Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müharibədən sonrakı dövrün problemləri beynəlxalq hüququn prinsiplərinə uyğun həll olunmalıdır

 

Azərbaycan Qarabağ problemini birdəfəlik həll edib, 30 ilə qədər Ermənistanın işğalı altında qalmış torpaqlarımız azadlığa qovuşub. Bu barədə Prezident İlham Əliyev dəfələrlə bəyan edib və bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb, daha heç kim belə bir problemin mövcudluğu haqqında danışmamalıdır. Şübhəsiz ki, Azərbaycan liderinin bu günlərdə Rusiya Federasiyasına işgüzar səfəri zamanı da bu məsələ ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizin mövqeyi Rusiya Prezidenti Vladimir Putinin diqqətinə bir daha təqdim olunub.

İstər Azərbaycan, istərsə də Rusiya politoloq və siyasi müşahidəçiləri Prezi­dent İlham Əliyevin bu səfərini yüksək qiymətləndirirlər. Səfərin istər iki dövlət, istərsə də, ümumilikdə, region üçün böyük əhəmiyyət daşıdığını qeyd edirlər. Məsələ bundadır ki, artıq Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi bitmiş­dir. Münaqişənin həlli məsələsi ətrafında narahatlıq da yoxdur. Hazırda Azərbaycan sadəcə postmünaqişə və erməni van­dalları, vəhşiləri tərəfindən dağıdılmış ərazilərin bərpası dövrünü yaşayır. İndi ölkə üçün vacib olan məsələ Ermənistanla sərhədlərimizin delimitasiya və demar­kasiyası, eləcə də, işğalçı ölkə ilə sülh müqaviləsinin imzalanmasıdır. Bununla yanaşı, təbii ki, digər məsələlər, xüsusən Zəngəzur dəhlizinin işə salınması, bu yolla qarşılıqlı əməkdaşlıq, 3+3 formatında iq­tisadi-ticari münasibətlərin qurulması kimi məsələlər öz həllini tapmalıdır.

Məhz buna görə də Azərbaycan Prezidenti Moskvada Putinlə görüşdə əsasən müharibədən sonrakı dövr və onun ağrısız keçməsi üçün görüləsi tədbirlər haqqında danışdı. Bu məsələlər isə, şübhəsiz ki, beynəlxalq hüqu­qun qayda və prinsipləri əsasında həll olunmalıdır. Ermənistan bütün sovet dövrü və ondan sonrakı müstəqillik illərində himayədarlarına arxalanaraq, Azərbaycan ərazilərini zəbt edib. Bu gün isə sərhədlərin delimitasiyası və demarka­siyası məsələsində cığallıq etməyə çalışır. Hətta Azərbaycanı ərazi iddiasında ittiham etməyə cəsarət edir. Belə yerdə deyiblər, öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır.

Bu baxımdan, Azərbaycanın Ermənistanla dövlət sərhədinin bərpası istiqamətində atdığı addımlar beynəlxalq hüquq çərçivəsindədir. Prezident İlham Əliyev də bildirdi ki, Azərbaycan bütün razılaşmalarla öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir. Ancaq Ermənistan bu məsələdə beynəlxalq hüquqa əsaslanmır, ona görə də Qərbin aparıcı təşkilatları və dövlətləri bu ölkəni sülhə gətirməlidir.

Dövlətimizin başçısının sözlərinə görə, son illərdə Rusiya ilə iqtisadi əməkdaşlıq genişlənir. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Nəqliyyat-tranzit münasibətləri məsələsində əməkdaşlıq genişlənir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə, təqribən, 20 faiz çox yük daşınıb. Azərbaycan Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini alıb və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bu gün Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır.

Moskva görüşündən də belə nəticəyə gələ bilərik ki, Rusiya lideri Prezident İlham Əliyevin təşəbbüsləri və atdığı addımları təqdir etdi. Üstəlik, görüşdə gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin tamam olduğu bildirildi. Prezident Putinin sözlərinə görə, Rusiya iqtisadiyyat sahəsində əməkdaşlığı dərinləşdirmək üçün yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırır ki, həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlərdə əməkdaşlığı genişləndirmək mümkün olsun.

Rusiyalı politoloq Sergey Markovun Əliyev – Putin görüşü ilə bağlı fikirləri də maraqlıdır. “Həm Əliyev, həm də Putin müstəqil ölkələrin güclü liderləridir, buna görə də populyardırlar”. Onun fikrincə, danışıqlar müsbət məcrada olub: “Çünki həm Putinlə Əliyevin çox yaxşı dostluq münasibətləri, həm də ortada müsbət gündəlik var. Bu, Qarabağ münaqişəsinin həlli üçün sülh razılaşmalarının birgə həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin qurulması, Cənubi Qafqazın müharibə bölgəsi yox, ortaq inkişaf bölgəsi olması ilə bağlıdır. Bütün bunlar həm də Türkiyə, Ermənistan, Gürcüstan və İranla birlikdə həyata keçiriləcək”.

Cavanşir PAŞAZADƏ,

Milli Məclisin deputatı

23 İyul 2021 06:54 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə