Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi rayonunda 3 kilometr uzunluğa malik küçələr təmir edilir

2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən, Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir. Cari ildə rayon üzrə 6 kilometr ərazidə yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Hazırda isə rayon üzrə ümumi uzunluğu 3 kilometrdən çox olan Eldar Tağızadə, Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, Ağadadaş Qurbanov, Süleyman Rüstəm və Əlimərdanbəy Topçubaşov küçələrində təmir işləri son mərhələ üzrə aparılır.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır, yeni asfalt-beton örtüyü döşənir.

Təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 30 min kvadratmetrdən çoxdur.

Hazırda sözügedən ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun aparılır.

Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə daha 2,5 kilometr uzunluğa malik Ceyhun Səlimov, Alı Mustafayev, İbrahim Əbilov və Balababa Məcidov küçələrinin də təmiri işləri icra olunacaq.

Növbəti İnvestisiya Proqramları çərçivəsində isə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.

Dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu üzrə təqribən 10 kilometr uzunluğa malik küçə və yol təmir edilib.

22 İyun 2021 11:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə