Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənə qayıdış qarabağlılar üçün fövqəladə hadisə olacaq

“Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumu­zun qüdrətilə böyük, tarixi Qələbə ilə başa çatdı. “Dəmir yum­ruq” əməliyyatı nəticəsində 30 illik işğala, yurd həsrətinə son qo­yuldu. Həm müharibə, həm də hərb tarixində belə bir Qələbənin əldə olunması, hətta Şuşa kimi alınmaz qalanın əlbəyaxa döyüşlə azad edilməsi bütün regionda yeni vəziyyət yaratdı. Dünya nəzərlərini Qarabağa, orada gedən savaşa və qazanılan Qələbəyə yönəltdi”. Bu fikirləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağda gedən abadlıq – quruculuq işlərinə münasibət bildirərkən dedi. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsilə, regionda sülh və stabillik, yeni mühit və vəziyyət yaranmasından söz açan A. Bağırova bildirdi:

 

– Bütün dünya gördü ki, Ermənistanın Azərbaycanın guya Qarabağı unutması və öz torpaqlarını istəməməsi kimi fikirləri uydurmadır, yalandır. Həmçinin ermənilərin yaydıqları Azərbaycan Ordusunun Qarabağı işğaldan azad edə bilməməsi, ona qadir olmaması düşüncəsi də böhtandır. Ümumiyyətlə, düşmənlərimiz həmişə Ordumuza qarşı şər - böhtan kampaniyası aparır, dünya ictimaiyyətini yalan və böhtanla aldatmaq istəyirdilər. Xalqımız isə həm BMT - nin qətnamələrinin nə vaxt yerinə yetiriləcəyini, həm də beynəlxalq təşkilatların münaqişə ilə bağlı münasibətlərini səbrlə, 30 il gözlədi. Uzaqgörən siyasətçi, ulu öndərin ləyaqətli varisi, Azərbaycan Prezidenti İlham Əliyev nəyi nə zaman etməyi yaxşı bildiyindən, əsil vaxtında hərbi və əks - kəşfiyyat əməliyyatlarına göstəriş verdi. Əməliyyatların nəticəsi bu addımın düzgünlüyünü sübut etdi və yağı düşmən əlində inləyən torpaqlarımız ay yarımda işğaldan azad olundu.

Qarabağın işğaldan azad edilməsi ilə xalqımız və dövlətimiz üçün ikinci mərhələ – abadlıq, tikinti – quruculuq işləri başlandı... Hazırda gündəmdə olan bir nömrəli məsələ Qarabağda böyük quruculuq işlərinin aparılması, o cümlədən yerli əhalinin oraya böyük qayıdışıdır. Bu baxımdan Azərbaycan Prezidentinin sərəncam və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd”, eləcə də “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, yeni və müasir Qarabağın yaradılması ölkəmizin siyasi – iqtisadi həyatında mühüm tarixi hadisədir. Bu layihələr yeni texnologiyaya əsaslanan smart layihələrdir. Cənab Prezidentin iştirakilə Ağdamda həmin layihələrin təqdimatı və açılışı olub. Yaxın zamanlarda müasir “ağıllı şəhər” və “ağıllı kənd”, “yaşıl enerji” layihələrinin işğaldan azad edilmiş digər rayonlarda da açılışı olacaq.

Arzu Bağırova iyunun 15 - də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa gəlişi, oradan Ermənistana və bütün dünyaya ötürdüyü mesajlardan söz açaraq dedi:

– Aparılan tikinti – quruculuq işlərilə Qarabağ zülmətdən qurtularaq nura qərq olacaq, rayonlar müasir şəhərə çevriləcək. Bu yolda qardaş Türkiyə də Azərbaycanın yanında olacaq. Azərbaycanla Türkiyə qardaşdır, dostdur, qonşudur, strateji müttəfiqdir, ölkələrimiz tam qarşılıqlı anlaşma içindədir. Ölkələrimiz arasında liderlərin atdığı qəti addımlar, münasibətlər örnəkdir. Azərbaycan – Türkiyə qardaşlığının, işbirliyinin bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirməsi olduqca yüksək dəyərə malikdir. Prezidentlər müxtəlif beynəlxalq tədbirlərdə həmişə öz ölkəsi ilə yanaşı qardaş ölkəyə birmənalı dəstəklə seçiliblər.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birliyi və həmrəyliyi, ictimaiyyətimiz üçün də, dünya birliyi üçün də örnəkdir. Bunu Milli Qurtuluş Günündə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bir daha təsdiq etdi. Strateji önəm daşıyan, işbirliyi sahələrini əhatə edən Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə siyasi – hərbi münasibətlər, iqtisadi və ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məsələlər öz əksini tapıb. Şuşada qardaşlığın rəmzi olan bəyannamənin imzalanması onu sübut etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır, ona dəstəkdir və bundan sonra da belə olacaq: qardaşlıq, dostluq davam edəcək. R.T.Ərdoğan Milli Məclisdəki çıxışı ilə də Azərbaycana qardaş olduğunu, bunu bütün dünyanın bilməsini bəyan etdi.

Şuşa Bəyannaməsinin imzalanması təbii ki, o torpaqlarda yaşayan azərbaycanlıların ürəyində bir ümid cücərtdi. Qarabağlılar uzun illərdir Vətən həsrəti ilə yaşayırdırlar. Odur ki, viran qalmış, dağıdılmış Vətənə, yurda deyil, yenidən qurulmuş Qarabağa qayıtmaq onlar üçün çox böyük, fövqəladə bir hadisə olacaq. İnanırıq ki, qısa müddət ərzində Qarabağda dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər əhalinin sevinclə öz yurdlarına qayıtmasına şərait yaradacaq. Nəhayət, orada həyat bərpa olunacaq, qaynayacaq! Bu ərazilərin əsl sahiblərinin Vətənə dönmələri ilə Qarabağ gündən – günə çiçəklənəcək, gülüstana çevriləcək.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

20 İyun 2021 00:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə