Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə taxıl biçini uğurla davam edir

Artıq bir neçə gündür ki, Azərbaycanda kütləvi taxıl biçini kampaniyasına başlanılıb. Sahələrdə bol məhsul yetişdirilib. İndi əsas vəzifə məhsulu tez və itkisiz toplamaqdır. Bu il ölkəmizdə 987 min hektara yaxın sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 374 min hektarını arpa, 612 min hektarını isə buğda sahələri təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Aran rayonlarında arpa bi­çininin optimal müddətdə başa çatacağı gözlənilir. Hələlik arpa üzrə orta məhsuldarlıq 27,8 sentner təşkil edir. Neftçala, Biləsuvar, Saatlı, Sabirabad və Cəlilabad rayonlarında arpa sahələrinin böyük hissəsi artıq biçilib.

 

Ağcabədi rayonunun taxılçıları builki taxıl biçininə uğurla başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 29 min 935,3 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 22 min 224 hekta­rı buğda, 7711 hektarı arpadır. Düzgün aqro­texniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib.

Ağcabədidə taxıl biçininə, ümumilikdə rayon üzrə 51 taxılbiçən kombayn cəlb edilib. Bunun 38-i “Aqrolizinq” ASC-yə məxsus, 13 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Xatırladaq ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayon taxılçıları 28 min 324 hektar taxıl sahəsindən 105 min 494 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner olub.

Biləsuvar rayonunda ötən ilin payızında 16 min 860 hektar sahədə taxıl əkilib. Bunun 5 min 708 hektarı buğda, 11 min 552 hektarı arpa əkinləridir. Fermerlər fərdi təsərrüfatlarında taxıl biçinini uğurla davam etdirirlər. Fermerlər rayon üzrə hər hektardan hələlik orta hesabla 34 sent­ner məhsul götürüblər. Rayonda yığım kampa­niyasının vaxtında və itkisiz başa çatdırılması üçün lazımi tədbirlər görülür. Sahələrə 61-ə yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 250-dən çox maşın və mexanizm cəlb olunub. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 70 min ton məhsul isteh­sal etmək mümkün olacaq.

Ucar rayonunun taxılçıları da biçinə uğurla başlayıblar. Cari mövsümdə Ucarda 14 min 414 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 6457 hektarından buğda, 7957 hektarından isə arpa biçiləcək. Hazırda bütün qüvvələr taxılın vaxtında və itkisiz yığılmasına səfərbər edilib. Arpa biçini artıq başa çatmaq üzrədir. 13-ü “Ucar aqroservis” ASC-yə, 8-i fiziki şəxslərə məxsus, habelə daha 2 kombayn zəmilərdə biçinlə məşğuldur.

Ölkəmizdə taxıl biçinin uğuru, ilk növbədə texnikanın səmərəli istifadəsindən asılıdır. Bu il iyunun 19-na olan operativ məlumata görə, ölkə üzrə biçin prosesinə 856 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 289, fiziki və hüquqi şəxslərin isə 429 kombaynı iştirak edir. Bundan başqa, “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə olaraq 138 kombayn dislokasiya olunub.

Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Bu il taxıl sahələrinin 78 faizi məhz kiçik təsərrüfatların payına düşür. Biçin prosesi növbəlilik prinsi­pi əsasında aparılır. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.

Ölkəmizdə taxılçılığın sürətli inkişafını təmin etmək üçün toxumçuluğun elmi əsaslarla təşkil olunması xüsusi əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyi bu məsələni diqqətdə saxlayır. Yeri gəlmişkən, iki gün əvvəl Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) Qobustan bölgə təcrübə stansiyasında “Yeni taxıl sortları­nın və texnologiyaların tətbiqində özəl taxılçılıq təsərrüfatları ilə əməkdaşlıq” mövzusunda tədbir keçirilib. Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirak etdiyi tədbirə ölkənin aparıcı taxıl toxumçuluğu müəssisələrinin rəhbərləri, toxumçu fermerlər qatılıblar.

Tədbirdə bölgə təcrübə stansiyasında becərilən yeni taxıl sortları nümayiş olunub, şirkətlər tərəfindən yerli və xarici sortla­rın müqayisəli dəyərləndirilməsi aparılıb. Fermerlərə dəmyə və suvarılan torpaqlarda becərilməsi məqbul sayılan sortlar barədə məlumat verilib. Ümumilikdə stansiya ərazisində 70-dək müxtəlif yerli və xarici taxıl toxumlarının sınaq əkinləri aparılır.

Açıq səma altında keçirilən tədbirdə nazir­liyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalında yeni sortların və innovativ texnologiyaların rolu”, Qobustan bölgə təcrübə stansiyasının direk­toru Atabəy Cahangirov “Yeni taxıl sortları və toxumçuluğun təşkili” mövzusunda çıxış edib, toxumçu fermerlərin suallarını cavablandırıb­lar. Müzakirələrdə əkin materialı kimi sertfikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqro­texniki qulluğun rolu və digər mövzularda fikir mübadiləsi aparılıb. Tədbirin sonunda Əkinçilik ETİ ilə özəl toxumçuluq təsərrüfatları arasında əməkdaşlıq memorandumu imzalanıb.

M.HACIXANLI, “Xalq qəzeti”

20 İyun 2021 00:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT
25 İyul 2021 | 01:42
Həftəsonu neftin qiyməti
24 İyul 2021 | 11:05
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə