Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əyalətlərinin XIX əsr kameral təsvirləri qiymətli tarixi mənbələrdir

 

 

Tədqiqatçı-jurnalist Nazir Əhmədlinin XIX əsrdə Azərbaycanın Rusiyanın işğalı altına düşən tarixi əyalətlərinin kameral təsvirləri ilə bağlı araşdırmaları və ərsəyə gətirdiyi cild-cild kitablar tarixi mənbəşünaslığımızı zənginləşdirmək, bir sıra önəmli tarixləri və faktları dürüstləşdirmək baxımından elmi-mədəni dairələrdə böyük maraq doğurur və yüksək dəyərləndirilir. Vətənpərvər alim bu silsilədən “Dərbənd şəhərinin kameral təsviri” adlı növbəti nəşri oxuculara təqdim etmişdir.

Tarixi mənbəşünaslıqda digər yazılı əsər və qaynaqlarla yana­şı, zaman-zaman tərtib edilmiş vergi dəftərləri və siyahıyaalınma məlumatları da mötəbər istinadgah sayılır. Tarixən, bu sənədlərdən hakim dairələr istifadə etsə də, “kameral təsvir” adlanan bu ya­zılı mənbələr zaman keçdikcə, necə deyərlər, tarixiləşir, tanınmış şəxslərin və ailələrin, ayrı-ayrı-ya­şayış məntəqələrinin və bölgələrin, bütövlükdə, ölkənin tarixini öyrənməkdə doğru-dürüst məlumat verir. Misal olaraq, göstərək ki, klassik aşıq şerimizin zirvəsi sayılan ustad Aşıq Ələsgərin doğum tarixi on illər boyu şifahi şəhadətlərə əsaslanmış, hətta bir neçə versiya yaranmışdır. Nazir Əhmədli isə Göyçə mahalının kameral təsvirini arxiv qaranlığından işığa çıxarmaqla bu yanlışlığa son qoymuşdur.

Müəllifin həmin kitabında Qərbi Azərbaycanın Göyçə mahalın­da 1831-ci və 1842-ci illərdə çar məmurları A.Rıjkov və A.Korallovun tərtib etdikləri kameral təsvirlərdə əhalinin adbaad siyahısı, milli tərkibi və sayı göstərilmişdir. Nəşrdə ma­halın təbii ehtiyatları, heyvan və bitki aləmi, dağları, çayları, gölləri, yolları, əhalinin məşğuliyyəti, vergilər və s. barədə məlumat da ətraflı əksini tapmışdır.

Rusiya işğalı dövründə Göyçə kimi, Azərbaycanın digər əyalətlərində də kütləvi siyahıyaalınmalar keçiril­miş, əhalinin yaşayış məntəqələri və ailələr üzrə kameral təsviri sənədləri tərtib olunmuşdur. Bu sənədlərdə hər bir kənd, şəhər və əyalətin əhalisinin etnik tərkibi, hər ailənin kimliyi aydın əksini tapdığına görə günümüzdə bir sıra tarixi dolaşıqlığı və mübahisəli məqamları aradan qaldırmaqda həlledici sübut-dəlil rolu oynayır. Buna görə də tədqiqatçı son illərdə bütöv bir heyətin görə biləcəyi bu gərəkli işi təkbaşına və fədakarlıqla davam etdirərək ayrı-ayrı əyalətlərin kameral təsvirlərini tərtib edir, cild-cild kitablar şəklində çap etdirir.

Nazir Əhmədli müsahibə və açıqlamalarında göstərir ki, Hülakülər dövründən Azərbaycanın daxil olduğu dövlətlərdə aparılmış belə siyahıyaalınmalar və onlara əsasən tərtib olunmuş vergi dəftərləri özündə qiymətli tarixi materialları qoruyub saxladığına görə, nəhayət, geniş istifadəyə çıxarılmalı idi. Təəssüf ki, sovet dövründə Azərbaycanın keçmişi icmal şəkildə və imperiya əyaləti çevrəsində öyrənildiyinə görə kameral təsvirlər kimi belə müfəssəl məlumatlar arxivlərdə yatıb qalmış, onlara təsadüfi hallarda müraciət olunmuşdur.

Tədqiqatçı qeyd edir ki, rus işğalı zamanı kameral siyahılar 10 ildən bir təzələnirdi. Ölən adamları siyahıdan çıxarır, təzə doğulanları daxil edirdilər, başqa kəndlərdən köçüb gələnləri ya­zırdılar və s. Amma 10 il məsələsinə tam əməl olunmurdu. 1831-ci ildən sonra ikinci siyahıyaalma 1842-ci ildə, üçüncü 1852-ci ildə, dördüncü 1859-cu ildə, beşinci 1873-cü ildə və nəhayət, sonuncu 1886-cı ildə keçirilib. 1886-cı ildən sonra kame­ral siyahı tərtib olunmayıb. Görünür, artıq statistikanı hesablamanın başqa üsuluna keçmişdilər, yaxud adamların sayı xeyli çoxaldığına görə çətinlik yaranmışdı. Amma ilk Ümumrusiya siyahıyaalması 1897-ci ildə keçirilib.

Müəllif İrəvan və Naxçıvan xan­lıqlarının kameral təsvirlərinin tarixi önəmi üzərində ayrıca dayanaraq bil­dirir ki, 1827-ci ilin iyununda Naxçıvan xanlığı, oktyabrında isə İrəvan xanlığı ruslar tərəfindən işğal edildi. 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qa­tıldı: “Türkmənçay müqaviləsinin şərtlərindən birinə görə İran Qacarlar dövləti İrəvan və Naxçıvan xanlıqla­rına aid bütün maliyyə sənədlərini 6 ay ərzində Rusiya tərəfinə verməli idi. Rusiya bu ərazilərdə özündən qabaq toplanan vergilər, vergilərin növləri, miqdarı, kəndlərin, insanla­rın sayı haqqında tezliklə məlumat almağı düşünürdü. İstəyirdi ki, Qacarlar dövründən az vergi yığılma­sın. Qorxurdular ki, kimsə vergini az göstərsin, yaxud vergidən yayınsın”.

Müəllifin bu açıqlamasından məlum olur ki, o zaman İ.Şopenin tərtib etdiyi kameral təsvirdə xanlığın erməni əhalisi haqqında ancaq sta­tistik rəqəmlər yer alıb. Onların adları kameral siyahılarda var idi, amma bu sənədlər azərbaycanlı tədqiqatçılarda yox idi, heç kim də görməmişdi: “Mən isə həmin kameral təsvirləri əldə etmiş və oradakı şəxslərin adını da ilk dəfə çap etmişəm. Sənədlərin əsli Ermənistan Milli Arxivindədir. Artıq bu sənədlərin yer aldığı 5 kitabı çap etdirmişəm”. Əlavə edək ki, İrəvan şəhərinin, Göyçə və Dərələyəz mahallarının, həmçinin Qazax və Şəmşədil nahiyələrinin, Vedibasar və Şərur mahallarının kameral təsvirləri də artıq çap olunmuşdur. 5 cildlik “İrəvan əyalətinin kameral təsviri” kitabının cildləri də dalbadal işıq üzü görür.

“İrəvan əyalətinin kameral təsviri” AMEA Tarix İnstitutunun Elmi Şura­sının qərarı ilə nəşrə hazırlanmışdır. Müəllifin son kitablarından sayılan “Azərbaycan aşıqları və el şairlər. Arxiv sənədləri ilə” adlı yeni kitabı 16 aşıq və el şairi, əlavə olaraq məşhur Göyçəli Səməd ağa haqqında dəyərli məlumatı özündə əks etdirtir.

Nazir Əhmədli tərcümə və tərtibatı ilə “Elm və təhsil” nəşriyyatında bu­raxılan sonuncu “Dərbənd şəhərinin kameral təsviri. 1831-ci il” kitabına müəllif geniş giriş mətni yazmış, qeyd və şərhlər əlavə etmişdir. Annotqasi­yada göstərilir ki, qədim Azərbaycan şəhəri Dərbənd 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra orada vergi toplamaq məqsədi ilə əhalinin siyahıyaalınması apa­rılmış və kameral təsvirlər tərtib edilmişdir. Həmin məqsədlə vaxtaşırı tərtib edilən bu sənədlər imperiyanın tərkibinə daxil olan ərazilərin sosial-iqtisadi və etnodemoqrafik tarixini araşdırmaq ucun dəyərli mənbə rolu­nu oynayır. Oxuculara təqdim olunan Dərbənd şəhərinin 1831-ci ilə aid kameral təsviri də həmin sənədlərdən biridir.

Nazir Əhmədli “Qədim Azərbaycan şəhəri Dərbənd” adlı giriş məqaləsində tarixən ölkəmizin şimal qapısı olmuş bu şəhərin bir neçə minillik keçmişindən söz açaraq onun rus işğalınadək dəyişməz Azərbaycan əyaləti olduğunu tarixi fakt və sənədlər əsasında sübuta yetirmişdir. Təqdim edilən kameral təsvir isə bu həqiqətə 190 il əvvəl işğalçı Rusiya­nın özünün basdığı möhürdür.

Rusiyanın hakim dairələrinin XIX əsrdə öz maraqları baxımından tərtib etdiyi Azərbaycan əyalətlərinin kameral təsvirlərinin son illərdə dalba­dal geniş oxucu dairəsinə təqdim edilməsinin zəruriliyini qeyd edən müəllif göstərir ki, birincisi, məsələnin siyasi tərəfidir: “Siyasətçilərimiz, diplomatlarımız, jurnalistlərimiz haqlı olaraq deyirdilər ki, İrəvan, Göyçə və digər ərazilər bizim torpağımız­dır. Mənim çap etdiyim kitablar artıq onların əlndə tutarlı sənəddir, faktdır və erməninin qabağına qoya bilərlər. Həm də bu sənədlər əgər Parisdə, Londonda, Peterburqda üzə çıx­sa idi, ermənilər yenə də cığallıq edəcəkdilər. Amma bunlar ermənilərin öz arxivindəndir və bunu dana bilməzlər. Bu sənədləri erməninin, bü­tün digər siyasətçilərin də qabağına qoyub deyə bilərik ki, bəli, bu tor­paqlar türk torpaqlarıdır. Görəcəklər ki, 1831-ci ildə buranın xanı, bəyi, əhalisi kim idi; İrəvan şəhərinin 80 faizi, Göyçənin, Dərələyəzin 99 faizi azərbaycanlı olub. Hamımız deyi­rik ki, İrəvan bizimdir. Amma sözlə demək ayrı, yazılı sənəd ayrı”.

Müəllifə görə, məsələnin ikinci tərəfi ondan ibarətdir ki, kameral si­yahılarda tarixçilərlə yanaşı, filoloqlar, dilçilər, etnoqraflar, sosioloqlar, başqa elm sahələrinin nümayəndələri üçün də həddindən artıq mühüm material­lar var. Üçüncüsü, ayrı-ayrı şəxslər bu sənədlərdə öz şəcərəsini tapa bilərlər. Nəhayət, Nazir Əhmədli ötən əsrdə yaşamış soydaşlarımız barədə indiki nəsillərə gərəkli bilgilər verən bu kitabları ilə bir çoxunun məzarı artıq qürbət sayılan torpaqlarda qalmış soydaşlarımızınn ruhlarını sevindirir.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

14 İyul 2021 00:16 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə