Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Avropa İttifaqı ilə yaxın əməkdaşlığı Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasına xidmət edir

 

Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfuzunu daha da artırır.

Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlığında da bu məsələlər diqqətdə saxlanılır. Bununla bağlı bəzi məqamlara nəzər salaq. Əvvəlcə onu xatırla­daq ki, Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisi­yaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisi­yaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.

Prezident İlham Əliyev hələ 2014-cü ilin iyun ayında Aİ ilə əlaqələri xarakterizə edərək bildi­rib ki, Azərbaycan Aİ-yə mümkün qədər yaxın olmaq arzusundadır. Bu, respublikamız üçün strateji mahiyyət daşıyan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır.

Azərbaycan bu gün Aİ ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu istiqamətlərdə 1992-ci ildən etibarən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib.

Bütün bunlar Azərbaycan ilə Aİ arasında əməkdaşlığın inkişa­fının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. Məhz bunun nəticəsidir ki, respublikamızla Aİ arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir, bu beynəlxalq təşkilat Azərbaycanın yuxarıda vur­ğuladığımız kimi, əsas ticarət tərəfdaşlarından biri kimi tanınır. Respublikamız, eyni zamanda, hazırda Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçıdır və yaxın gələcəkdə ölkəmizin Aİ-yə üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulur. Respublikamızda Aİ ilə birgə müxtəlif proqramlar və layihələr də əvvəllər olduğu kimi, bu gün də uğurla reallaşdırılır.

Yeri gəlmişkən, qlobal güc mərkəzi olan Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Məhz bunun nəticəsidir ki, ölkəmizin ticarət dövriyyəsinin yarıdan çoxu məhz bu nüfuzlu təşkilatın payına düşür.

Ölkəmizlə Avropa İttifaqı arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənib. Təsadüfi deyil ki, Aİ ticarət tərəfdaşlarımız arasında birinci sıradadır. Aİ Azərbaycanın ixracda 45,8 faiz, idxalda isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı əsasən maşınqayır­ma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı əsasən neft və qaz məhsullarıdır.

Azərbaycanın Aİ ölkələri ara­sında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolla­rı, 30,5 faiz), Almaniya (768,70 milyon ABŞ dolları, 16,25 faiz) və Böyük Britaniyadır (449,71 milyon ABŞ dolları, 9,5 faiz).

Dövlətimizin başçısı İlham Əliyev Aİ-nin Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konf­ransında bütün bunları nəzərə alaraq deyib: “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yax­şı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 mil­yard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miq­yasını nümayiş etdirir”.

Burada Aİ ilə Azərbaycan arasında birgə iqtisadi layihələrin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin, o cümlədən TAP layihəsinin mühüm önəm daşıdığını da qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycanı Aİ bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı da məhz bu beynəlxalq qurum­dur. Xatırladaq ki, hazırda Aİ-yə üzv ölkələr tərəfindən Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilir.

Cənub Qaz Dəhlizi layihəsindən söz düşmüşkən, xatırladaq ki, 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanıb. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Av­ropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oyna­ya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən “Şahdəniz-2” yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans – Anadolu və Trans – Adriatik boru xəttinin inşasını əhatə edir.

Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu iqti­sadi-siyasi əlaqələrimizin qarşı­lıqlı əhəmiyyətindən və faydalılıq səviyyəsindən xəbər verir. Ötən ilin son günlərində istismara verilən Cənub Qaz Dəhlizinin so­nuncu seqmenti – Trans-Adriatik kəməri vasitəsilə Avropa İttifaqına üzv dövlətlərə artıq 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində tutduğu yerin müstəsnalığına dəlalət edir. Ümu­mi yükaşırma qabiliyyəti 25 milyon tonadək olan Ələt Beynəlxalq Ticarət Limanının açılışı isə ölkəmizin logistik və nəqliyyat imkanlarının potensialından xəbər verir.

Bütün bunlarla bərabər, Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə yatırdığı irimiq­yaslı investisiyalar, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan yeni hava limanları, çəkilən avtomobil və dəmir yolları regional və qlobal inteqrasiya proseslərinin daha da sürətlənməsinə imkan verəcək. Bu, Cənubi Qafqaz ölkələri ilə yanaşı, bütün region dövlətlərinin inkişafını daha da sürətləndirəcək, eləcə də Avropa və Asiyanın daha sıx iqtisadi inteq­rasiyasına xidmət edəcək.

Azərbaycan ilə Aİ arasında aqrar sahədə ticarət dövriyyəsinin həcminin artırılması da diqqət mərkəzində saxlanılır. Ötən il res­publikamızla bu qurum arasında aqrar sahədə ticarət dövriyyəsinin həcmi 240,7 milyon dollar təşkil edib. Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensial mövcuddur. Azərbaycana ötən il bu ölkələrdən 166 milyon dollarlıq məhsul idxal olunub, Azərbaycandan isə 74,7 milyon dollarlıq ixrac həyata keçirilib. Cins heyvan, içkilər, uşaq yeməkləri, tərəvəz konservləri id­xalın əsasını təşkil edib. İxracın 96 faizi fındığın, 1,7 faizi nar şirəsinin payına düşüb.

Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi Aİ ilə birgə “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” Tvinninq Layihəsinə başlayıb.

Nazirliyin məlumatında bildirilir ki, layihənin əsas komponentləri kənd yerlərinin inkişafı və kənd təsərrüfatına dövlət dəstəyinin müəyyənləşdirilməsi, proqramlaş­dırılması və idarə edilməsidir. İki il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə İta­liya, Polşa və Litvadan olan mütəxəssislər cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyi indiyədək Aİ ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirib. İyirmi ildən artıq müddətdə davam edən əməkdaşlıq geniş təcrübə mübadiləsinə imkan verib. Yeni başlayan layihə isə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynaya­caq.

Tvinninq Layihəsinin əsas məqsədi Aİ tərəfindən ümumi kənd təsərrüfatı siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda kənd yerlərinin inkişafının həyata keçirilməsi istiqamətində milli siyasət və vasitələrin gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir.

Xatırladaq ki, layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması, habelə kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologi­yaları prosedurlarının və əlverişli inzibati mühitin inkişaf etdirilməsi, eyni zamanda, müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədi ilə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

 

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

23 İyul 2021 07:43 - İQTİSADİYYAT
İQTİSADİYYAT
28 Sentyabr 2021 | 10:12
Neft bahalaşıb
28 Sentyabr 2021 | 09:29
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə