Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə iqtisadiyyatında bu ilin ilk yarısında mühüm uğurlar əldə edilib

Son 18 ildə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, strateji əhəmiyyətə malik layihələrin reallaşdırılması respublikada iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Bütün bunlar, eyni zamanda, yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsinə, valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərib. Bu, cari ilin ilk yarısı üzrə statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, bu ilin 6 ayında ölkədə 39 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri- neft-qaz sektorunda 5,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olub.

 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 23,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər, 100 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal edilib.

İlin ilk yarısında iqtisadiyyat 2 faiz artıb. Qeyri-neft sektoru 5 faizdən çox yüksəlib, qeyri-neft sənayesi 16,6 faiz artıb. Kənd təsərrüfatı 5,6 faiz yüksəlib. İnflyasiya məqbul hesab edilən səviyyədə – 4,3 faiz olub.

Respublikada altı ay ərzində valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb. İxrac 15 faiz, qeyri-neft ixracı isə 27 faizdən çox artıb, xarici ticarətdə müsbət saldo 3,4 milyard dollar təşkil edib.

Göründüyü kimi, ölkəmiz COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalsa da, Ermənistanın hərbi təxribatlarına cavab olaraq Vətən müharibəsini yaşasa da, Azərbaycan iq­tisadiyyatı böhranla üzləşməyib. Əksinə, dinamik inkişafını, dayanıqlılığını qo­ruyub saxlaya bilib. Buna, ilk növbədə, aparılan düzgün siyasətin, eyni zaman­da, son 18 il ərzində yaradılan iqtisadi təməlin mövcudluğu nəticəsində nail olunub.

Dövlətimizin başçısının bu gün qar­şıya qoyduğu əsas iqtisadi vəzifə özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaş­ması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsidir.

Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən vaksina­siya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa, real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyat­dakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər.

Azərbaycan bu gün 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat stan­dartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb.

Onu da xatırladaq ki, Vətən müharibəsindəki parlaq qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalan­maq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşı­lıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın li­der dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Yeri gəlmişkən, sonda respublika­mızın bu il və sonrakı dövrdə inkişaf proqnozunu xatırlatmaq istərdik. Belə ki, Dünya Bankının yeni proqnozuna əsasən, son dörd ildə ilk dəfə olaraq 2021-ci ildə Azərbaycanın xaricdən cəlb etdiyi birbaşa investisiyaların həcmi, ölkənin xaricə birbaşa investisiya qoyu­luşunu üstələyəcək.

Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında məlumat verilib. Hesabatda bildirilib 2021-ci ildə Azərbaycanın xalis birbaşa investisiya balansı profisitli olacaq (yəni xaricdən cəlb etdiyi birbaşa investisi­yalar göndərdiyi birbaşa investisiyaları üstələyəcək) və ÜDM-in 1,3 faizini təşkil edəcək. Gələn il bu göstəricinin ÜDM-in 1,2 faizinə, 2023-cü ildə isə 1,1 faizinə bərabər olacağı proqnozlaşdırılır.

V.BAYRAMOV, “Xalq qəzeti”

24 İyul 2021 00:38 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 Sentyabr 2021 | 10:17
Neft ucuzlaşıb
17 Sentyabr 2021 | 09:23
Neft ucuzlaşıb
17 Sentyabr 2021 | 09:12
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə