Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda “siyasi zəlzələ” təhlükəsi

Ekspertlər tərəfindən Nikol Paşinyanın böyük ehtimalla 21 partiyanın və 4 blokun qatıldığı növbədənkənar parlament seçkisindən qalib çıxacağı proqnozlaşdırılır. Onun opponentlərinin isə məğlubiyyətlə barışmayaraq, seçkinin nəticələrini tanımayacaqları, xaos və vətəndaş qarşıdurması yaratmağa cəhd göstərəcəkləri bildirilir.

Qeyd edək ki, seçkiqabağı kampaniya mərhələsində kiçik partiyaların fəallığı demək olar ki, nəzərə çarpmayıb. İki eks-prezident– Levon Ter-Petrosyan və Serj Sarkisyan siyasi mübarizədə demək olar ki, zəif iştirak ediblər. Düzdür, onlar ara-sıra Nikol Paşinyanın “bostanına daş atsalar” da, baş nazir vəzifəsinin səlahiyyətlərini icra edən namizədin cavabları çox gecikməyib. Əsas rəqabət isə parlamentdə yüksək səslə təmsil olunmaq uğrunda mübarizə aparan Nikol Paşinyanla ikinci prezident Robert Koçaryan arasında gedib.

 

Robert Koçaryan 1998-2008-ci illərdəki prezidentliyi dövründə əldə etdiyi imkanlardan bu seçki kampaniyasında təbliğat materialı kimi istifadə edib. O, məhz Nikol Paşinyan hakimiyyətinin ölkəni üçüruma sürüklədiyini əsas gətirərək, belə vəziyyətdə sakit tamaşaçı kimi qala bilmədiyini, erməni xalqının acınacaqlı günündə ona rəhbərlik etmək istədiyini bildirib. Amma Robert Koçarya­nın verdiyi vədlərə elə bir ciddi münasibət bildirilməyib. Çünki erməni xalqı Qarabağ “bataqlığında” qalmaqdan bezib.

Bir neçə gün bundan əvvəl ölkənin baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarlarının seçki günü təxribatlar törədəcəkləri barədə “Hraparak” qəzeti çıxış edib. Nəşrin məlumatına görə, Ermənistanın bütün inzibati resurslarına hakim “Mülki müqavilə” partiyasının seçicilərinin iyunun 20-də, saat 12:00-a qədər səs vermələri tapşırılıb. Çünki həmin vaxtdan sonra Paşinyanın tərəfdarlarının təxribatlara əl atacaqları nəzərdə tutulub.

“Hraparak”ın iddiasına görə, bu təxribatlar zamanı insanların qor­xaraq evlərini tərk etməyəcəkləri və səsverməyə gəlməyəcəkləri gözlənilir. Belə halda isə Nikol Paşinyan və onun komandası hesab edir ki, seçkiyə qatı­lanların sayı az olacaq, Nikol Paşinyanın qalib gəlmək şansı isə artacaq.

Sosial şəbəkələrin erməni seqmentində yayılan şərhlərdə Koçaryanın radikal, revanşist ça­ğırışlarına da münasibət bildirilib. Məsələn, əsas şərhlərdən birində deyilir: “Gəlin məsələyə obyektiv baxaq. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətilərini yaxşılaşdırmalıdır. Yalnız bundan sonra ölkədə iqtisadi inkişafdan, əhalinin sosial rifahının yaxşılaşmasından söhbət gedə bilər”.

Koçaryan özü cəllad, qaniçən, müharibə tərəfdarı olmasına baxmaya­raq, indi Ermənistanın düşdüyü böhrana görə Paşinyanı günahlandırır. O, Paşin­yanın Şuşaya gedib rəqs etməklə, inaqu­rasiya mərasimi keçirməklə Azərbaycanı qıcıqlandırdığını və müharibəni başladığı­nı bildirib.

Koçaryan fikirlərini belə davam etdirib: “Elə məsələlər var ki, onun üzərindən keçmək olmaz. Sən danışıqlar üçün kiçik də olsa, bir ümid yeri qoymalısan. Mən, məndən əvvəlki və sonrakı prezidentlər də alqış qazanmaq üçün bu cür edə bilərdi. Amma buna yol vermədik. Çünki mövzunun həssaslığını və hər şeyin asan olmadığını başa düşürdük”.

Ermənistanın sabiq prezidenti daha sonra əlavə edib ki, müharibəni alovlan­dırmaq lazım deyildi. Əksinə, danışıqlar prosesi üçün açıq qapı saxlamaq vacib idi.

Koçaryan və Sarkisyan tərəfdarlarından biri– politoloq Qagik Ambaryan isə “Armenian News” xəbər agentliyinə bildirib ki, Ermənistanda “məxməri inqilab”, bir növ, Troya atı halına gəlib: “Türkiyə tərəfdarı olan hakimiyyət orqanları açıq şəkildə xaincəsinə Azərbaycan və Türkiyənin ma­raqlarına xidmət edir. Müqavimət göstərə biləcək yeganə qüvvə isə Koçaryan və “Ermənistan” blokudur”.

Ambaryan, eyni zamanda, vurğulayıb ki, Paşinyan danışıqların dayandırılması mənasını verən “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi ilə müharibəni bilərəkdən başlayıb. Nəticədə 5 min gənc ölüb, 10 mindən çoxu yaralanıb, 4 minə yaxın adam isə əsir və ya itkin düşüb.

Nikol Paşinyanın üzərinə söz hücu­mu edənlər arasında daha çox diqqət çəkənlərdən biri olan “Ermənistan” blokunun təmsilçisi, “Erməni dirçəlişi” par­tiyasının lideri və Sünikin sabiq quberna­toru Vaqe Hakobyan Gümrüdə keçirilən mitinqdə deyib: “Şərin lideri adekvatlığın qalıqlarını itirərək ulduzlardan danı­şır. Onun fikrincə, ulduzlar, ehtimal ki, yalnız konyak şüşəsinin üzərindədir... İki min polisin müşayiəti ilə indi küçəyə çıxan Paşinyan noyabrın 9-da elə gizlənmişdi ki, tapılmırdı. Gorusda dronun səsini eşidəndə elə qaçırdı ki, heç bir mühafizəçi ona çatmırdı. Xaç atasından sitat gətirəcəyəm – Nikol, varlığınız idra­kımız üçün təhqirdir”.

Ermənistanda seçki marafonunun finişində ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın bəyanatları isə böyük səs-küyə səbəb olub. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımla­nan yeni süjetində bildirilib: “Ermənistan respublikasının birinci prezidenti si­yasi moderatorluq edərək, öz siyasi gələcəyini qurmağa çalışır. Ölkədəki qisasçılıq əhval-ruhiyyəsi fonunda Levon Ter-Petrosyan sülh çağırışları ilə çıxış etməklə, faktiki olaraq üçüncü və kifayət qədər konstruktiv siyasi qüvvə olaraq meydana atılıb”, –deyə materialda qeyd olunub.

Sonda diqqəti bir məqama yönəltmək istərdik. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyun ayının 15-də Şu­şada səsləndirdiyi fikirlər təkcə dünyanın siyasi mərkəzlərində deyil, həmçinin Ermənistanın siyasi kuluarlarında əsas müzakirə mövzusuna çevrilib.

Belə bir diqqət və maraq daha çox Türkiyə liderinin bir gün əvvəl Brüsseldə NATO sammiti çərçivəsində ABŞ Prezi­denti Co Baydenlə keçirdiyi görüşlə izah olunsa da, əslində, 2020-ci ilin noyab­rından sonra Cənubi Qafqazda yaranan yeni geopolitik situasiyada yeni konturla­rın cızılması ilə daha çox mühüm önəm daşıyır.

Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu elmi rəhbərinin əvəzi, akademik Ruben Safratsyan “Sputnik Armeniya”nın efirində bu barədə danışıb: “Əliyev və Ərdoğan təkcə Ermənistana, Qarabağa deyil, bütün ermənilərə və regiona Türkiyənin Cənubi Qafqazda yeni statusda möhkəmlənməsinin, Azərbaycanla Türkiyə ittifaqının nə qədər dərin olduğu­nun təqdimatını etdilər”.

Akademik Safratsyan hesab edir ki, Türkiyə Prezidentinin Şuşa səfəri daha çox rəmzi mahiyyət daşısa da, konkret mesajları ilə yadda qalacaq: “Bu səfəri ilə o, türk dünyasına göstərdi ki, Türkiyə öz vədini gerçəkləşdirəcək gücdədir. Bu, xüsusilə, Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi fonun­da güc nümayişi kimi daha çox yadda qalacaq... Baydenlə görüşdən sonra Ərdoğanın səsləndirdiyi bəyanat da göstərir ki, Türkiyənin NATO və ABŞ üçün strateji əhəmiyyəti indiyəcən heç vaxt bu səviyyədə olmayıb”.

Safratsyanın fikrincə, Ərdoğan Türkiyənin “Qarabağ müharibəsinə qo­şulması” Qərbin maraqlarına uyğundur. Ermənistan rəhbərliyinin reallaşacağını inkar etdiyi “Zəngəzur dəhlizi”, əslində gerçəklikdir və “Türkiyə ilə Azərbaycanın bu layihənin reallaşması üzərində intensiv çalışması onu təsdiqləyir ki, Naxçıvanla Bakı arasında nəqliyyat dəhlizinin yaradıl­ması günü heç də uzaqda deyil”.

V.BAYRAMOV, “Xalq qəzeti”

20 İyun 2021 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə