Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üçüncü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub

Elmin İnkişafı Fondu 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli sazişin müddəalarını nəzərə almaqla, 3-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan edib.

 Elmin İnkişafı Fondundan  "Xalq qəzeti"nə verilən məlumata görə, müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və 150 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr iyunun 22-dən sentyabrın 16-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin məcburi dövlət ekspertizasının bitmə tarixindən asılı olaraq, 2022-ci ildə açıqlanması planlaşdırılır.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.

21 İyun 2021 18:11 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə