Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göstərilən sosial xidmətlər AMEA əməkdaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edir

Son illərdə ölkəmizdə müxtəlif sahələrin, xüsusilə elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir, vətəndaşların sosial şəraitinin, rifah halının daha da yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı əməli addımlar atılır.

Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu nəzərə alaraq deyə bilərik ki, dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Alim və mütəxəssislərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mədəni-kütləvi və idman tədbirlərinin təşkili Akademiyanın sosial siyasətinin əsas istiqamətlərindəndir.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində sektor müdiri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, sosial xidmətlər çərçivəsində AMEA əməkdaşlarının istirahətini təmin etmək məqsədilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən istirahət mərkəzi, AMEA Dendrologiya İnstitutu ərazisində yerləşən AMEA-nın qonaq evləri, eləcə də ölkəmizin qonaqlarının maraqlı, dolğun və komfortlu istirahəti üçün nəzərdə tutulan AMEA-nın Qonaq Evi”ndə təklif olunan xidmətlərdən istifadə imkanları təqdim olunur.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən istirahət mərkəzi öz ecazkar təbiəti ilə əvəzolunmaz istirahət üçün hər cür imkanlara malikdir. Ailəvi istirahət üçün rəsədxananın ərazisində sıx meşənin ətrafında yerləşən koteclər qonaqlara xoş əhval-ruhiyyə bəxş edir. Mütəşəkkil infrastruktura və müasir şəraitə malik koteclərdə təbiət və dağ mənzərələri müşahidə olunur. Qonaqlar gündüzlər meşə gəzintisinə gedə, axşam teleskop vasitəsilə səma cisimlərini müşahidə edə bilərlər.  

Mərdəkan qəsəbəsində, Dendrologiya İnstitutunun ərazisində AMEA-nın nəzdində qonaq evləri fəaliyyət göstərir. Müasir dizayna malik qonaq evləri bütün zəruri cihaz və avadanlıqlarla təhciz olunub.

AMEA-nın “Qonaq Evi” ölkəmizin qonaqlarının maraqlı, dolğun və komfortlu istirahəti üçün nəzərdə tutulub. Qonaq evinin təmirində müasir memarlıq elementlərindən istifadə olunub. Binanın interyerinin tərtibatında mebel və aksessuarlardan geniş istifadə edilib, qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

AMEA əməkdaşlarının sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üzrə görülən genişmiqyaslı və ardıcıl tədbirlərdən biri də  ekoloji təmiz havaya malik ərazidə yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün kooperativ yaşayış kompleksinin tikilməsidir. Burada müvafiq sosial infrastrukturun yaradılması, o cümlədən ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

AMEA-ya Saray qəsəbəsi ərazisində istifadəsində olan 7 ha torpaq sahəsində 1 ədəd 2 girişli, zirzəmili, 12 mərtəbəli, mansardlı, çoxmənzilli, 9 ədəd isə 2 girişli, zirzəmili, 16 mərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binalarının, uşaq bağçası və orta məktəb binalarının layihələndirilməsi və tikintisinə icazə verilib.

Akademiya əməkdaşları, həmçinin hər il müxtəlif sanatoriyalar və müalicə mərkəzlərinə göndərilir, pulsuz tibbi müayinə aksiyalarından yararlanırlar. Pandemiya dövründə bir sıra elmi müəssisə və təşkilatlar zəruri dərman və ilkin tibbi yardım avadanlıqları ilə təmin olunub.

Əminik ki, AMEA-da əməkdaşların sosial rifahının yüksəldilməsi, istirahətlərinin təmin olunması məqsədilə təklif olunan sosial xidmətlər akademiyanın alim və mütəxəssislərinin daha həvəslə çalışaraq elmimizin inkişafına mühüm töhfələr vermələrinə müsbət təsir göstərəcək.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

6 İyul 2021 15:34 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə