Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da məzun törəni

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2020 – 2021 tədris ili məzunlarının buraxılış mərasimi keçirilib. Tədbirdə məzunlar, universitetin inzibati və professor– müəllim heyəti və Dövlət Turizm Agentliyinin məsul nümayəndəsi iştirak ediblər.

Pandemiya səbəbindən məhdud say və onlayn formatda təşkil olunan mərasimdə ATMU-nun rektoru İlham Mədətov məzunları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb. Builki məzunları qalib ölkənin Zəfər ilinin məzunları adlandırıb. Bu sevinc və qürur dolu günü bizə yaşadan Azərbaycan Preziden­ti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi xidmətlərindən söz açan rektor ATMU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunu Məhəmmədəli Həsənzadənin əziz xatirəsinin uca tutulacağını, Vətən müharibəsində iştirak edən tələbələrin hər cür qayğıya layiq olduqlarını deyib.

Rektor bildirib ki, ölkəmizin dövlət ali təhsil müəssisələri sırasında 15 il əvvəl qərarlaşan ATMU-nun inkişafı uğrunda əlimizdən gələni edəcəyik. Hazırda 3 fakültə, 9 kafedrada bakalavr səviyyəsində 1701, magistraturada 264, doktoranturada 56, ikinci ali təhsildə 31 nəfər təhsil alır. Bu il universiteti bitirən 441 nəfər bakalavrdan 8-i, magistr pilləsini başa vuran 141 nəfərdən 16-sı fərqlənmə diplomu alıb. İndiyədək ATMU ailəsində bütövlükdə 3931 gənc peşəkar səviyyəli mütəxəssis kimi həyata vəsiqə alıb və əksəriyyəti hazırda öz ixtisasları üzrə uğurla fəaliyyət göstərirlər. Builki məzunlardan 24 nəfəri eyni zamanda Avstriya­nın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomunu əldə edib. Ölkəmizdə ilk dəfə ATMU tələbələri üçün nəzərdə tutulan 14 –22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz Azərbaycanın nüfuz­lu turizm müəssisələrində peşəkar vərdişlərə yiyələnirlər. Hazırda 171 tələbə cari ilin istehsa­lat təcrübəsindədir.

Universitet indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilata üzv olaraq əlaqələr qurmuşdur. Onlarca müəllim və tələbə Mövlanə və Erasmus+ mübadilə proqramlarından uğurla faydalanıblar. Bununla yanaşı olaraq ikili işbirliyi anlaşmaları əsasında ATMU tələbələri Fransa, Türkiyə, Yunanıstan, Polşa, İsveç, Macarıstan kimi ölkələrin nüfuzlu ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil almaq şansına yiyələnə biləcəklər.

Dövlət Turizm Agentliyinin təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva – Nağıyeva məzunları agentliyin sədri Fuad Nağıyevin adından təbrik edərək, onlara uğurlu karyera arzulayıb, turizm sektorunun dinamik inkişafına göstərilən qayğıdan lazımınca fayda­lanmağı tövsiyə edib.

Tədbirdə 2020/21-ci tədris ilinin məzunları onlar üçün təhsil müddətində yaradılan imkanlar və üstünlüklərə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonda tədrisi birinciliklə bitirən məzunlar təltifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

23 İyul 2021 06:36 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə