Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələrinə və qazilərə göstərilən qayğı dövlət siyasətinin prioritetidir

 

Azərbaycan elə bir ölkədir ki, burada bütün ali dəyərlər həqiqi mənası ilə dərk edilir. Şəhidlərimizin acı, bir o qədər də şərəfli xatirəsi yad edilərkən Vətən uğrunda canından, ailəsindən, arzu və xəyallarından keçən qəhrəmanlarımızın ülvi mənəviyyatı göz önünə gəlir. Gələcəyimizlə bağlı hər dəfə düşünəndə anlamalıyıq ki, onların bizim bu günümüz üçün qurban gedən qəhrəmanların da xəyalları, arzu və planları var idi. Təsəvvür yaratmaq, bəzən də dəqiqləşdirmə aparmaq üçün rəqəmlərdən istifadə etməyə məcburuq. Bəli, Azərbaycan Vətən müharibəsində üç minə yaxın şəhid verdi. “Şəhid vermək ifadəsi də məhz elə həmin duyğunu ifadə edir. Biz isə təsəllini azad olunan torpaqlarımızda və şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən qayğıda, verilən dəyərdə tapırıq... Bu sözləri bizimlə söhbətində dirijor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Ağaverdi Paşayev bildirdi.

O, sözlərinə davam etdi:

– Yaxın tarixə nəzər salsaq görərik ki, digər ölkələrdə də müharibələr, ölümlərlə nəticələnən münaqişələr olub. Lakin bu ölkələrin heç birində müharibədə həyatını itirmiş insanların ailələrinə, yaralananlara Azərbaycanda olduğu qədər diqqət göstərilmir, həssas yanaşılmır. Bu reallıqdır. Təkcə 2020-ci ildə Azərbaycanda 1572 şəhid ailəsi mənzillə təmin edilib. Prezident İlham Əliyevin dediyinə görə, bu, rekord nəticədir. Məqsəd isə odur ki, bu il həmin rəqəm daha da artırılsın, daha çox şəhid və qazi ailəsi mənzillə təmin edilsin.

Məlum olduğu kimi, iyulun 14-də ölkə başçısı Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələrinə və qazilərə mənzil və avtomobillərin təqdim edilməsi mərasimində iştirak edib. Yeni yaşayış məntəqəsi 15 ədəd doqquzmərtəbəli binadan ibarətdir. Burada 810 mənzil var ki, artıq onların 300-ü şəhid ailələrinə təqdim edildi. Prezident İlham Əliyevin sözlərinə görə, Xocasən Yaşayış Komp­leksi də daxil olmaqla cari il ərzində ümumilikdə 3000 mənzil bu kateqoriya­dan olan ailələrə təqdim ediləcək.

Yaşayış kompleksində 620 nəfərlik məktəb, eləcə də 140 nəfərlik uşaq bağ­çası tikilib. Ümumiyyətlə, kompleksdə rahat yaşamaq üçün hər cür şərait yara­dılıb. Bundan əlavə, qazilərimizin həyat şəraitinin yaxşılaşdırılması üçün onlara fərdi avtomobillər təqdim edilib. İndiyə qədər 7200 nəfər fərdi avtomobillə təmin edilib. Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Son illərdə, xüsusən də Vətən müharibəsindən son­ra ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülüb.

Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, Ermənistanın bu müharibədə bizdən dəfələrlə çox itki verməsinə baxmayaraq, bir ailəyə də olsun mənzil, hətta daxma belə verilməyib. Ölkə baş­çısının dediyi kimi, biz özümüzü hansısa dövlətlə müqayisə etmirik. Lakin bəzi həqiqətlərin aşkara çıxması üçün vaxta­şırı belə yanaşmalardan istifadə etmək lazım gəlir.

Hazırda Azərbaycanda yalnız şəhid və qazi ailələrinin deyil, eləcə də xain erməni atəşləri nəticəsində evlərini, yaxınlarını itirmiş mülki şəxslərin də problemlərinin həll edilməsi ən aktual məsələlərdəndir.

Qətiyyətlə söyləyə bilərik ki, ölkəmizdə bundan sonra da döyüşlər zamanı öz sağlamlığını itirmiş, yaralan­mış qazilər, Vətən uğrunda canından keçən şəhidlərin ailə üzvləri dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə ediləcəklər. Bu, Azərbaycanda aparılan ədalətli siyasətin nümunəsidir.

Söhbəti qələmə aldı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

24 İyul 2021 00:09 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə