Ən son xəbərlər
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək hərb tariximizə şanlı səhifələr yazdı. Yüzlərlə igid övladımız işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Yüzlərlə hərbi qulluqçumuz sağlamlığını itirərək qazi oldu.
Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsi dövlət siyasətinin tərkib hissəsi kimi diqqət mərkəzindədir. Buna paralel olaraq vətəndaş cəmiyyəti də şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşmasına dəstək verir. Bu istiqamətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu təsis olundu, dövlət başçısının sərəncamına əsasən Himayəçilik Şurasının tərkibi təsdiq edildi. “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovla qurumun fəaliyyəti və gələcək layihələri ilə bağlı müsahibəni “Xalq qəzeti”nin oxucularına təqdim edirik.
– Elvin müəllim, “YAŞAT” Fondu qısa müddətdə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində müəyyən işlər görüb. Ötən dövrdəki fəaliyyətiniz barədə məlumat verməyinizi xahiş edirik.
– Azərbaycan xalqı qədirbilən və yardımsevər xalqdır. Vətən müharibəsi zamanı xalqımız ordumuza hərtəfli dəstək göstərdi. Həmin vaxtdan sosial şəbəkələrdə, vətəndaş cəmiyyətində yardımların cəmlənməsi və idarəsi üçün bir platformanın yaranmasına çağırışlar edilirdi. Cənab Prezident bu çağırışlara adekvat olaraq dəstək məqsədilə 2020-ci il dekabrın 8-də “YAŞAT” Fondunun yaradılması üçün fərman imzaladı. Dərhal struktur formalaşdırıldı və respublika üzrə 69 qrup yaradıldı. Qruplardan biri təcili müraciətlərin olduğu yerə yönləndirildi, digər 68-i isə regionlarda fəaliyyət göstərdi. Şəhid ailələrinin evlərinə, şəhərlərə, rayonlara, ən ucqar kəndlərə belə tərəfimizdən əməkdaşlar göndərildi və mövcud vəziyyət öyrənildi, şəhid ailələrilə görüşlər keçirildi. Məlumatlar elektron şəkildə mərkəzləşdirilmiş bazaya ötürüldü. Biz artıq rahat şəkildə həmin məlumatları təhlil edib ədalətli qərarlar qəbul edirik. Bu günədək 2906 şəhid ailə üzvü birbaşa mənzillərində ziyarət olunub. Məlumat üçün qeyd edim ki, müharibə dövründə itkin düşən hərbçilərin ailələri ilə də görüşmüşük. Bu yaxınlarda Kəlbəcərdə minaya düşüb həlak olan jurnalistlərimizin də ailələri ziyarət olunub. Bu ailələrə “YAŞAT” Fondu tərəfindən dəstək göstərilir.
– Fondun fəaliyyəti zamanı hansı çətinliklərlə qarşılaşırsınız?
– Təbii ki, hər işin başlanğıcında, ilk zamanlarda çətinliklər olur. Mart, aprel aylarınadək biz gecə saat 2-yə, 3-ə qədər işləyirdik, bəzən səhəri burda açdığımız vaxtlar olub. Bizim sutkanın 3 saatını yatmağa vaxtımız olurdu, çünki sistem, məlumat bazası formalaşmalı, müraciətlər təhlil olunmalı idi. Fondun saytı yaranmalı, çağrı mərkəzi fəaliyyətə başlamalı, müraciətlər qəbul olunmalı idi. Hər gün fondun regionlardakı 68 qrupundan məlumatlar bazaya daxil olmalı idi, qazilərimizin müalicəsi istiqamətində işlər sürətləndirilməli idi. Rəhbərliyin dəstəyi, əməkdaşlarımızın peşəkarlığı sayəsində zaman-zaman bu çətinlikləri aradan qaldırdıq. Artıq oturuşmuş bir sistem var və dörd fəaliyyət istiqaməti üzrə müraciətlər paralel olaraq həyata keçirilir.
– Himayəçilik Şurasının nəzarət mexanizmi necə qurulub və fond ilə şura arasında fəaliyyət istiqamətləri üzrə fikir ayrılığı yaranırmı?
– Cənab Prezidentin sərəncamı ilə təyin olunmuş Himayəçilik Şurasının üzvləri cəmiyyətimizin, Azərbaycanın tanınmış simalarıdır. Onların bir neçəsi xarici ölkələrdə yaşayır. Himayəçilik Şurası ilə biz mütəmadi görüşürük. İstər onlayın, istər əyani şəkildə keçirilən hər görüşdə müəyyən mövzularda müzakirələr aparırıq. Təbii ki, onların da müəyyən təklifləri olur. Bu təkliflər qanunvericiliyin tələbinə cavab verirsə biz həmin fikirləri nəzərə alırıq. Müzakirələr zamanı Himayəçilik Şurasının üzvlərinin fikir ayrılığı da olur. Məsələn, bir məsələyə şura üzvlərinin arasında müxtəlif baxış bucağı yaranır. Bu zaman çoxluğun fikri əsas götürülür. Baxın, Himayəçilik Şurasının üzvlərinin sayı tək rəqəmlidi, yəni bu say 10, 12 deyil məhz 11-dir. Nəzarət mexanizminə gəlincə, fondun fəaliyyəti təkcə 11 nəfər şura üzvü deyil, xalq tərəfindən də nəzarət həyata keçirilir. “YAŞAT” Fondunun nəzarətçisi dünya azərbaycanlılarıdır, bu fonda ianə köçürən hər kəsdir. Çunki hər bir vətəndaş üçün maraqlıdır ki, onun Fonda köçürdüyü vəsait təyinatı üzrə xərclənirmi? Biz “YAŞAT” fondunun saytının hesabatlılıq bölməsində bütün xərcləri qəpiyinə qədər yerləşdirmişik.
– Fondun vəsaitinin formalaşdırılmasında əsas mənbələr hansılardır? Bu sualıma keçid kimi deyim ki, hər hansı fondun davamlı, uzunmüddətli fəaliyyəti üçün maddi təminat, iqtisadi baza önəmlidir.
– “YAŞAT” Fondunun yaradılması haqqında cənab Prezidentin imzaladığı fərmanda da göstərilib ki, fondun vəsaiti hüquqi, fiziki şəxslərin verdiyi könüllü ianələrdən formalaşır. Fonda dövlət büdcəsindən vəsait köçürülmür, bütün toplanan vəsait sahibkarların və fiziki şəxslərin ianələrdir. Fondun saytının hesabatlılıq bölməsində şirkətin adı, VÖEN və ianə etdiyi məbləğ yerləşdirilib. Qələbəni bizə yaşadanları yaşatmaq üçün, fondun davamlı fəaliyyəti üçün daim ianələrin olması mütləqdir. Şirkətlər var ki, danışıqlar əsasında 5 illik ianə üçün öhdəlik götürüb, “YAŞAT” Fondu ilə niyyət pratokolu imzalayıb. Şirkət var, iki il müddətinə hər ay 10 min manat vəsait köçürəcəyinə dair öhdəlik götürüb. Belə şirkətlərin sayı çox olsa yaxşı olar, amma biz digər mexanizmlərin də üzərində işləyirik.
– Hansı mexanizmlərdir, açıqlaya bilərsinizmi?
– Misal üçün, marketə gedirsən, su vitrinində müxtəlif sular, şirələr var, onların hər hansı birinin üzərində “YAŞAT”ın loqosu olanı alsaq burdan gəlirin beş faizi “YAŞAT” Fonduna köçürüləcək. Hazırda bu mexanizm üzərində işləyirik, əlaqə saxladığımız şirkətlər var.
– Fondun vəsaitinin idarə olunması və ondan istifadə hansı prinsiplər əsasında həyata keçirilir?
– Bilirsiniz ki, “YAŞAT” Fondunun əhatə dairəsinə aid olan şəxslər şəhid ailələri və qazilərimizdi. Bu şəxslərin müraciətləri dörd istiqamət üzrə qruplaşdırılıb: məişət şəraitinin yaxşılaşdırılması, müalicə və tibbi xərclərin qarşılanması, istehlak kreditlərinin qarşılanması və təhsil. Bu istiqamətlər üzrə şəhid ailə üzvləri və müharibə əlillərinə təbii ki, sənədlər qaydasındadırsa, biz dəstək oluruq. İstehlak kreditləri şəhid ailə statusu və müharibə əlili statusu alanadək götürülən kreditlərə şamil olunur. Burda bir haşiyəyə çıxmaq istəyirəm. Biz gözləmədik müraciət edən şəxslər şəhid ailəsi, müharibə əlili vəsiqəsi alsın. Gözlə görünən xəstəliyi var qazinin və yaxud şəhidimizin adı Müdafiə Nazirliyin təqdim etdiyi siyahıda var, biz rəsmiyyəti gözləmədik.
– “YAŞAT” Fondunun hesabatının saytda yerləşdirilərək ictimaiyyətə açıq olması müsbət haldır. Şəxsən mən özüm hesabatlarla tanış oldum, istiqamətlər üzrə baxdım, həqiqətən də bu, obyektivlik və şəffaflıq baxımından tədqirəlayiqdir. İnternet resursunuza istinadən qeyd edim ki, 7223 nəfər fond tərəfindən himayə olunur. Öhdəliyə götürülmüş şəxslərin təminatına nələr daxildir və hansı müddətdə nəzədə tutulur?
– Öhdəliyə götütülmüş şəxslərin təminatı “YAŞAT” Fondunun qeyd etdiyim dörd fəaliyyət istiqaməti - məişət şəraitinin yaxşılaşdırılması, müalicə və tibbi xərclərin, istehlak kreditlərinin qarşılanması və təhsil üzrə aparılır. Qazilərin yalnız özləri, şəhid ailə üzvlərinin atanın, ananın, həyat yoldaşının, yetkinlik yaşına çatmış övladın hər biri fərdi surətdə müraciət edə bilər. Əgər şəhid övladı, qazimiz xaricdə təhsil alırsa, onun oxuduğu müddətədək təhsil haqqını fond qarşılayacaq. Əgər onlar dünyanın top 10 universitetinə qəbul olsalar da, fond bu təhsil haqqını qarşılayacaq, yetər ki, onlar həmin universitetlərə qəbul olsunlar.
– Elvin müəllim, bu günlərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil edildi. Belə əhəmiyyətli platformanın gələcəkdə digər fond, komitə, nazirlik və ya təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə keçirilməsi nəzərdə tutulurmu?
– Fondun ölkə hüdudlarından kənarda tanınması üçün “YAŞAT” Marafonunu məhz Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdik. Təxminən bir aya yaxın davam edən marafon müddətində fonda təxminən bir milyon manatdan artıq vəsait daxil oldu. Marafonun əsas məqsədi dünya azərbaycanlılarının Zəfər tariximizi öz qanları ilə yazanlarlara dəstək platformasına cəlb etmək idi. Düşünürəm ki, gələcəkdə də belə marafonların keçirilməsi məqsədəuyğundur.
– Qeydə alınmış müraciətlərə hansı qaydalar əsasında baxılır?
– Öncə bütün müraciətləri istiqamətlər üzrə bölürük. Burada prioritetlər nəzərə alınır: şəhid ailə üzvlərinin sayı, ailədə əmək qabiliyyəti olan üzvlərin sayı, ailənin aylıq gəliri, eyni zamanda dövlət tərəfindən təltiflər, ailədə azyaşlı körpələrin sayı və s. Məsələn məişətlə bağlı müraciətlərdə kimin mənzili daha qəzalı vəziyyətdədirsə, təbii ki, önə çıxır. Tibblə bağlı müraciətləri dərhal həll etməyə çalışırıq. Əməliyyat var ki, planlı, mərhələlidi, əməliyyat var ki, dərhal olunmalıdı, bu zaman həyati təhlükə yarada biləcək xəstəliklər önə çəkilir. Burada müraciətlərin təkrar olub olmaması da nəzərə alınır.
– Bəs müraciətlərə hansı müddətdə baxılır?
– Adətən müraciət formalaşdığı gündən etibarən 10-15 gün ərzində həll olunur. Bəzən bizdən asılı olmayan səbəblərdən, məsələn, vətəndaşın bank hesabının, yeni doğulan körpələrin doğum haqqında şəhadətnaməsinin olmamasına görə vaxt uzana bilər.
– Bəzən sosial şəbəkələrdə şəhid ailələri, qazilər müraciətlərinin gec həll olunmasınından şikayətlənirlər, onlar prosesin görünməyən tərəfini, hansı qaydalar əsasında həyata keçirildiyini bilmədikləri üçün narazı qalırlar. Bu məsələlərə Siz aydınlıq gətirdiniz. Müraciətlərin ehtiyac istiqamətləri üzrə bölgüsünə nəzər saldıqda görürük ki, məişət şəraitinin yaxşılaşdırılması ilk sıradadır. Bu istiqamətdə ödənişlər nağd yoxsa zəruri ehtiyacın qarşılanması üzrə aparılır?
– Biz təhsil, kredit və tibb üzrə vəsaitləri birbaşa müəssisə və təşkilarların hesabına köçürürük. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə xərcləri müraciət edən şəxslərin bank hesabına köçürürük.
– Qazilərimizin müalicəsində xəstəxana və həkim seçimi hansı prinsiplə həyata keçirilir?
– Bilirsiz ki, ölkə üzrə vətəndaşlar icbari tibbi sığorta ilə pulsuz müalicə olunurlar. İcbari Tibbi Sığorta Agentliyinin özünün belə ondan artıq tibbi müəssisə ilə müqaviləsi var. Vətəndaşın – şəhid ailəsi üzvlərinin, qazilərimizin müalicəsi icbari tibbi sığorta xidmətlər paketində deyilsə, artıq tam olaraq tibb xərclərini “YAŞAT” Fondu qarşılayır. Xaricdə müayinə və müalicələri də fond təşkil edir, maliyyələşdirir. Bu günə qədər tibbi istiqamət üzrə 107 qazimizi Türkiyə Respublikasına göndərmişik. Əgər qazimizin ölkədə müalicəsi mümkün deyilsə, istər dövlət, istər özəl klinikada, mütəxəssis rəyinə əsasən həmin qazilərimizin xarici xəstəxanalarda müalicəsini təşkil edirik.
– Bildiyimiz kimi, "YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsinə əsasən, 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılılıb. Gələcək illərdə əlavə maddi yardım və ya depozitin artırılması nəzərdə tutulurmu?
– Bu uşaqlar bir ömür boyu atalarını görməyəcəklər. Onların ataları bu vətənin ərazi bütövlüyü uğrunda canından keçdi. Cəmiyyət olaraq biz onlara sahib çıxmalıyıq. Ona görə biz qərara gəldik ki, bu körpələrin ilkin zəruri xərclərinin qarşılanması üçün anaların hesabına 1000 manat, körpələrin hesabına 5000 manat bankda depozit hesabı açdıraq ki, 18 yaşınadək depozit artan faizlə hesablansın və bəlli bir məbləğ yaransın. 18 yaşda müstəqil həyata qədəm qoyanda əlində müəyyən vəsait olsun. Depozitin məbləğinin artırılması ilə bağlı suala gəldikdə isə bu günkü cari məsələlər öz həllini tapandan sonra, bu məsələyə gələcəkdə baxa bilərik.
– Elvin müəllim, ümumiyyətlə himayəsində azyaşlı uşaqları olan və bu səbəbdən işləyə bilməyən şəhid xanımlarının xüsusi olaraq diqqətdə saxlanılması labüddür. Bu haqda fikrinizi bilmək istərdim. Belə ailələr üçün hansısa planlar varmı?
– Bizim standart fəaliyyət istiqamətlərimiz var. Amma müəyyən layihərlər çərçivəsində dəstək nəzərdə tutulur. Məsələn, bu yaxınlarda ABAD-a bir neçə şəhid xanımının siyahısını verdik, onların öz razılığı ilə. Həmin xanımların ev şəraitində hazırladığı məhsulun satışını, lisenziyasını, sertifikatlaşmasını ABAD təşkil edir, ayın sonunda bank hesablarına vəsait köçürülür. “YAŞAT” Fondunun saytında iş elanları bölməsi təşkil olunacaq. Hazırda mütəxəsislər bunun üzərində işləyirlər. Burada şirkətlər öz vakansiyasını, həmçinin şəhid ailə üzvləri və qazilərimiz öz anket məlumatlarını yerləşdirə biləcəklər. Bir növ iş axtaranla işə götürənin platformasını yaradacağıq.
– Fondun gələcək layihələri barədə nə deyə bilərsiniz? Artıq iş platformasını açıqladınız.
– Elə layihələr var ki, biz fəaliyyətimizə paralel reallaşdırırıq. Elə layihələr də var ki, gələcək üçün nəzərdə tutulub. AFFA ilə birgə layihəmiz əsasında şəhid ailə üzvlərinə və qazilərimizə Bakıda keçirilən Avropa çempionatının oyunlarına pulsuz biletlər təqdim edildi, hər oyun üçün 350 bilet.
Yaxın gələcək üçün təxminən 10 günə, biz şəhid övladları üçün yay düşərgələri təşkil etmək niyyətindəyik. Artıq əkdaşlarımız adiyyəti qurumlarla, təşkilatlarla, eyni zamanda şəhid ailələri ilə danışıqlar aparırlar. Məqsədimiz şəhid övladlarının istirahəti və yay tətilini səmərəli keçirməsinə töhfə vermək, onların sosiallaşmasına şərait yaratmaqdır.
– Təhsildən söz düşmüşkən, mən bir təklif kimi deyərdim ki, elektronika mallarının satışı mağazaları və internet provayderləri ilə birgə layihə əsasında, şəhid və qazi övladlarını sürətli internet, telefon, planşet və ya noutbuklarla təmin etmək olar. Çünki pandemiya dövründə rayonda, kəndə yaşayan şagirdlərin, tələbələrin bir qismi imkansızlıq üzündən onlayn tədris sisteminə qoşula, dərslərdə mütəmadi iştirak edə bilmədi. Belə şagird və tələbələrin arasında şəhid və qazi övladları da var.
– Doğru deyirsiniz, təklifiniz çox yaxşı təklifdi, biz layihələrdə bunu nəzərə alıb, adiyyəti təşkilatlarla görüşlərdə dəyərləndirə bilərik. Bu da cəmiyyətdən gələn bir təklifdi.
– Ətraflı müsahibə üçün təşəkkür edirik.
Leyla RƏŞID,
Foto: Elşən AĞALAR
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə