Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların sürətli inkişafı əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir

 

 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

Prezident İlham Əliyevin iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Daşkəsən, Goran­boy rayonlarında və Naftalan şəhərində olması Azərbaycanda investisiyaların qeyri-neft sek­toruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik prob­leminin həlli, bütün bunların nəticəsində isə əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının dövlətimizin başçısının yerit­diyi iqtisadi siyasətin priori­tet istiqamətlərindən biri kimi diqqətdə saxlanıldığının bariz ifadəsidir.

Ölkə rəhbərinin Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanışlığı isə bir daha göstərdi ki, Vətən müharibəsi günlərində işğalçı günah­sız mülki insanlara və enerji infrastruk­turuna qarşı raket hücumları həyata keçirməkdən belə çəkinməyib.

Qeyd edək ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində arala­rında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrast­ruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Erməni faşizminin izləri ilə tanış olan Prezident İlham Əliyev həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binalarının ətrafına gül düzüb.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin respublikamızın qərb bölgəsinə səfəri bir daha göstərdi ki, dövlətimizin başçısının siyasəti əsasında hazırda ölkəmizin region­larında infrastrukturun inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması diqqət mərkəzində saxlanılır.

Məhz buna görə də yolların inşası və yenidən qurulmasına xüsusi önəm verilir. Bütün bölgələrdə yolların tikintisi ilbəil daha da genişləndirilir. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Bu, eyni zamanda, aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılır.

Ölkə Prezidentinin səfər çərçivəsində Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirakı da yol infrastrukturunun inkişafına göstərilən diqqətin parlaq ifadəsidir.

Burada dövlətimizin başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verilərək bildirildi ki, ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, bu gün də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam edir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət göstərilir. Bu cür yolların müasir səviyyədə inşası isə əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

Bu, eyni zamanda, onu deməyə əsas verir ki, hazırda ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Belə ki, əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına da xüsusi önəm verilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir.

Ölkə Prezidentinin səfər çərçivəsində Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak etməsi ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət almasından, gənclərə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradılmasından, Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasından, Naftalan Mərkəzi Sanatoriyasının fəaliyyətə başlaması turizm sənayesinin inkişafından, şəhəridə 200 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin başa çatdırılmasının isə son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq təhsil-tərbiyə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılmasından, məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılmasından xəbər verir.

Burada bir məsələni də qeyd etmək istərdik. Dövlətimizin başçısı səfər çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə də tanış olub. Burada Prezident İlham Əliyevə “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilərək, bildirilib ki, qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb, bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. İndiyədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı nəzərdə tutulub.

Ölkə rəhbəri “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə də tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə dövlətimizin başçısı bildirib ki, bu cür səfərlər müntəzəm olaraq həyata keçirilir: “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verdiyim tapşırıqlar yerində də yoxlanılır və son illər ərzində mənim bölgələrə yüzlərlə səfərim olubdur. Bu səfər də bu sıradan olan səfərdir. Səfər zamanı bir neçə açılışda iştirak edəcəyəm. Bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir. Eyni zamanda, onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir. Çünki bu səfər çərçivəsində həm infrastruktur layihələrinin istismara verilməsi qeyd olunacaq, eyni zamanda, sənaye müəssisələrinin, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi nəzərdə tutulur”.

Prezident İlham Əliyev müsahibəsində cari ilin ilk yarısında ölkəmizin sosial-iqtisadi yekunlarını da qiymətləndirib. Vurğulayıb ki, bu dövrdə:

–iqtisadiyyat 2 faiz artıb;

–qeyri-neft sektoru 5 faizdən çox yüksəlib;

–qeyri-neft sənayesi 16,6 faiz artıb;

–kənd təsərrüfatı 5,6 faiz yüksəlib;

–inflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz;

–altı ayda valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb;

–ixrac 15 faiz, qeyri-neft ixracı isə 27 faizdən çox artıb;

–xarici ticarətdə müsbət saldo 3,4 milyard dollar təşkil edib.

Dünya ölkələrinin böyük əksəriyyətinin iqtisadi tənəzzül yaşadığı bir vaxtda belə göstəricilərin əldə edilməsi Azərbaycan Prezidentinin müdrik siyasətinin, reallaşdırdığı önəmli layihələrin məntiqi nəticəsidir. Çünki dövlətimizin başçısının son illər ərzində neft və qazdan asılılığın azaldılması məqsədilə sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması, müasir texnologiyaların, elektron kənd təsərrüfatı sisteminin tətbiqi, özünüməşğulluq proqramının icrası, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlbi və s. tapşırıqları ilə bağlı müsbət göstəricilər əldə olunub. Möhkəm iqtisadi bazanın yaradılmasının nəticəsidir ki, təkcə pandemiyanın hökm sürdüyü və müharibə aparıldığı 2020-ci ildə respublikada 72,4 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artıb. Respublikanın enerji sistemində reabilitasiya proqramı uğurla həyata keçirilib Xarici tərəfdaşlar cəlb edilməklə bərpaolunan enerji növləri üzrə elektrik stansiyalarının tikintisinə dair müqavilələr reallaşdırılıb.

Azərbaycan bu gün 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb.

Hazırda postpandemiya dövrünün astanasındayıq. Ölkə Prezidenti tərəfindən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə sərəncamı da bu məqsədə yönəldilib.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də vurğulanır ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Son 18 ildə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhranı şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Azərbaycan əvvəlki illərdə olduğu kimi, cari ilin ötən aylarında da Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib, respublikamız öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini gerçəkləşdirib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Hazırda ölkəmizdə yaradılan biznes mühiti, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan respublikamızda hər bir vətəndaşın, sahibkarlığa meylli olan hər bir şəxsin öz potensialını reallaşdırması üçün əlverişli şərait yaradılır. Bu gün yalnız iş yeri tapmaq deyil, eləcə də iş yeri yaratmağa çalışan hər bir vətəndaşa dövlət tərəfindən bir sıra tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir.

İqtisadiyyatın, o cümlədən özəl sektorun inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlar, həmçinin sahibkarların güzəştli kreditlərlə təmin olunması bunun parlaq ifadəsidir.

İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələri uğurla gerçəkləşdirilir.

Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafının təmin olunması istiqamətində hökumətin düşünülmüş plan əsasında reallaşdırdığı layihələr, hətta pandemiya dönəmində bu sektorun ayrı-ayrı sahələrində yetərli pozitiv nəticələr əldə etməyə imkan verir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

24 İyul 2021 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə