Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətən sənə oğul dedi”

Azərbaycan İstiqlal Muzeyinin və Cəbrayıl Tarix – diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanova həsr olunmuş “Vətən sənə oğul dedi” adlı tədbir keçirilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Arif Fərzəliyev, Cəbrayıl rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru Abbasov Tariyel, Milli qəhrəmanın qardaşı Mükafat Aslanov, döyüş yoldaşları Tofiq Əhmədov, Vəliyəddin Məmmədov, Hacı Məhəmməd Hüseynov, şairə Mətanət Ulu Şirvanlı, şəhid bacısı Aytən Fətullayeva, Mehman Mayılxanov  və digər qonaqlar çıxış etdilər.

Tədbirdə Azərbaycan Respublikası Milli Qəhrəmanı Şikar Aslanova həsr edilmiş sənədli film nümayiş etdirildi, eyni zamanda 158 saylı orta məktəbin 4- cü sinif şagirdləri Şikar Aslanaova həsr edilmiş bayatılar səsləndirdilər.

Tədbirdən sonra qonaqlar Azərbaycan İstiqlal Muzeyinin zallarında nümayiş etdirilən Cəbrayıl Rayon Tarix – diyarşünaslıq muzeyinin eksponatları ilə və Milli Qəhrəmanlara həsr edilmiş guşə ilə tanış oldular.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 Noyabr 2018 11:21 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə