Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arxeoloq alimin Azərbaycanda erkən şəhər sivilizasiyası barədə məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Humanitar fənlər kafedrasının professoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, arxeoloq Hidayət Cəfərovun rus və ingilis dillərində “Azərbaycanda erkən şəhər sivilizasiyasının yaranması və formalaşması (sinifli cəmiyyətə keçidin bir sıra aspektləri)” adlı elmi məqaləsi beynəlxalq jurnalda dərc edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, məqalə “Web of Science” və “SCOPUS” kimi beynəlxalq elmi bazalarda təmsil olunmuş Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun ikidilli impakt faktorlu “Avrasiyanın arxeologiyası, etnoqrafiyası və antropologiyası”) elmi jurnalının builki 49-cu cildinin 2-ci sayında işıq üzü görüb.

Məqalədə erkən şəhər mədəniyyəti ilə bağlı mühüm elmi əhəmiyyət kəsb edən aktual problemlərə toxunulub. Məsələnin mürəkkəbliyi erkən yazılı mənbələrin yoxluğu ilə əlaqədardır. Buna görə də mövzunun işıqlandırılmasına arxeoloji materiallar cəlb edilib. Şəhər tipli erkən məskənlərin rüşeymlərinin, yəni erkən şəhər mədəniyyətinin köklərinin yaranmasına xüsusi olaraq diqqət yetirilib. Müəllif yazır ki, aşkar edilmiş faktlar erkən şəhər mərkəzlərinin - sinifli cəmiyyətlərin müjdəçisinin formalaşma səbəbləri və zəmini barədə hipotez irəli sürməyə imkan yaratdı. Erkən şəhər tipli məskənlərin şərtləri - onların tutduğu sahə və strukturu, müdafiə tikililərinin mövcudluğu, sosial-iqtisadi və mədəni inkişaf durumu, bütün hakimiyyəti öz əlində cəmləşdirmiş hökmdarın varlığı, məcburiyyət aparatının varlığı, əhalinin kəmiyyəti və sıxlığı təsnif edilib.

Bu məskənlərdə sənətkarlıq istehsalının səviyyəsi və s. aspektlər də müşahidə edilir. Buna misal kimi Füzuli rayonunda Tunc dövrünə aid Qaraköpəktəpə, Naxçıvanda Ovçulartəpə, II Kültəpə, Oğlantəpə, Ağdamda Üzərliktəpə, Çinartəpə, Qaratəpə, Misir Qışlağı, Qobustandakı Dairə, Güney Azərbaycandakı Göytəpə və Yanıqtəpə kimi ilkin şəhər tipli yaşayış məskənləri göstərilib. Qədim Şərqin qabaqcıl mərkəzlərinin mədəni dəyərlərinin Cənubi Qafqazın qədim əhalisi tərəfindən mənimsənilməsi barədə tezis ilk dəfə olaraq əsaslandırılıb.

Tədqiq edilən mövzu çərçivəsində Qarabağın Son Tunc dövrünün möhtəşəm kurqan abidələri diqqətdən keçirilib. Müəllifə görə, elmi ədəbiyyatda ilk dəfə irəli sürülən, faktlarla əsaslandırılan elit dəfnlərin erkən şəhər mərkəzləri ilə əlaqəsi ideyası ona əsaslanır ki, yalnız iri tayfa ittifaqlarının və erkən sinifli cəmiyyətin başçıları məhz bu çeşiddən olan möhtəşəm dəfnlərə iddialı ola bilərdilər. Bu qəbildən eramızdan əvvəl II minilliyin ikinci yarısına aid, Qarabağ ərazisindəki Sarıçoban (Ağdam), Borsunlu və Bəyimsarov (Tərtər) kimi möhtəşəm kurqan tipli abidələrin quruluşu və zəngin materialları barədə məlumat oxucuların diqqətinə çatdırılıb.

12 İyul 2021 10:56 - ELM
ELM
2 Oktyabr 2021 | 08:36
Xatirələrdə yaşayacaq insan

Köhnə versiyamızdan xəbərləri izlə