Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana olan etimadın növbəti nümunəsi

Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra ölkəmizin dünya birliyindəki reytinqi daha da yüksəlib. Söz yox ki, qələbəyə qədər də diplomatiya və iqtisadi sahələrdə bir sıra yaddaqalan nailiyyətlər əldə olunmuşdu. Ancaq 30 il ərzində qüdrətli dövlətlərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nizamlaya bilmədikləri problemi ölkəmizin öz qüvvəsi ilə 44 gün ərzində həll etməsi Azərbaycanın gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti- bərpa, yenidənqurma işlərinin aparılması ölkəmizin iqtisadi gücünün göstəricisidir.

Bu günlərdə respublikamızın beynəlxalq aləmdə daha bir uğurunun şahidi olduq. Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın bu quruma əlavə olaraq bir il də sədrlik etməsi barədə müraciəti ölkəmizə olan etimadın, eyni zamanda , beynəlxalq aləmdəki reytinqinin daha da yüksəlməsinin göstəricisidir. Bu, həm də Azərbaycan Prezidentinin beynəlxalq aləmdə diplomatik fəaliyyətinə verilən yüksək qiymətdir.

Xatırladaq ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv dövətlərin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. QH-yə sədrlik etdiyi bu illər ərzində ölkəmiz hərəkatın beynəlxalq nüfuzunun yüksəlməsi, qurumun təsir gücünün, üzv dövlətlərin marağının təmin olunması istiqamətində bütün imkanlardan səmərəli istifadə edib. Koronavirus pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək QH sədri kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.

Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də hərəkatın koronavirusa qarşı mübarizə üzrə təmas qrupunun videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsi beynəlxalq aləmdə geniş əks- səda doğurdu. Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentlərinin, baş nazirlərinin və xarici işlər nazirlərinin çıxışları tədbirin coğrafiyasının nə qədər geniş olmasından xəbər verir. Bunlarla yanaşı, zirvə görüşündə BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun çıxışları, həmçinin BMT Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi – vitse-prezidentinin videomüraciətlərinin səsləndirilməsi tədbirin beynəlxalq aləmdə dəstəklənməsindən xəbər verir.

Prezident İlham Əliyevin COVID-19 - la mübarizə sahəsində irəli sürdüyü təşəbbüslər, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamənin qəbul edilməsi və s. qlobal aləmdə böyük rəğbətlə qarşılanmışdır. Bütün bunlar və QH- nin imicinin daha da möhkəmləndirilməsinə mühüm töhfələr vermişdir. Azərbaycanın sədrliyi dövründə hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsi, qurumun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atması, o cümlədən COVID-19 ilə mübarizə məqsədilə bir sıra QH üzvlərinə maliyyə və humanitar yardımlar etməsi diqqətdən yayınmamışdır.

Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürməsi və həmin sənədin 2021-ci ilin martında yekdilliklə qəbul olunması, həmçinin dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi, koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verməsi, bununla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi və digər amillər QH-yə üzv dövlətlərin Azərbyacanın bu quruma əlavə 1 il də sədrlik etməsi barədə müraciət ünvanlamısına imkan yaratmışdır. Bu, hər bir azərbaycanlıda qürur yaradacaq diplomatik uğurla yanaşı, həm də ölkəmizə olan inam və etimadın növbəti nümunəsidir.

Səhər İSMAYILOVA,

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq

24 İyul 2021 00:08 -
22 Oktyabr 2021 | 01:06
İlk kosmik raket
22 Oktyabr 2021 | 01:06
Dünyanın ən güclü ordusu

Köhnə versiyamızdan xəbərləri izlə