Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Turizm sektorunun inkişafı prioritet istiqamətdir

COVID–19 pandemiyasının təsiri altında dünya iqtisadiyya­tında ciddi geriləmə baş verdi. Dünya iqtisadiyyatının təhlükəli bəladan ən çox zərər çəkən sahəsi turizm oldu. Beynəlxalq sərhədlərin bağlanması turizm səfərlərinin tamamilə dayan­masına gətirib çıxardı ki, bu da bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sənayesinin fəaliyyətinə ciddi təsir göstərdi. Yalnız daxili turizmdə ötən il 3 milyona yaxın daxili səfər təxirə salındı.

 

Qeyd edək ki, pandemiyaya qədər Azərbaycanda bu sahə sürətlə inkişaf edirdi. Ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. Hələ 1999-cu ildə ulu öndərin müvafiq fərmanı əsasında qəbul edilmiş “Turizm haq­qında” qanun və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proq­ramı” sonrakı dövrlərdə də ölkəmizdə turizm sektorunun inkişafına ciddi təkan verdi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə tu­rizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayıb. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi də bu baxımdan ciddi rol oynayıb. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Res­publikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” isə ölkəmizdə bu sahənin inkişafı üçün önəmli əsas yaradıb. Dövlət başçısının 2011-ci ili “Tu­rizm ili” elan etməsi də bu sahənin dinamik inkişafına zəmin yaradıb. Nəticədə turizmin inkişafında mühüm nəticələr əldə olunub, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verib. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi də mühüm amillərdəndir. Son 18 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, apa­rılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi baza­nın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınır, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha da genişlənir. Ölkəmizdə turizmin müalicə-sağlamlıq növünün də inkişafı üçün geniş imkanlar mövcuddur.

Bəli, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın COVID-19 pande­miyasına qədər turizmə göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində turizm inkişaf etməkdə idi. Belə ki, 2019-cu ildə Azərbaycana gələn xa­rici ziyarətçilərin sayının 11,3 faiz ar­taraq 3 milyon 17 min nəfərə çatması dövlətin bu sahədə məqsədyönlü siyasətinin əsas göstəricisi oldu.

Bu ilin yanvar ayının sonun­dan etibarən isə ölkəmizdə turizm sahəsində dirçəlmə müşahidə olun­mağa başlanıb. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli “Xüsusi ka­rantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” qərarına əsasən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması daxili tu­rizm xidmətlərindən istifadəyə birbaşa təsirini göstərdi. Bölgələrdə yerləşən hotellərə və istirahət mərkəzlərinə üz tutan vətəndaşların sayı artdı. Təkcə cari ilin mart ayı ilə ötən ilin müvafiq dövrünün müqayisəsi daxili turist səfərlərinin sayının 21 faizdən daha çox olmasını deməyə əsas verir.

Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən isə 2021-ci il 31 may tarixindən ölkənin şəhər və rayonla­rından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının bərpa olunma­sı isə daxili turizmin yay mövsümündə daha da canlanmasına səbəb olacaq.

Bu günədək ölkə rəhbərliyinin turizmə xüsusi diqqəti və bu sahədə aparılan düşünülmüş və məqsədyönlü siyasətinin davam etdirilməsi postpandemiya dövrü üçün də turizmin sürətlə bərpasına nail olunacağını deməyə əsas verir.

İyunun 18-də Bakıda beşulduzlu “Intercontinental” otelinin istifadəyə verilməsi də ölkədə daxili turizmin inkişafına müsbət təsir göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri adı çəkilən bu otelin yerləşdiyi ərazidə əvvəllər “Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslu­bunda yeddimərtəbəli “Intercontinen­tal” oteli inşa olunub. Bu gün dünyada pandemiyanın davam etməsinə, iqti­sadi və maliyyə çətinliklərinə baxma­yaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm sosi­al-iqtisadi infrastruktur layihələrinin icrası uğurla davam edir. Müasir səviyyədə inşa olunan “Intercontinen­tal” otelinin istifadəyə verilməsi də bunun daha bir təzahürüdür.

Ölkəmizdə turizmin böyük gələcəyinin olduğunu daim vurğula­yan dövlətimizin başçısı hələ neçə illər bundan əvvəl Azərbaycanda ən müasir otellərin, o cümlədən məşhur dünya brendlərinə aid mehmanxa­naların inşasının vacibliyini qeyd edirdi. Həyat Prezident İlham Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Pandemiyadan əvvəlki son illərdə Azərbaycanda turizmin inkişafı böyük vüsət aldı. Lakin bütün dünyada olduğu kimi, COVID-19 virusunun sürətlə yayılması ölkəmizdə də turiz­min inkişafına ciddi maneə yaratdı. İndiki şəraitdə yeni otellərin istifadəyə verilməsi Azərbaycanda uzaqgörən siyasətin həyata keçirilməsinin bariz göstəricisidir.

Yaradılan müasir otel idarəçiliyi ölkəmizə beynəlxalq səviyyəli bir çox mehmanxana brendlərinin gəlməsi ilə nəticələnib. Bu isə bütün sahələrdə olduğu kimi, turizm, o cümlədən bu sektorun əsasını təşkil edən müasir otel sisteminin yaradılması istiqamətində dövlət səviyyəsində görülən işlər hesabına mümkün olub. Ümumilikdə, müasir otellərin istifadəyə verilməsi bir neçə mühüm amili özündə ehtiva edir. Onlar turizm sektorunun inkişafına dəstək, otel biznesinin genişləndirilməsi, turistlərin rahatlığının təmin olunması, yeni iş yerlərinin yaradılması və Bakının ümumi inkişafına verilən töhfədir.

“Intercontinental” otelində ümumilikdə, müxtəlif kateqoriyalara aid 126 otaq var. Otaqların hər birində qonaqların özlərini maksimum rahat hiss etməsi üçün bütün zəruri şərait yaradılıb. Oteldə turistlərin və pay­taxt sakinlərinin xidmətində olacaq restoranlar, konfrans zalları və digər infrastruktur mövcuddur.

Burada “Lamborghini Bakı Mərkəzi”nin satış salonu da yaradılıb. Salonda müştərilərə yüksək xidmət göstərmək üçün geniş imkanlar var.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun Böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün yenidən bərpa olunması sözsüz ki, qarşıdakı illərdə iqtisadiyyatla bərabər, turizmin də inkişafı üçün əlverişli imkanlar yaradır. Çünki düşməndən təmizlənən torpaqlarda turizm potensialı kifayət qədər böyükdür. Füzuli, Şuşa, Kəlbəcər, Zəngilan və Laçın rayonları bu baxımdan xüsusi diqqət çəkir. Turizm potensialı kifayət qədər önəm daşıyan və dünyanın ən qədim insan məskənlərindən sayılan Azıx mağarası isə Füzuli rayonu ərazisində yerləşir. Bundan başqa, Kəlbəcərin İstisuyu, tarixin müxtəlif zamanlarında inşa edilən qalalar, kilsə, məscid və digər mədəni-tarixi abidələr bu rayonların turizm imkanlarını kifayət qədər artırır. Şuşa şəhərinin isə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın, gələcək illərdə isə İslam və türk dünyasının mədəniyyət mərkəzi statusunda turizmin əsas drayverinə çevriləcəyi heç bir şübhə doğurmur.

Hazlrda dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətdə fəal işlər görülür və bu sahədə aparılan tədbirlər təqdirəlayiqdir. Bu gün düşmən tapdağından azad olun­muş torpaqlarımızda geniş qurucu­luq işləri gedir. Yaxın zamanlarda vaxtilə yerlərindən didərgin düşmüş vətəndaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Qarabağ torpaqları isə öz gözəlliyi ilə bundan sonra dünya­nın diqqət mərkəzində olacaq. Dövlət başçısının səyi, xalqımızın gücü nəticəsində bu torpaqlar 30 il bun­dan əvvəlkindən də yaxşı görkəmə gətiriləcək və dünyanın məşhur turizm məkanlarının sırasında özünə layiqli yer tutacaqdır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

20 İyun 2021 00:22 - İQTİSADİYYAT
İQTİSADİYYAT
25 İyul 2021 | 01:42
Həftəsonu neftin qiyməti
24 İyul 2021 | 11:05
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə