Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regional layihələrin icrasına mühüm önəm verilir

 

Prezident İlham Əliyevin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafı­nı sürətləndirir. Prezident İlham Əliyevin iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində olması bunun bariz ifadəsidir.

Regional proqramda yol infrastruktu­runun yenidən qurulması, yeni yolların, tunel və körpülərin tikintisi mühüm yer tu­tur. Dövlət başçısının imzaladığı çoxsaylı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan yolların, körpülərin tikintisi üçün böyük həcmdə vəsait ayrılması, müxtəlif qəsəbə və kəndləri birləşdirən yollarda yenidənqurma işlərinin aparılma­sı bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, burada bir məqamı xüsusilə vurğulamaq istərdim. Belə ki, dövlətimizin başçısının müvafiq tapşı­rıqları əsasında respublikamızda kənd yollarının inşası və yenidən qurulma­sı geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişləndirilir. Bu, həm sosial, həm də iq­tisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılır.

İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların çəkilməsi regionlarda­kı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kəndlərdə mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqti­sadiyyatın inkişafına çox müsbət təsir göstərib.

Lakin bütün bunlara baxmayaraq, əhalini narahat edən bir sıra çətinliklər var ki, ölkə rəhbəri həmin problemlərin həllinə həssaslıqla yanaşır. Məsələn, içməli su və meliorasiya sahəsində görülməli işlər çoxdur. Kollektor-drenaj sistemlərinin təmizlənməsinə, subartezian quyularının qazılmasına, yeni içməli su xətlərinin çəkilməsinə ciddi ehtiyac duyulur və hazırda bu istiqamətdə mühüm layihələr reallaşdırılır.

Göründüyü kimi, Azərbaycanda inves­tisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaş­dırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdı­rılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı reallaşdırılan tədbirləri xüsusi vurğulamaq olar.

Vəkil HÜSEYNOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

24 İyul 2021 00:32 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə