Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdar jurnalist Allahverdi Məmmədlinin 65 yaşı tamam olub

Bugünlərdə  ölkənin media ictimaiyyəti Azərbaycan Respublikasının Əməkdar jurnalisti,  Bakı Dövlət Universiteti  teleradio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədlini anadan olmasının 65 illiyi münasibətilə dostluq və həmkarlıq duyğuları ilə təbrik edir, ölkənin tanınmış jurnalist-aliminə ən xoş arzularını çatdırır.

     Allahverdi Məhərrəm oğlu Məmmədli 26 iyun 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta təhsilini doğma kəndində, ali təhsilini 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində alıb. İmzasını tələbəlik illərində respublika mətbuatında istedadlı, təşəbbüskar qələm sahibi kimi tanıdan gənc jurnalist peşəkar fəaliyyətinin ilk 15 ilində Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor, muxtar respublikanın “Şərq qapısı” qəzetində baş redaktorun birinci müavini olub.  

    Allahverdi Məmmədli müstəqillik illərində  jurnalist fəaliyyətini respublika mediasında davam etdirərək ölkənin avanqard “Xalq qəzeti”nin Naxçıvan MR üzrə xüsusi müxbiri, “Azad Azərbaycan” qəzetinin baş redaktoru, “Azad Azərbaycan” radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində “Xəbərlər” redaksiyasının baş redaktoru vəzifələində uğurla çalışıb. İstedadlı, çalışqan və yurdsevər jurnalist yarım əsrə yaxın media yaradıcılığı dövründə  Naxçıvan və respublika həyatının müxtəlif sahələrindən bəhs edən çoxsaylı yazılar, telesüjet və verilişlər hazırlayıb.

   Elmi yaradıcılığını jurnalist fəaliyyəti ilə yanaşı davam etdirən Allahverdi Məmmədli 2004-cü ildə “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” mövzusunda filologiya üzrə namizədlik, 2015-ci ildə isə “Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri” mövzusunda elmlər doktorluğu dissertasiyaları müdafiə edib, elm və təhsil sahəsində yüksək göstəricilərinə görə professor elmi adı alıb. Yüksək hazırlıqlı media mütəxəssisi kimi Allahverdi Məmmədli milli jurnalistikamızın aktual nəzəri və təcrübi mövzularında, xüsusən azərbaycançılıq məfkurəsinin formalaşmasında milli jurnalistikanın rolu və xidmətləri ilə bağlı 50-dən artıq elmi məqalənin, Azərbaycanda və xaricdə nəşr olunmuş monoqrafiyaların, dərs vəsaiti və digər kitabların müəllifidir.

    Tanınmış media mütəxəssisi Allahverdi Məmmədli 2005-ci ildən BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından televiziya və radio jurnalistikası kafedrasının müdiridir.

   Allahverdi Məmmədli milli jurnalistikamızın inkişafındakı çoxillik xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

    Azərbaycan Mətbuat Şurası və Ahıl Jurnalistlər Məclisi tanınmış jurnalist və media professoru Allahverdi Məmmədlini anadan olmasının 65 illiyi münasibhətilə səmimi qəlbdən təbrik edir, həmkarımıza və dostumuza uzun ömür, həyatının ahıllıq, yaradıcılığının məhsuldar çağında yeni uğurlar arzulayır.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov

Ahıl Jurnalistlər Məclisisinin sədri Məzahir Süleymanzadə

30 İyun 2021 17:03 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə