Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nizami Gəncəvinin Qərbi Avropada öyrənilməsi tarixi” mövzusunda elmi seminar məşğələsi keirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami Gəncəvinin Qərbi Avropada öyrənilməsi tarixi” mövzusunda elmi seminar məşğələsi keçirilib.

Muzeyin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Avropa şərqşünaslığında dahi şair Nizami Gəncəvidən bəhs edən ilk tarixi mənbələr və alimlər haqqında ətraflı məlumat verib. Bildirib ki, Avropa oxucusunun Nizami adı və yaradıcılığı ilə ilk tanışlığı XVII əsrdə Fransada işıq üzü görmüş “Biblioteque oriental” (“Şərq kitabxanası”) ensiklopediyası vasitəsilə olub. Sonrakı yüzillərdə isə ingilis alimi Con Malkolm, Avstriya şərqşünası Jozef Frayer fon Hammer və digərləri Nizami Gəncəvi bədii-fəlsəfi dühasını, əsərlərini qərb aləminə ən yaxşı şəkildə tanıdan ədəbiyyatşünaslar olublar.

Nəzmiyyə Yigitoğlu qeyd edib ki, Nizami Gəncəvinin bədii yaradıcılığı zəngin sənətkarlıq xüsusiyyətləri, məna, məzmun dərinliyi ilə fərqləndiyi kimi böyük mütəfəkkirin dünya elmində öyrənilməsi, ustad kimi tanıdılması ənənəsi də çoxəsrlik keçmişə və aktuallığa malik olan mövzulardandır.

Məşğələdə muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli, Кomparativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayeva çıxış ediblər.

Çıxışlarda Nizami Gəncəvinin müasir dünya şərqşünaslığında öyrənilməsi və tərcüməsi problemləri, şairin milli mənsubiyyətini aydınlaşdıran qədim mənbələr, 1940-cı illərin Nizami araşdırmaları, o cümlədən “Xəmsə” incilərinin klassik Şərq fəlsəfəsi kontekstində ilk romanlar hesab edilməsi haqqında dəyərli fikirlər səslənib.

Tədbir muzeyin doktorantları  Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçiləri Gülnar Əqiq, Natavan Bağırova və digərlərinin çıxışları ilə davam edib.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

21 İyun 2021 21:06 - ELM
ELM
2 Oktyabr 2021 | 08:36
Xatirələrdə yaşayacaq insan

Köhnə versiyamızdan xəbərləri izlə