Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluqçusu üzərinə düşən vəzifəni şərəflə icra etməlidir

Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

 

Heç şübhəsiz ki, bir ölkənin daxildə təhlükəsizliyinin təmin olun­ması, siyasi, sosial, iqtisadi, mədəni, humanitar və s. sahələrdə inkişafının təmin olunması üçün dövlətin sağlam təməllər üzərində qurulması vacib məsələdir. Daxildə yaradılan bu qu­ruculuq xəttinin, inkişafın beynəlxalq aləmdə də ölkənin nüfuzunun təmin edilməsi, möhkəmləndirilməsi və bu nüfuzun daha da artırılması məsələsi öz başlanğıc nöqtəsini ümummilli li­der Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahat­lardan götürüb. Bu siyasi xəttin, yəni islahatların cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsidir ki, ölkəmizin qüdrəti gündən-günə artmaqdadır.

Bu gün tam əminliklə deyə bilərik ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, vətəndaşların hüquq və azadlıqlarının qorun­ması, vətəndaşlara maksimum xidmət göstərilməsi üçün zəruri təsisatlar yaradılıb. Heç şübhəsiz ki, bu da hakimiyyətin bütün qol­larının funksiyalarının dəqiqliklə müəyyənləşdirilməsi sayəsində mümkün olub.

Dövlət orqanlarının dövlət quru­culuğunda və ölkənin idarə olunma­sında rolunu artırmaq, işini səmərəli təşkil etmək məqsədilə vaxtaşırı onla­rın əsasnamə və nizamnamələrində, habelə strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funk­siyaları dəqiqləşdirilir. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan və dünyada gedən müasir, mütərəqqi proseslərlə ayaqlaşmaq məqsədilə ölkəmizdə dövlət qul­luğu sahəsində bir çox sənədlər qəbul edilərək bu sahədə zəngin hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bu baxımdan da dövlət quruculuğu məsələlərinə böyük əhəmiyyət verən ölkə başçımız 2018-ci ildə keçirilən sonuncu Prezident seçkilərindən sonrakı müddət ərzində çoxsaylı fərman və sərəncam imzalayaraq, bir çox dövlət qurumlarının statusu­nu yenilədi. Belə ki, bəzi qurumlara publik hüquqi şəxs statusu verildi ki, bununla da onların həm hüquqları genişləndirildi, həm də məsuliyyətləri artırılaraq, müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakları təmin edildi.

Bir çox dünya dövlətləri tərəfindən nümunə kimi götürülən “ASAN xidmət” möhtərəm Prezidentimi­zin təşəbbüsü ilə yaradılaraq onun müvafiq göstərişləri əsasında da öz fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” elə bir mükəmməl sistem­dir ki, insanların rahatlığı, ədalət, şəffaflıq kimi bir neçə amala qulluq edir. Bu baxımdan da dövlət başçımı­zın “ASAN xidmət”i, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulma­sı, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsi kimi dəyərləndirməsi olduqca haq­lı yanaşmadır. Belə ki, bu böyük layihə cənab Prezidentin də vurğu­ladığı kimi müasir inkişaf yolu tutan Azərbaycanın tərəqqisi ilə bütövlüklə uzlaşır. Bu gün “ASAN xidmət” mərkəzlərində işləyənlərin əksəriyyəti gənclərdir. Eyni zamanda, burada könüllülər ordusu da fəaliyyət göstərir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir. Bütövlükdə, statis­tik rəqəmlər dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsünün bu sahədə çalışanların orta yaş həddinin 43 il olduğunu bildirir. 35-44 yaşda olan dövlət qulluqçuları 26,3 faiz təşkil edirsə, 63-64 yaşda olanlar cəmi 2,9 faizdir. Bütövlükdə, Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin 0,6 faizini təşkil edir.

Ölkə başçımız “ASAN Həyat” və “ASAN xidmət”i gənclərin Vətənə xidməti kimi dəyərləndirir. “ASAN xidmət”in digər unikallığı orada fəaliyyət göstərən əməkdaşların korrupsiya, rüşvətxorluq, kobudluq, laqeydlik kimi mənfi xüsusiyyətlərdən tamamilə uzaq olmasındadır. Bü­tün bu haqlı amilləri nəzərə aldığı­mız zaman tam əminlikə və fəxrlə deyə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir. Bu brendin əks-sədası ölkə hüdudlarını aşmış, BMT kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən də yüksək dəyərləndirilmişdir. Bu isə beynəlxalq arenada Vətənimiz haqqında layiqli, düzgün təsəvvürün yaranmasına birbaşa xidmət edir.

Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar kontekstində möhtərəm Prezidentimizin xüsusi nümayəndəsi kimi yeni idarəçilik institutu formalaşdırılır. Belə ki, azad edilmiş ərazilərdə xüsusi nümayəndə institutu yaradıldı və ölkə başçı­mız Şuşaya və Ağdama xüsusi nümayəndələr təyin etdi. Bu da mülki idarəetmə sahəsində bir yenilik idi. Yeni yaranmış idarətemə üsulunun digər regionlarda da tətbiq olunaca­ğının mesajını ölkə başçımız öncəki çıxışlarında verib. Bu onu göstərir ki, struktur və kadr islahatları, sadəcə, işğaldan azad edilmiş bölgələrlə məhdudlaşmayıb, bütün ölkə üzrə aparılacaq. O zaman sual olunur ki, bu yeni idarəetmə institutu konven­sional, yəni ənənəvi üsuldan nə ilə fərqlənəcək? İnstitun Prezidentin xüsusi nümayəndəsi adlandırılma­sı adından da göründüyü kimi, bu, vasitəli deyil, vasitəsiz, birbaşa, şaquli idarəetmə üsulu deməkdir. Bu, bir mənada əgər xüsusi nümayəndənin birbaşa Prezidentə bağlı olması və birbaşa onun qarşısında öhdəlik daşımasıdırsa, digər mənada isə vətəndaşla dövlətin arada vasitəçilər olmadan birbaşa təması, bürokra­tik, süni əngəllərin, yarana biləcək bütün neqativ halların aradan qal­dırılması, əlçatabilənlik, operativlik istiqamətində atılan olduqca mühüm addımdır.

2021-ci ilin büdcəsində qa­yıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2,2 milyard maliyyə vəsaiti ayırılmışdır. Effektiv idarəçilik sisteminin qurulması ilə yanaşı, xərclərin səmərəli istifadə olunma­sı da əsas məsələdir. Bunun da vacibliyi haqqında Prezident İham Əliyev öz kəskin və qəti mövqeyini ortaya qoyub ki, artıq korrupsiya, kölgə iqtisadiyyatı, dövlət əmlakının mənimsənilməsi kimi hallar dövlət qulluqçusunun gündəlik iş rejimində və həyat tərzində yolverilməz bir prio­ritet olaraq müəyyənləşdirilib.

Eyni zamanda, nəzərə alsaq ki, ötən il ərzində korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmağa başlanmışdır ki, bu da aparılan kadr islahatları ilə birba­şa bağlıdır. Nazirlər Kabinetində, Prezident Administrasiyasında, yerli icra orqanlarında kadr islahatlarının müsbət nəticələri artıq öz bəhrəsini verir. Bu amilin özü də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlət idarəçiliyinə yeni nəfəsin gətirilməsi ilə bu sahədə daha müsbət nəticələr əldə olunacaq. Möhtərəm Prezidentimiz deyib ki, dövlət təşkilatlarında xərclərə nəzarət me­xanizmi gücləndiriləcək ki, bu məsələ də yersiz xərclərə son qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlət qulluqçusu üçün vacib olan şərtlərdən biri də odur ki, o, sadəcə, dövlət siyasətinin məqsəd və vəzifələrini bilməklə kifayətlənməsin, cəmiyyətə faydalı olmaq məqsədilə qulluq etikasına uyğun şəkildə onları vətəndaşlarımıza izah və təbliğ etsin. Qloballaşan müasir dünyamızın gətirmiş olduğu yeni reallıqları da nəzərə alacaq, xarici dil biliklərinə və ən son texnoloji bilik və bacarıqlara yiyələnməklə yana­şı, dövlət qulluqçusu özünün şəxsi və insani keyfiyyətləri ilə nümunə olmalıdır. Bununla yanaşı, ətrafda dövlət siyasətinə, onun cəmiyyətdəki nüfuzuna xələl gətirən halları aradan qaldırmaq istiqamətində çevik dav­ranmalıdır. Dövlət qulluqçusu sadəcə bilik və bacarıqları ilə deyil, həyat tərzi ilə də ətrafındakılara və özündən sonra gələcək nəsillərə nümunə olmalı, hər sözünə və hərəkətinə fikir verməlidir.

Azərbaycan hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə dünya miqyasında be­şinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə isə 11-ci yerdədir. Əldə olunan bu uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur və onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hər bir dövlət qulluqçusu da cənab Prezi­dent İlham Əliyevin bu siyasi kursunu gündəlik fəaliyyətlərində ana xətt kimi götürərək öz peşələrini sədaqətlə və şərəflə icra etməlidir.

 

Şəbnəm HƏSƏNOVA,

politoloq

20 İyun 2021 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə