Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qardaşlıq münasibətlərini yüksək zirvəyə qaldıracaq Bəyannamə

O gün, həmin məkan – Qarabağ növbəti tarixi hadisəyə şahidlik etdi: Türk dünyasının liderləri – Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan iki dost və qardaş ölkənin mütəffiqliyinin yeni səhifəsini yazdılar.

Azərbaycana, işğaldan azad olunmuş Füzuli və Şuşaya səfər edən iki dövlət başçısı bütün dünyaya birlik və bərabərliyin, sarsılmazlıq və həmrəyliyin növbəti əyani bəyanını ortaya qoydular. Bu həmrəyliyi hələ də gözü götürməyən dairələrə, fitnə-fəsad çevrələrinə əsl qardaşlıq və həmrəyliyin necə olduğunu növbəti dəfə nümayiş etdirdilər. Heç şübhəsiz ki, dostlar sevindi, düşmənlər isə məyus oldular.

 

2020-ci ilin 8 noyabr Qələbəsindən və 2021-ci ilin “Xa­rıbülbül” festivalından sonra göz bəbəyimiz, mədəniyyət ocağımız Şuşa, sözün əsl mənasında, növbəti qurtuluşunu, zəfərini yaşadı. İki türk lideri bir araya gələrək, “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi”nə tarixi möhürlərini vurdular.

Bəyannamədə də qeyd olun­duğu kimi, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Bu yardımın həcmi və for­ması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil oluna­caqdır.

Həmçinin, qeyd edildiyi kimi, tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasla­rı keçiriləcəkdir və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir. Bununla bərabər, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq, yenidən formalaş­dırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

Eyni zamanda, tərəflər minalan­mış ərazilərin təmizlənməsi əsas götürülməklə işğaldan azad edilmiş rayonlarda həyatın normallaşdırılma­sı istiqamətində qarşılıqlı fəaliyyəti dəstəkləyəcəklər. Bununla yanaşı, tərəflər Azərbaycan və Türkiyəni birləşdirən respublikamızın qərb rayonları ilə Naxçıvan Muxtar Res­publikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan–Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Fikrimcə, bu bəndlərin şərhinə, uzun-uzadı izahatı­na da ehtiyac qalmır. Bu sənəddə hər bir məqam açıq və birmənalı şəkildə əksini tapıb.

“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında – Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə “qal­dırır” – deyən Azərbaycan Preziden­tinin də bəyan etdiyi kimi, imzalanmış sənədin adı “Müttəfiqlik haqqında Bəyannamə”dir. Bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Yəni, biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır.

Qeyd olunduğu kimi, bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, id­man, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Türkiyə, Azərbaycan və Avropa üçün enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi göstərilir. Və onların arasında iki məsələ xüsusilə qeyd edilməlidir.

Birincisi, müdafiə sahəsində əməkdaşlıq, işbirliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan son­ra da bu, belə olacaq.

İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu, avtomo­bil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Eyni zamanda, qardaş ölkə Prezidentinin vurğuladığı kimi, bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Çünki atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Cənab Ərdoğan söylədi ki, azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olma­larının ən yaxın şahidiyik.

Qardaş ölkənin Prezidenti əlavə etdi: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uza­dılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusi­ya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”.

Türkiyə Cümhurbaşqanının bəyan etdiyi kimi, bu istiqamətdə atılacaq addımlarla regionumuz bir sülh bölgəsinə çevriləcək. Bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmama­sı ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normal­laşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik.

Bu ümidverici prosesin Azərbaycan ilə Ermənistanın imzala­dıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq.

Bəli, qısa zaman kəsiyində tarixi hadisələrə, zəfərlərə şahidlik edən Şuşamız türklüyün, Türk dünyasının, Azərbaycan -- Türkiyə qardaşlığının birliyində öz adını tarixə yazdır­dı, Şuşa həm də bir daha birlik və bərabərliyin, dostluq və qardaşlığın simvoluna çevrildi.

Biz hər dəfə növbəti qələbələrə zəfərlər fəth etdikcə Şuşa Bəyannaməsi göz önünə gələcək.

Şuşam, gözün aydın, bəyannamən mübarək olsun! Zəfərin, qələbən mübarək can Azərbaycan, canım Türkiyəm!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

20 İyun 2021 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə