Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”

 

 Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də – o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək, doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Prezident İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri ilə bağlı Azərbaycan ictimaiyyətinin müntəzəm olaraq məlumatlandırıldığını, bu istiqamətdə həyata keçirilən tədbirlərin xalq tərəfindən bəyənildiyini, dəstəkləndiyini diqqətə çatdıraraq deyib: “Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib”.

 

 Dövlətimizin başçısı sözlərinə əlavə edərək, mina xəritələrinin Azərbaycana verilməməsini və yaxud, bu­nun hansısa şərtlərlə təqdim olunmasını Ermənistan tərəfindən normal insani davranışa zidd yanaşma kimi dəyərləndirib. Vurğulayıb ki, bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı nifrətini, düşmənçiliyini göstərir. Çünki mina xəritələrinin verilməməsinin heç bir əsası yoxdur. Sadəcə, bundan məqsəd daha çox azərbaycanlının həlak və əlil olmasıdır: “Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir. Bir daha göstərir ki, Azərbaycan xalqı heç nəyi unutmamalıdır. Azərbaycan xalqı çox xeyirxah xalqdır, çox xoşniyyətli xalqdır. Bəzi hallarda biz bəzi tarixi məqamları tez unuduruq. Biz erməni vəhşiliyini, Xocalı soy­qırımını, torpaqlarımızın işğal altına düşməsini, törədilən ur­bisidi heç vaxt unutmamalıyıq və unutmayacağıq. Ona görə minatəmizləmə məsələləri əsas məsələlərdən biridir...”.

Lakin buna baxma­yaraq, belə çətinliklərdən çəkinməyərək Azərbaycan Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən Qarabağda geniş miqyasda bərpa-quruculuq işlərinə baş­ladı. Böyük Qayıdış proqra­mı çərçivəsində kompleks tədbirlərə start verildi, müasir texnologiyalara əsaslanan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası diqqətdə saxlanıldı.

Xatırladaq ki, düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarix­li sərəncamı ilə yaradılan Əlaqələndirmə Qərargahı fəaliyyət göstərir. Buna görə də Qarabağda yaşayış məntəqələrinin salınması işləri sistemli və planlı şəkildə həyata keçirilir.

Hazırda Əlaqələndirmə Qərargahının nəzdində İdarələrarası mərkəz fəaliyyət göstərir. Sözügedən mərkəzin nəzdində isə 10-dan çox işçi qrupu mövcuddur. Bu qruplar demək olar ki, bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə edir.

Qeyd edək ki, Ermənistanın 30 il ərzində işgal altında saxladığı yaşayış məntəqələrimiz vəhşiliyin qurbanı olub, şəhər və kəndlərimiz xarabalığa çevrilib. Bütün infrastruk­tur, o cümlədən, elektrik stansiyaları, yarımstansiya­ları, ötürücü xətləri dagıdıla­raq yerlə-yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb, bütün enerji qurğuları sıradan çıxarılıb, düşmənin gücü çatıb apara bildiyi avadanlıqlar daşınıb, apara bilmədiyi isə ya partladılıb, ya da yandırılıb.

Dövlətimizin başçısı çıxışlarının birində bu barədə ətraflı bəhs edərək, işğaldan təmizlənən torpaqlardakı yaşayış sahələrinin tamamilə dağılmış vəziyyətdə olduğunu bildirib: “Mənim azad olunmuş ərazilərə çoxsaylı səfərlərim olub və avtomobillə hərəkət edərkən 400-450 kilometr yolboyu yalnız dağıdılmış şəhər və kəndlər görünür. Son altı ay ərzində mənim azad olunmuş ərazilərə bir çox səfərlərim olub, şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayırdılar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışırdılar – işğal altındakı torpaqlarda 60-dan artıq məscid dağıdılıb”.

Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Əlaqələndirmə Qərargahının nəzarəti ilə bu ilin sonuna qədər azad edilən torpaqlarda – həm Qarabağda, həm Şərqi Zəngəzurda yeni elektrik xətləri, həmçinin ötürücü xətlər çəkiləcək, transfor­matorlar, yarımstansiyalar qurulacaq, elektrik stansiya­ları istifadəyə veriləcək. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında məskunlaşan ermənilərin həmin əraziləri möhlətverilmə müddəti başa çatandan sonra tərk edərkən, yandırıb dağıtdıqları 12 su elektrik stansiyası da yenidən bərpa olunacaq: “Bu, əsas məsələdir. Çünki bu, olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. İlin sonuna qədər planlaşdırılır ki, tam yekunlaşdıraq. Amma, əlbəttə ki, bundan sonra dediyim kimi, “yaşıl enerji” layihəsi icra ediləcək. Artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir...”.

 

Hazırda işğaldan azad edilən ərazilərdə elektrik təsərrüfatının qurulması ilə yanaşı, yol infrastruk-turunun da bərpası diqqət mərkəzində saxlanılır. Müharibədən sonra bu istiqamətdə başlanan işlər bu gün sürətlə davam etdirilir. Bərdə–Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna asfalt döşənməsinin sentyabr ayında yekunlaşması nəzərdə tutulur. Paralel olaraq Füzuli-Şuşa, Horadiz-Ağbənd yolları çəkilir. Zəngilan-Qubadlı-Laçın, eyni zamanda, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yollarının tikintisi də sürətlə aparılır. Bütün bunlarla bərabər, Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yolun çəkilişi də diqqətdə saxlanılır.

Yeri gəlmişkən, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 2575 metr olan 103 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 450 metr olan 5 yeni avtomobil körpüsünün inşası işləri də icra olunacaq.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Burada bir məsələni də xatırlatmaq istərdik. Göygöldən Ömər aşırımı üzrə yol dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, heç vaxt olmayıb. Sadəcə, cığır kimi istifadə edilib: “Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər – qış da oktyabr ayında gələcək, – oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var”.

Hazırda düşməndən təmizlənən ərazilərimizdə üç aeroport tikilir. Artıq Füzuli hava limanının tikintisi sürətlə aparılır. Bu hava limanı xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşlarının da daha qısa zamanda və sərfəli şəkildə Qarabağı ziyarət etməsinə imkan verəcək. Liman 1 saat ərzində 200 sərnişinə xidmət etmək imkanına malik olacaq. Onun payız aylarında ilk uçuşları həyata keçirəcəyi gözlənilir.

Qarabağda reallaşan infrastruktur layihələri beynəlxalq yükdaşımalar baxımından da mühüm önəm daşıyır. Hazırda Füzulidə Horadiz şəhəri ilə Zəngilan rayonunu birləşdirən dəmiryol xəttinin inşası davam etdirilir. Bu dəmiryol xətti də Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Başqa sözlə, Qarabağda formalaşan nəqliyyat infrastrukturunun, o cümlədən, Azərbaycanda reallaşmış nəqliyyat sisteminin işğaldan azad olunan ərazilər vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası mümkün olacaq.

Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə qovuşacaq. Nəticədə, Füzuli rayonunda formalaşan infrastruktur beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmaqla daha çox yük və sərnişindaşımalar imkanı əldə edəcək.

Prezident İlham Əliyev müsa-hibəsində bildirib ki, Qarabağda bütün bərpa-quruculuq işləri Azərbaycanın öz maliyyə gücü ilə, heç bir yerdən maddi yardım almadan reallaşdırılır. Düzdür, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan tərəfindən xarici şirkətlər dəvət olunublar. Amma onlar podratçı qismində fəaliyyət göstərirlər. Bütün vəsait dövlət büdcəsindən xərclənir: “Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

25 İyul 2021 00:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə