməkdir ki, İlham Əliyev tam müstəqil siyasət yeridir.

İkinci, seçdiyimiz sitatın sonuncu cümləsindən də göründüyü ki, Avropa İttifa­qında Ermənistan iqtisadiy­yatının çökdüyünün fərqində olduqları kimi, Azərbaycan iqtisadiyyatının 44 günlük ağır müharibədən sonra da inkişaf tempi yaşadığını görür və etiraf edirlər. Fikrimizcə, bu faktın özü də Ermənistandakı bəzi qüvvələrin yeni reallıqları qəbul etməsinə səbəb olacaq.

Fakt ondan ibarətdir ki, Prezident İlham Əliyev istənilən fikri, arqumenti nə zaman, harada və necə deməyin ustası olduğunu iyulun 22-də növbəti dəfə nü­mayiş etdirdi. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

25 İyul 2021 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə