Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

149 yaşlı Britaniya derbisi darıxdırıcı və qolsuz başa çatdı

Avro–2020-nin final mərhələsinin ilk turunda İngiltərənin futbol üzrə yığma komandası inadkar Xorvatiya millisi üzərində minimal hesablı qələbə qazanandan sonra çoxları düşünürdü ki, baş məşqçi Qaret Sautqeytin yetirmələri turun ikinci oyununda səkkizdə bir finala vəsiqəni təmin edəcəklər. Qarşılaşmanın statistikası ilə tanış olduqdan sonra, həm D kvartetinin, həm də Avropa çempionatının favoritinin ikinci turda qələbəsinə şübhələr yaranmağa başladı.

Xorvatlarla qarşılaşmanın statistika­sı göstərir ki, “şirlər” birinci turda rəqib komandaya tam bərabər oyunda qalib gəliblər. Hər iki tərəf topa sahib olmada bərabər olub, komandalar bir-birilərinin qapılarına 8 zərbə endiriblər və onlardan ikisi dəqiq olub. İngilis futbolçular 454, xorvatlar isə 458 ötürmə ediblər. Brita­niyalıların ötürmələri 83,9 faiz, balkan­lıların ötürmələri 83,8 faiz dəqiq olub. Sautqeytin yetirmələri özlərinin yeganə qolunu qarşılaşmanın 57-ci dəqiqəsində Rəhim Sterlinqin fərdi ustalığı sayəsində vurublar.

Bu göstəricilərdən aydın görünür ki, İngiltərə yığma komandasının bu qarşılaşmada sadəcə bəxti gətirib və Avro – 2020-nin ilk oyununda 3 xal qaza­nıb. Şübhə yox idi ki, onlar Şotlandiya ilə oyunda da bu keyfiyyətlərini qoruyub saxlamağa çalışacaqdılar.

Bu turnir İngiltərə millisinin Avropa çempionatlarının finalında 10-cu iştirakı­dır. Onlar bu vaxta qədər yalnız iki dəfə – 1968 və 1996-cı illərdə bürünc medal qazana biliblər. Şotlandların isə turnirin finalında bu, 3-cü iştirakıdır və onlar bir dəfə də qrupdan çıxa bilməyiblər.

Şotlandiya millisi Avro – 2020-yə gəldikdə isə futbol mütəxəssisləri bildirirdilər ki, Stiv Klarkın komanda­sının birinci turda Çexiya millisinə məğlubiyyəti heç də ədalətli və qanuna­uyğun fiasko olmadı.Çünki bu oyunda şotlandlar topa sahib olmada çexlərdən üstün olublar – 56 faizə qarşı 44 faiz. Rəqib qapısı önündə daha çox təhlükəli vəziyyət yaradıblar – 19 zərbəyə qarşı 9 zərbə. Lakin bu təhlükələr kifayət qədər kəskin olmayıb – şotlandların 5 dəqiq zərbəsinə qarşı çexlər 9 dəqiq zərbə endiriblər. Əlbəttə, burada çex hücumçu Patrik Şikin fərdi ustalığını da xüsusi qeyd etmək lazımdır.

Yeri gəlmişkən baş məşqçi Stiv Klarkın komadasının Çexiya millisi ilə oyuna qədər 5 məğlubiyyətsiz mat­çı da nəzərə alınmalıydı. Şotlandlar dünya çempionatı – 2022-nin seçmə mərhələsi çərçivəsində bu ilin mart ayında keçirdikləri matçlarda 2 qələbə qazanmış və 3 oyunu heç-heçə ilə başa vurmuşlar.

İngiltərə ilə Şotlandiya milliləri arasın­da qarşılaşmalara gəldikdə isə, FIFA-nın milli komandaların tarixində İngiltərə və Şotlandiya arasında rəsmən tanıdığı ilk matç 1872-ci ildə keçirilib və 0-0 hesabı ilə başa çatıb. Bu oyuna qədər koman­dalar 11 matçda qarşılaşıblar. Onların 7-də ingilis futbolçuları, iki qarşılaşmada şotlandiyalılar qalib olublar. İki oyun isə heç-heçə başa çatıb.

Bütün bunlardan sonra düşünürsən ki, Çexiya millisinə məğlubiyyətdən son­ra Şotlandiyanın geri çəkilməyə şansı yoxdur. Demək, 115 illik tarixi olan Brita­niya derbisi çox gərgin tamaşa vəd edir­di, lakin... belə olmadı. “Uembli” həmin gün bəlkə də gözləntilərin əksinə olaraq, ən darıxdırıcı derbiyə şahidlik etdi.

Nəzərə alsaq ki, İngiltərə və Şot­landiya yığma komandaları son dəfə Rusiyada keçirilən Dünya Çempionatına “gedən yolda” qarşılaşıblar, demək bu elə də uzaq tarix deyil. Ancaq xeyli vaxt idi ki, futbol azarkeşləri böyük turnirlərdə Britaniya derbisinə tamaşa etmirdilər. Nəhəyət, bu derbi, Avro – 2020-nin finalının qrup mərhələsi çərçivəsində, hansısa başqa ölkədə və təsadüfi bir stadionda deyil, məhz Londonda, həm də məşhur “Uembli”də baş tutdu.

İngiltərənin start heyətdə meydana buraxdığı oyunçuların orta yaş həddi 25 il 31 gün idi. Bu, dünya və Avropa çempionatları kimi böyük beynəlxalq turnirlərdə İngiltərənin ən gənc heyəti sayılır.

Oyunun ilk dəqiqələrindən favorit sayılan İngiltərə millisi deyil, Şotlandiya yığmasının oyunçuları daha əzmkar və baxımlı oyun nümayiş etdirirdilər. Con Makqinn və Stiven O”Donnell əla kombinasiya qurur, ingiltərəlilərin müdafiəsini sağ cinahdan yararaq Çe Adamsa ötürmə edirdilər. Lakin “şirlər” forvardı çox sıx-sıx nəzarətdə saxlayır­dılar. Şotlandiya millisinin kombinasiyalı oyunu, həqiqətən çox xoş təsir bağışla­yırdı. Lakin ilk təhlükəli vəziyyəti “şirlər” yaratdılar.

Oyunun birinci hissəsinin qısa bir vaxtında ingilis futbolçuları təşəbbüsü ələ alsalar da bu, Şotland millisinin oyunçularını qorxutmadı. Onlar yenidən təşəbbüsə yiyələndilər və əla bir qol vəziyyəti yaratdılar. Stiven O”Donnell sol tərəfdən verilən ötürməni ələ keçirdi və bir toxunuşla qapıya zərbə endir­di. Pikford çox çətinliklə topu qapının küncündən çıxartdı və İngiltərə koman­dasını qoldan xilas etdi.

Derbinin ilk hissəsi heç-heçə başa çatdı. Şotlandiyalılar daha qətiyyətli, əzmkar və fəal görünürdülər. Ancaq onların ustalıq səviyyəsi qələbə üçün bəs etmirdi. İngilislər “yuxulu vəziyyətdə” oynamağa davam edirdilər. Lakin bu plan şotlandlarla qarşılaşmada köməyə gəlmədi. İkinci hissənin əvvəlində Maunt oyuna çox fəal başladı və mərkəzə hərəkət edərək qəfildən şotlandiyalı­ların qapısına zərbə endirdi. Qolkiper Marşall əla sıçrayışla zərbəni dəf etdi. Digər vəziyyətlərlə müqayisədə bunu qol vəziyyəti hesab etmək olardı.

Pikfordun qapısı önündə isə əsl mənada gərginlik artırdı. Künc zərbəsindən sonra ingilislər məqamında topu cərimə meydançasından çıxara bilmədilər və Dayks fırlanaraq topu qapının küncünə vurdu. Lakin dirəyin bərabərində duran Ris Ceyms topu çıxardı və “şirləri” xilas etdi. Oyunun sonlarına yaxın vəziyyət daha da korlandı. İngilislər yaratdıqları futbolun gözəlliyindən heç nə nümayiş etdirə bilmədilər. Qaret Sautqeyt çəkinmədən Harri Keyni Pil Fodenlə, Reşford isə Qrilişlə əvəzlədi. Amma bu da heç nəyi dəyişmədi. Oyun başa çatdı və İngiltərə millisi 0-0 hesabı ilə asanlıqla barışdı.

Beləliklə, statistikaya görə İngiltərə yığma komandası rəqib qapısına tərəf cəmi 9 zərbə endirə bildi. Şotlandlar isə Pikfordun qoruduğu qapıya tərəf 11 zərbə endirdilər. Amma hər iki koman­danın zərbələrindən yalnız biri qapı çərçivəsinə vuruldu.

İngiltərənin futbol üzrə yığma ko­mandasının keçmiş ulduz hücumçusu Hari Lineker oyundan sonra özünün sosial şəbəkə hesabında zarafatamı, qəzəbdənmi bu sözləri yazıb: “Hələ ki, turnirin ən yaxşı oyunu. Mütləq mənada triller”.

Britaniya derbisində tabloda cansıxıcı 0-lar və hər bir komandanın aktivində qapı çərçivəsinə bir dəqiq zərbə İngiltərə komandasına turnir cədvəlində çexlərə çatmağa imkan verdi. Son turda hərəyə 4 xal toplamış bu iki lider qarşılaşacaq.

Şotlandiya millisi “ehtiyatda olan favoritlə” çox dəyanətlə oynadı və halal bir xalını qazandı. Şərhçilər bildirirlər ki, əgər Stiv Klarkın yetirmələri bu əzmkar oyunu son turda da davam etdirə bilsələr, qrupdan çıxmağa şansları ola­caq. İngilislər iki xal itirsələr də, Sautqey­tin “şirlər”i pley-offa şanslarını qoruyub saxlayırlar. Bu isə D qrupunda qarşıda bizi çox maraqlı və gərgin qarşılaşmala­rın gözlədiyindən xəbər verir.

“Yaralı şirdən” ehtiyatlı olmalı

Avropa turnirin F qrupunun ikinci turunda ilk oyun Budapeştdə Fransa ilə Macarıstan arasında keçirildi. Bəllidir ki, ilk turda Almaniya millisini minimal hesabla məğlub edən hazırki dünya çempionu Fransa millisi bu oyuna turni­rin səkkizdə bir finalına çıxmaq üçün ən gözəl imkan kimi baxır. Portuqaliya ilə ilk oyunda 3-0 hesablı ağır məğlubiyyətə baxmayaraq, çox baxımlı və əzmkar futbol nümayiş etdirən Macarıstan millisi də “döyüşə” uduzmaq üçün çıxmaya­caq. Ümumiyyətlə futbol mütəxəssisləri deyir ki, futbolda yığma komandalar səviyyəsində sadə və asan oyun olmur. Avropa turnirlərində, həm də belə qrup­da isə heç yoxdur.

Yığma komanda üzrə müxbir Endi Klark yazır: “Portuqaliya ilə matçın nəticəsi macarlar üçün olduqca incik oldu. Çünki onlar uzun vaxt ərzində hücumları dəf etdilər və ikinci hissədə özləri hücumlara başladılar. Ancaq necə alındısa, elə də alındı. İnsafən, macar­ların oyununda müsbət məqamlar az olmadı. Buna baxmayaraq, baş məşqçi Marko Rossinin qeyd etdiyi kimi, növbəti dəfə komandaya plana 84 dəqiqə deyil, 90 dəqiqə əməl etmək lazım gələcək”.

Fransa millisi üzrə müxbir Devid Krossan deyib: “Qələbə Fransa koman­dasına birbaşa 8/1-ə vəsiqə verir, lakin Budapeştin ağzına qədər dolu stadio­nunda onlara qarşı yaralı şirlə mübarizə aparacaq. Əlbəttə, əgər üç rənglilər Almaniya milləsinə qarşı oynadıqları oyunu nümayiş etdirə bilsələr, onların artıq altıncı dəfə qapılarından qol burax­madan keçinmək şansları olacaq”.

Oyundan əvvəl jurnalistlərə açıq­lama verən macar komandasının baş məşqçisi Marko Rossi deyib: “Bu bizim üçün əla motivasiyadır. Biz heyətində sadəcə başqa planetdən gələn Mbappe kimi oyunçusu olan Dünya çempionu haqqında danışırıq. Qarşımızda demək olar həlli mümkün olmayan vəzifə durur. Ancaq biz mümkün olan hər şeyi edəcəyik”. Bu isə o demək idi ki, macar­lar iyunun 19-da doğma meydanda Avro –2020-nin ikinci turunun oyununa heç də məğlub olmaq üçün çıxmamışdılar. Bunu oyunun elə ilk dəqiqələrindən aydın görmək mümkün idi. Sərt və gərgin oyun gedirdi. Fransızlar ilk dəqiqələrdən ardı-arası kəsilmədən hücumlara başladılar. Macarlar ciddi cəhdlə müdafiə olunur və imkan düşən kimi əks hücumlara keçirdilər. 17-ci dəqiqədə Mbappe, 31-ci dəqiqədə Kərim Benzema Fransanı pley-offa çıxara biləcək qol şanslarını qaçırdılar. Lakin macar futbolçular birinci hissəyə əlavə edilmiş vaxtda əllərinə düşən yeganə imkani əldən vermədilər və son dəqiqələrdə müdafiəyə çəkilən fransızları cəzalandırdılar, qol, 1:0. İkinci hissə başlayır.

Bu hissədə də əsas hücum edən tərəf Fransa millisi oldu və 66-cı dəqiqədə Qrizmanın qolu ilə dünya çempionları məğlubiyyətdən xilas oldular. 1-1.

Bundestimin geriyə yolu yoxdur

Dünya və Avropa çempionatları kimi turnirlərdə hansısa matçda məğlubiyyət almanların barışa biləcəyi vəziyyət deyil. Almanlar belə məğlubiyyətləri başqa ölkələrin millilərindən daha ağrılı və qəzəbli qarşılayırlar. Ona görə də onların yeganə dərmanı Portuqaliya ilə matçda qələbə ola bilərdi.

Fransa millisinə məğlubiyyətdən son­ra alman futbolçuları çox optimist əhval-ruhiyyədə danışırdılar. Fikirlərindən açıqca oxunan bu idi: “Əgər Dünya çem­pionuna qalib gəlmək mükün olmadısa, onda Avropa çempionunu udmaq üçün hər şey etmək lazımdır”.

Oyundan əvvəl bundestimin baş məşqçisi Yoahim Löv çox inamlı danı­şaraq komandasının əhval-ruhiyyəsini yüksək qiymətləndirib: “Komandanın ambissiyası və münasibəti nümunəvi olaraq qalır. Əgər hücumda əzmkar oynasaq, o zaman Portuqaliyanı məğlub edə bilərik”.

Azarkeşlərdə və ekspertlərdə isə elə bir canlanma müşahidə edilmir: “Çox dişsiz, çox ləng, çox ideyasızdırlar” – deyə şərhçilərdən biri “Twitter”də fikrini açıqlayır. Almaniya millisinin keçmiş kapitanı Mixail Ballak gənclərin oyunun­dan fərəhli görünmür: “Onlar Fransa ilə oyunda ikinci hissədə rəqibə daha çox qol vəziyyəti yaratmağa imkan verdilər. Hesab 0-2, 0-3 ola bilərdi”.

Portuqaliya ilə oyuna gəldikdə isə Almaniya yığma komandası üzrə müxbir Filip Reber deyirdi: “Baş məşqçi köməkçisi işlədiyim dövrdən bu yana Yoahim Löv Portuqaliyaya qarşı böyük turnirlərdə beşinci qarşılaşmasını keçirir. Onun yetirmələri həmişə qalib gəliblər, lakin indi yaxşı dövrləri xatırlamaq vaxtı deyil. Komanda böyük tənqidlərlə məruz qalır, lakin Fransa ilə matçda müsbət məqamları da qeyd etmək lazımdır”.

Etiraf edək ki, Macarıstanı Kriştiano Ronaldonun iki qolu ilə darmadağın edən son Avropa çempionu Portuqali­yanın heç də asanlıqla pley-offa çıx­maq şansını qaçıracağını düşünmək olmazdı. Fernandu Santuşun yetirmələri Avro–2016-da qarşılaşdıqları həyəcan dolu vəziyyəti unutmayıblar. O zaman Ronaldonun komandası yalnız qrupda üçüncü yerdən pley-offa yüksələ bilmiş­di. Bəlkə elə bu üzdən Fernado Santuş açıqlamasında bir qədər qayğılı şəkildə deyib: “Biz qələbə ilə başladıq, lakin bu cəmi 3 xaldır. Qarşıda 2 mühüm matç var. Bu Avropa çempionatıdır və burada öz səviyyəni bütöv matçlar seriyasında qoruya bilməlisən”.

Unutmayaq ki, tarix də almanların mötəbər böyük turnirlərdə zəif çıxışla başlayıb, sonda böyük uğurlara imza atdığının şahidi az olmayıb. Görək bun­destim bugünkü oyunda uğurlu tarixləri təkrarlaya biləcəkmi?

Əlbəttə, futbol haqqında qəti mühakimələri yalnız komanda qalib kimi kürsüyə bərq vuran kubokla qalxan­da söyləmək olar. Almaniyanın oyunu həqiqətən, düzgün istiqamətdə atılmış bir addım idi. Ötən ilin noyabrında Millətlər liqasında İspaniya ilə qarşılaş­mada biyabırçı 0-6 məğlubiyyətindən sonra, Lövün yetirmələri Fransa millisi ilə oyunda tamam başqa planetdən gəlmiş kimi görünürdülər. Portuqaliya ilə qarşılaşmada da bunu sübut etmək üçün meydana çıxdılar və qətiyyətli oyun nümayiş etdirdilər.

Lövün yetirmələri matça elə ilk dəqiqələrdən ardı-arası kəsilməyən hücumlarla başladılar. Lakin 15-ci dəqiqədə bundestimi əks hücumda yaxlayan portuqaliyalılar Kriştiano Ronaldonun qolu ilə hesabı açdılar. Bu, portuqaliyalı futbol ulduzunun karyerası ərzində Almaniyanın qapısına vurduğu ilk qol idi. Portuqaliyalıların sevinci uzun çəkmədi və 35-ci dəqiqədə Diaşın, 38-ci dəqiqədə isə Qereyronun avtoqolları ilə Almaniya hesabda irəli çıxdı. İkinci hissədə də almanlar kəskin hücumlarını davam etdirdilər. Bu dəfə artıq alman­lardan Havertsin və Qosensin, portu­qaliyadan isə Jotanın qolları ilə hesab 4-2 oldu. Almaniya millisi Avro–2020-də birinci qələbəsini və qrupda ilk 3 xalını qazanaraq qrupun ikincisi oldi.

İlqar RÜSTƏMOV,

“Xalq qəzeti”

20 İyun 2021 00:25 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə