Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dost gəlişi bayram olur

Məlum olduğu kimi, bu il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik haqqında Bəyannamə imzalanıb. Xalqlarımızın gələcəyi üçün son dərəcə böyük əhəmiyyəti olan bu tarixi sənəd ölkə ictimaiyyətində dərin məmnunluq hissi yaradıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, qocaman yazıçı Solmaz Muxtarova bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

 

– Mən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Birgə Bəyənnamənin imzalanma mərasimini televiziyadan seyr edərkən, həmin an özümü dünyanın ən xoşbəxt insanı sanırdım. Zərrə qədər şübhə etmirəm ki, qəlbində Vətən sevgisi olan hər bir kəs o məqamda mənim yaşadığım sonsuz sevinc və qürur hisslərini yaşayıb.

Şuşa şəhəri xalqımızın ləyaqət və şərəf rəmzidir. Azərbaycan xalqı qırx dörd gün­lük Vətən müharibəsində külli Qarabağı və onun gözü olan Şuşanı düşməndən azad etməklə tarixi zəfər qazandı və bütün dünyaya göstəridi ki, Şuşa bizim döyünən ürəyimizdir, bundan sonra heç bir qüvvə bizi Şuşadan ayıra bilməz. Biz Şuşanı göz bəbəyi kimi qoruyub saxlamağa borcluyuq və bunu edəcəyik!

Bəli, biz bu gün qədim tariximizn ən şərəfli dövrünü yaşayırıq. Azərbaycanın şanlı qələbəsi ilə bugünkü və gələcək nəsillər əbədi fəxr edəcəklər. Bu parlaq qələbəni bizə uca Allahın lütfü ilə xalqımızın sevimli lideri, Ali Baş Komandan İlham Əliyev qazandırıb. Bir ana, bir qələm əhli və bir ziyalı xanım kimi möhtərəm Prezidentimə səmimi-qəlbdən eşq olsun deyirəm.

Bu qələbəni bizə həm də Şuşanın sıldırım qayalarında qeyri-adi hünər və qəhrəmanlıq dastanı yazan Azərbaycanın igid əsgər və zabitləri bəxş ediblər. Onların hər biri qarşı­sında baş əyirəm! Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizin tezliklə sağalma­sını arzulayıram.

Şuşanın hər bir azərbaycanlının qəlbində xüsusi bir yeri var. Mənə elə gəlir ki, dövlətimizin başçısı bu gözəl və bənzərsiz şəhəri xüsusi bir məhəbbətlə çox sevir. Bu fikir məni çox qürurlandırır. Cənab İlham Əliyev Şuşaya, həqiqətən bütün varlığı, qəlbi ilə bağlıdır.

Dövlətimizin başçısı bu qədim və gözəl şəhəri Azərbaycanın mədəniyyət mərkəzi elan edib. Bu gün Şuşa gözlərimizin önündə təkcə ölkəmizin deyil, bütün türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevri­lir. Bundan necə qürur duymamaq olar?! Əminəm ki, Şuşa bütün türk xalqlarını bir-birinə qırılmaz mənəvi tellərlə bağlayacaq.

Bu il iyunun 15-də qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ilə birlikdə Şu­şaya gəlməsi, hörmətli qonaqları burada Azərbaycan Prezidenti İlham Əliyevin və bi­rinci xanım Mehriban Əliyevanın çox səmimi qarşılaması məni dünyalar qədər sevindirdi. Ali qonaqlar Şuşanı ziyarət etməklə onu çox şərəfləndirdilər. Şuşa bundan sonra hər zaman qonaqlı-qaralı olacaq! Amin!

Mən indi ömrümün ahıl yaşındayam, artıq səksəni adlamışam. Onlarla bədii kitabın müəllifiyəm. Əsərlərimdə çox sayda vətənpərvər igidlərin obrazlarını yaratmı­şam. Mən bütün varlığımla xalqımın yağı düşməndən qisas alacağına inanırdım və Bö­yük Qələbəmizin şahidi olduğum üçün ürəyim indi çox rahatdır.

Son günlər sevimli oxucularım məndən tez-tez soruşurlar: Şuşanın fatehlərindən yazacaqsınızmı? Cavabım birmənalıdır: Əlbəttə, yazacağam! Onlar ən gözəl və yüksək sözlərə, tərifə və ehtirama layiqdirlər. Bu an qəlbimdən bir nida qopur: Yaşasın Azərbaycan-Türkiyə birliyi! Bəli, biz birlikdə güclüyük və daim belə olacaq!

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

20 İyun 2021 00:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə