Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici işlər naziri Türkiyədə bir sıra görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əl- Sabah ilə görüşüb.

Nazir Ceyhun Bayramov həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyi­ni qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparı­lan əməkdaşlığı yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər bölgədəki mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov münaqişədən sonra regionda möv­cud vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb.

Küveyt naziri ölkələrimiz ara­sında münasibətlərin tarixi köklərə əsaslandığını ifadə edib və qarşılıqlı yüksəksəviyyəli səfərlərin bu əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib. O, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər, həmçinin turizm, təhsil, yüksək texnologiya və kibertəhlükəsizlik sahəsində mümkün əməkdaşlıq imkan­ları ətrafında fikir mübadiləsi aparıblar.

* * *

Antalya şəhərində keçirilən Diplo­matiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanla­rın olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişədən sonra bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atı­lan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normal­laşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər nazi­ri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin stra­teji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Postmünaqişə dövründə regionda baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparıl­masının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə ma­raqlı olduğunu bildirib və bu xüsusda, Azərbaycan-Rumıniya Birgə Komis­siyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildö­nümünün qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfərə dəvət edib.

* * *

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Antalya Diplomatiya Forumu çərçivəsində Beynəlxalq Türk Akade­miyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.

Darxan Kıdırəli Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı təbriklərini çatdırıb. O, Bəyannamədə Beynəlxalq Türk Akademiyasının adının da əks olunduğunu böyük məmnuniyyətlə qeyd edib.

D.Kıdırəli Qarabağ və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı kitabların dərc edildiyi barədə məlumat verib.

Sonra o, “Qafqazlarda türklüyün izi” layihəsi çərçivəsində çap edilən atlas kitabın nüsxəsini nazir Ceyhun Bayra­mova təqdim edib.

Nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, genişmiqyaslı dağıntılar ilə bağlı qarşı tərəfə məlumat verib. Ceyhun Bayramov Heydər Əliyev Fondu tərəfindən dərc olunan Qara­bağa dair kitabı həmsöhbətinə təqdim edərək, xüsusilə azad edilmiş ərazilərdə tarixi, mədəni irsə vurulmuş ziyana diqqət çəkib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

* * *

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Qabon Respublikasının xarici işlər naziri Pako­me Moubelet Boupeya ilə görüşüb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və müharibədən sonra mövcud olan vəziyyətlə bağlı ətraflı məlumat verib. O, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın irəli sür­düyü təşəbbüslərin Qabon tərəfindən dəstəklənməsinə görə təşəkkürünü ifadə edib. Həmçinin nazir təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Qoşulmama Hərəkatına və İƏT-ə üzv ölkələrin tələbələrinin Azərbaycanda təhsil almaq imkanların­dan bəhs edib.

Nazir Pakome Moubelet Boupeya ölkəsinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Qarşılıqlı səfər mübadiləsinin əlaqələrin inkişafına müsbət təsir edəcəyi bildirilib.

Görüşdə, həmçinin iki ölkə arasın­da beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq do­ğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

19 İyun 2021 23:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə